XƏBƏRLƏR

ADU-nun əməkdaşı Norveçdə ixtisasartırma seminarında iştirak edib

08 iyul, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Anar Rəhimov Norveçin Oslo Universitetində Norveç Xarici İşlər Nazirliyi və Oslo Universitetinin birgə təşkil etdiyi, Skandinaviyaşünas mütəxəssislər və Norveç dili müəllimləri üçün nəzərdə tutulan ixtisasartırma seminarında iştirak edib. 21 iyun-5 iyul 2019-cu il tarixlərində Oslo Universitetində baş tutan seminarlarda dünyanın 20-dən artıq ölkəsindən 50-ə yaxın skandinavşünas mütəxəssis iştirak edib.

Təşkilatçılar qarşıya əsas məqsəd kimi dünyanın müxtəlif ölkələrindən olan skandinavşünas mütəxəssiləri bir araya gətirmək, təcrübə mübadiləsi aparmaq, onları Norveçdə son illərdə təhsil, mədəniyyət və sosial və təhsil həyatında baş verən yeniliklərlə tanış etmək kimi məsələləri qoyublar. Eyni zamanda iştirakçılara Norveç dilinin, həyat və cəmiyyətinin tədrisində istifadə edilən yeni kitablar, dərsliklər və dərs ləvazimatları haqqında ətraflı məlumat verilib.

Əsas mövzusu “Təlim didaktikası” olan seminar 30 dərs saatından ibarət olub və mühaziəçilər “1-ci kurs tələbələrində şifahi nitq vərdişlərinin inkişafı”, “Pedoqoji fonetika”, “Rəqəmsal tədris metodları”, “Müasir dünyada xarici dil didaktikası” kimi mövzulara müraciət ediblər. İştirakçılara Oslo Universitetinin professorları ilə yanaşı Norveçin və dünyanın digər ali təhsil ocaqlarının nümayəndələri də müxtəlif mövzularda mühazirələr oxuyub, “workshoplar” təşkil edilib.

Seminarın sonunda iştirakçılara Oslo Universitetinin attestatları təqdim edilib.