XƏBƏRLƏR

ADU-da “Oğlumla söhbət” kitabının müzakirəsi keçirilib

10 iyul, 2019

İyulun 10-da Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə fakültəsinin təşkilatçılığı ilə şair, esseist və tərcüməçi Səlim Babullaoğlunun alman dilində çap olunmuş “Oğlumla söhbət” kitabının müzakirəsi keçirilib.

Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova  tədbir iştirakçılarını salamlayıb, qonağı universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, Səlim Babullaoğlunun "Oğluma söhbət" seçilmiş şeirlər kitabı Almaniyada, Köln şəhərində fəaliyyət göstərən "Pem Verlag" nəşriyyatında işıq üzü görüb.  76 səhifəlik kitaba müəllifin 30-dan artıq şeiri daxil edilib. Şeirləri alman dilinə ADU-nun Alman dili kafedrasının əməkdaşı Yusif Savalan və  Almaniyada  yaşayan azərbaycanlı yazıçı və naşir Orhan Aras tərcümə ediblər.

Müəllifin şeirlərində yer alan müasir çalarlar, rənglər və müşahidlər oxucunu düşündürə bilir, onu yeni dünyaların kəşfinə doğru aparır. Səlim Babullaoğlunun şeirləri sanki bir tablodur, bu tablonun rəngləri isə sadə və aydın sözlərdən ibarətdir. Oxucu bu şeirlərdə öz cizgilərini, həyat konturlarını və yaşantılarını görə bilir.

Nəşrdə yer alan bəzi şeirləri kitabın tərcüməçilərindən olan, Azərbaycan Dillər Universitetinin Alman dili kafedrasının əməkdaşı Yusif Savalan alman dilində səsləndirib.

Sonda müəllif tədbir iştirakçılarına təşəkkürünü bildirib. Tədbir müəllim və tələbələrin sualları ilə başa çatıb.