XƏBƏRLƏR

Fransız dilinin tədrisinə həsr olunan dəyirmi masa keçirilib

25 iyun, 2019

Hazırda ölkəmizdə siyasi, iqtisadi, mədəni və digər sahələrdə aparılan islahatlar xarici dillərin öyrənilməsi və öyrədilməsi məsələsini daha da aktuallaşdırır. Respublikamızda  mövcud olan bütün orta və ali təhsil ocaqlarında müxtəlif xarici dillər tədris edilir. Digər ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da hal-hazırda ingilis dili dominant dildir. Azərbaycanda hər zaman tədris olunan fransız və alman dillərinin seçimində isə son dövrlərdə zəifləmə müşahidə olunur. Bu narahatçılıqdan çıxış edərək Azərbaycan Dillər Universitetinin (ADU) Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Gülnarə Sadıxovanın təşəbbüsü və kafedranın professoru Çəmən Babaxanovanın təşkilatçılığı ilə iyun ayının 18-də Azərbaycanın müxtəlif bölgələrində fransız dilinin tədrisinin vəziyyəti və mövcud problemlərə həsr olunmuş dəyirmi masa təşkil edilib.

Dəyirmi masada Fransız dilinin leksikologiyası və üslubiyyatı və Fransız dilinin fonetikası və qrammatikası kafedralarının müəllimləri, respublikanın müxtəlif bölgələrinin, o cümlədən Qəbələ, Goranboy, Qazax, İsmayıllı, Kürdəmir rayonları və Bakı məktəblərinin müəllimləri, Təhsil Nazirliyinin şöbə müdiri Ənvər Abbasov, Təhsil Nazirliyinin Resurslar söbəsinin müdir müavini Elxan Əliyev, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin aparıcı mütəxəssisi Könül Həsənova iştirak ediblər.

Görüşdə Gülnarə Sadıxova fransız dilinin dünyada əhəmiyyətindən, Azərbaycan – Fransa əlaqələrindən danışıb, Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın bu əlaqələri daima xüsusi diqqət mərkəzində saxladıqlarını vurğulayıb. O, böyük təəssüf hissi ilə qeyd edib ki, ingilis dili fransız dilini üstələyir və bir çox məktəblərdə fransız dili dərsləri ingilis dili dərsləri ilə əvəz olunur: “Bu tendensiya ADU-ya daxil olan tələbələrin dil səviyyəsində öz mənfi əksini tapır. Belə ki, fransız dili ixtisasına daxil olan tələbələrin əksəriyyəti ingilis dilində baza bilikləri ilə universitetə gəlirlər. Bu hal isə tədris prosesində spesifik ləngimələrə səbəb olur. Məktəblərdə fransız dilinə maraq yaratmaq üçün müxtəlif səpgidə təbliğatlar aparmaq lazımdır, fransız dilinin əhəmiyyətindən, gələcəkdə şagirdlərin həyatında yarada biləcəyi perspektivlərindən danışmaq lazımdır. Lazım olsa biz universitet müəllimləri olaraq özümüz bu təbliğatı rayon məktəblərində aparmağa hazırıq. Müəllimlərin təkmilləşdirmə kurslarını, yeni məktəb dərslikləri ilə dərs keçən müəllimlərin hər hansı bir çətinliyi varsa, onlara müəlliflərin treninqlərini təşkil edə bilərik. Mən bu fikri əminliklə deyirəm, çünki universitetimizin rektoru akademik Kamal Abdullanın artıq həyata keçirdiyi islahatlar buna imkan verir. Artıq iki ildir bizim tələbələr pedaqoji təcrübələrini Azərbaycanın müxtəlif bölgələrində keçirlər. Bu prosesə fransız dilini də qoşmaq lazımdır”.

Tədbirdə ADU-nun fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri Ülfət İbrahim, Fransız dilinin fonetikası və qrammatikası kafedrasının dosenti Rəfiqə İsayeva, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının filologiya üzrə fəlsəfə doktoru Aygün Məqami, Frankofoniya, fransız dili və mədəniyyəti mərkəzinin mütəxəssisi Jalə Salmanova məruzələrlə çıxış ediblər və fransız dilinin tədrisinin əhəmiyyətindən danışıblar. Aygün Məqami ADU-da Fransız dili kafedralarının fəaliyyətindən bəhs edərək, hər il universitetdə müxtəlif səpgidə tədbirlərin təşkil olunmasından, bu tədbirlərdə Fransa və digər frankofon ölkələrin səfirlikləri  və diplomatlarının iştirak etdiyini, bu tədbirlərə məktəb şagirdlərinin də cəlb olunduğunu qeyd edib.

Fransız dilinin fonetikası və qrammatikası kafedrasının dosentı Rəfiqə İsayeva əvvəllər fransız dilində təhsil almaq istəyən abituriyentlərin sayının çox olduğunu diqqətə çatdırıb: “Fransız dili fakültəsi də mövcud idi və bu fakültə bir çox görkəmli şəxslər yetişdirmişdir. Ölkəmizin Baş naziri, professor Novruz Məmmədov, Milli Məclisin deputatı Cavanşir Feyziyev kimi şəxsiyyətlər buna nümunədirlər.”

Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri professor Ülfət İbrahim çıxışında fransız dilinin dünyanın aparıcı dillərindən biri olduğunu söyləyib və bu dilin öyrənilməsinin perspektivlərindən söz açıb: “Fransız dili yalnız Fransa deyil, Belçika, İsveçrə, Kanadadır. Bu gün frankofoniya təşkilatında 60-dan çox ölkə fransız dili və mədəniyyəti ətrafında birləşib. Fransız dilini öyrənmək bu 60 ölkəyə inteqrasiya etmək deməkdir. Fransız dili dünyada çox öyrənilən dillərdən biridir. Bu dil diplomatiya dilidir. Buna görə də, fransız, alman dillərinin məktəblərdə məhdudlaşdırılmasının qarşısını almaq üçün tədbirlər görmək lazımdır”.

Frankofoniya, fransız dili və mədəniyyəti mərkəzinin mütəxəssisi Jalə Salmanova mərkəzin universitet həyatında rolundan, müəllim və tələbələrə verdiyi töhfələrdən söhbət açıb: “Bizim universitet 2015-ci ildən Beynəlxalq Frankofoniya Təşkilatına üzvdür. Təşkilatın xətti ilə hər il müəllimlərimiz xaricə getmədən ixtisasartırma kurslarında iştirak edirlər. Eyni zamanda hər il müsabiqə yolu ilə tələbələr Fransaya və ya digər fransızdilli ölkələrə pedaqoji təcrübəyə göndərilirlər. Bu il də 2 tələbəmiz Fransanın Ruan və Monpölye şəhərində pedaqoji təcrübələrini tamamlayırlar. Şagirdləri universitetimizdəki mərkəzin bu fəaliyyətləri ilə tanış etməklə onlarda fransız dilinə maraq oyatmaq olar”.

ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov çıxışında bildirib ki, bu gün əmək bazarı özünün spesifik qanunları ilə inkişaf edir: “Xarici dillərin öyrənilməsi bugünkü həyat tələbatıdır. Bu fonda fransız dilinin öyrənilməsinin və təbliğinin ayrıca əhəmiyyəti vardır. Digər tərəfdən Fransız dili digər ixtisaslara da yol aça bilər. Bu gün təşkil olunan bu dəyirmi masa da universitetimizin həyata keçirdiyi təhsil proqramlarının vacib tərkib hissəsidir və buna görə mən təşkilatçılara öz təşəkkürümü bildirirəm”.

Çıxış edən məktəb müəllimləri məktəblərdə qarşılaşdıqları problemləri, o cümlədən dərs saatlarının və dərs vəsaitinin çatışmazlığı, fransız dili siniflərinin bağlanması, valideynlərin ingilis dilinə üstünlük verməsi, fransız dilinin ikinci dil kimi bərpası, artıq açılmış siniflərin isə bağlanmasının qarşısının alınması, məktəblərin dərslik ilə təmin olunması, ikinci dil sinifləri üçün dərsliklərin hazırlanmasını və s. bildiriblər.  

Təhsil Nazirliyinin Resurslar şöbəsinin müdir müavini Elxan Əliyev müəllimləri narahat edən məsələlərin nazirliyin aidiyyatı şöbələrinə bildirəcəyini vurğulayıb.

Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov çıxışında qeyd edib ki,  hazırkı təhsil sisteminə əsasən məktəblər ictimailəşir, müstəqilləşir və müəllim strandartla öz dərsini təşkil etməlidir.

Sonda Gülnarə Sadıxova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz ana dili haqqında fikrini xatırladıb: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Bu dəyirmi masanın da məqsədi təkcə fransız dilinin təbliği deyil, eyni zamanda özümüzün fransızdillilərə tanıdılması və təbliğidir, çünki “dil böyük bir aləmdir”.

Kəmalə Kərimova,

Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi