XƏBƏRLƏR

Səfir Tural Rzayev ADU-nun “Səfir saatı” layihəsində qonaq olub

05 iyul, 2019

İyunun 5-də Azərbaycanın Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev Azərbaycan Dillər Universitetinin (ADU)  “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbə və müəllimləri ilə görüşüb.

ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla səfiri salamlayıb və onu universitetdə görməkdən məmnun olduğunu deyib. O, Tural Rzayevin Azərbaycan diplomatiyasının və söz sənətinin ləyaqətli davamçısı olduğunu bildirib:

“Tural Rzayev çox maraqlı həmsöhbətdir və mənə elə gəlir, görüş maraqlı alınacaq. “Səfir saatı” layihəsində biz adətən Azərbaycanda fəaliyyət göstərən səfirləri dəvət edirik. Demək olar ki, bütün səfirlər gəliblər və biz bu ənənəni bu il də azərbaycanlı səfirlərimizlə görüşlər şəklində davam etmək istədik. Çünki bizə elə gəldi ki, müəllimlərimizin də, tələbələrimizin də “Azərbaycan başqa bir ölkədən necə görünür?” sualının cavabına böyük ehtiyacı var”.

Səfir Tural Rzayev ilk öncə ADU rəhbərliyinə dəvətə görə təşəkkürünü bildirib və bu cür görüşlərin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Diplomat və yazıçı kimi tanınan T.Rzayev “Yad planetli” kitabı barədə məlumat verib,  topluya daxil olan hekayələri həyatda baş vermiş hadisələr əsasında yazdığını, satirik və fəlsəfi xarakter daşıdığını qeyd edib.

Daha sonra səfir Misirdəki diplomatik fəaliyyətindən danışıb, Azərbaycan və Misir arasında iqtisadi və ticarət əlaqələrinin müsbət yöndə inkişaf etdiyini deyib. Səfir eyni zamanda Misirin ictimai-siyasi həyatında baş verən hadisələr barədə də fikirlərini bölüşüb.

O, Qahirə, Ayn Şəms və Helvan universitetlərində Azərbaycan dilinin tədris olunduğunu diqqətə çatdırıb: “Ərəb tələbələrdən  100 nəfəri Ayn Şəms Universitetində, 50 nəfəri Helvan Universitetində, 70 nəfəri Qahirə Universitetində Azərbaycan dilini öyrənir.Bununla bərabər Ayn Şəms və Helvan Universitetlərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılması nəzərdə tutulur”.

Səfir Xalq yazıçıları Kamal Abdulla, Çingiz Abdullayev və Anarın kitablarının Misirdə çap olunduğunu bildirib, 20 yanvar faciəsi ilə bağlı kitabın çap olunması ilə əlaqədar işlərə başlanıldığını söyləyib.

Görüşün sonunda diplomat iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, Tural Rzayev müxtəlif illərdə Liviyada və Suriyada tərcüməçi, Azərbaycan Mədəniyyət Fondunda Xarici Əlaqələr şöbəsinin müdiri, Xarici İşlər Nazirliyində attaşe, AZƏRTAC informasiya agentliyinin Türkiyə və Yaxın Şərqdəki nümayəndəsi, Azərbaycan Respublikasının Türkiyə və Rumıniya Respublikalarındakı səfirliklərində müşavir, Azərbaycan Respublikasının Küveyt Dövlətindəki fövqəladə və səlahiyyəli səfiri kimi fəaliyyət göstərib.