XƏBƏRLƏR

Heydər Əliyev Azərbaycan xalqının iradəsinin ifadəçisidir

14 iyun, 2019

Azərbaycan xalqının təqvim bayramları sırasında özünün xüsusi çəkisi ilə fərqlənən 15 iyun həm də tarixi əhəmiyyətə malik böyük ictimai və siyasi bir gündür.

1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikası ikinci dəfə öz dövlət müstəqilliyini elan etdi. Amma böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu zaman ölkənin idarəçiliyində xalqı öz arxasınca apara biləcək bir başçının olmaması Azərbaycanın müstəqilliyi üçün təhlükə yaradırdı. Məhz bu zaman xalqın iradəsi və ürəyinin səsi ilə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı tələb edildi.

Bu xaoslu dövrü H.Əliyev belə təsvir edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki, Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi – strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı.”

Xalqın taleyinə biganə qalmayan və onun çağırışına səs verən Ulu öndər 1993 – cü ilin 9 iyununda Bakıya qayıtdı və iyun ayının 15-də isə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsinə razılıq verdi. Bu razılıq parlamentdə ona edilən təkidli xahişlərin və ən əsası xalqının israrla ondan etdiyi istəklərin nəticəsində əldə edildi.

Elə bu gəlişi ilə də o özünün tarixi qayıdışını təqvimimizə bayram kimi həkk edə bildi. Çünki məhz Heydər Əliyevin qayıdışı ölkəmizi anarxiyadan, dağılmaqdan xilas etdi. Bu qayıdış dünyaya və ən əsası olaraq Azərbaycan xalqına yenidən bizim kimliyimizi sübut etdi. Onun qayıdışından sonrakı illər ərzində tərəqqi, inkişaf, islahatlar, saysız – hesabsız quruculuq – abadlıq işləri görülüb. Onun qayıdışı daha da güclənən, müstəqilliyini və haqqını tələb edən, müdafiə edən Azərbaycan fenomenini yaratdı və bu inkişafla da xalqımız “böyük şəxsiyyət”, “müdrik rəhbər”, “ulu öndər” kimi ifadələrlə öz qəhrəmanını, oğlunu xarakterizə etməyə başladı.

15 iyun – Qurtuluş günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997–ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin bu qərarı tarixi qərar adlandırıldı və bu qərar belə ifadə edildi:

“Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu sözün əsl mənasında “ömrünün qalan hissəsini də xalqıma qurban verirəm”deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallaşdı, çünki o milli dövlətçiliyimizin konsepsiyasını yaratdı.

“Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz.”

Bu fikirlər ulu öndərin əzmkarlığının, qətiyyət və iradəsinin nəticəsi idi. Bunlar böyük həyati və siyasi təcrübəyə malik olan Heydər Əliyevin uzaqgörənliyi və özünəinamının təcəssümüdür.

15 iyun artıq neçə illərdir ki, rəsmi bayram kimi qeyd edilir və bu gün Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirilir. Bu illər ərzində ümummilli liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmişdir. Azərbaycan öz xilaskarının sayəsində məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir. Ümummilli liderin apardığı ağıllı siyasət nəticəsində xalqın hakimiyyətə inamı bərpa olundu. Vətənpərvərlik, azərbaycançılıq ideyaları, milli həmrəyliyin yaradılması və gücləndirilməsi istiqamətində də ardıcıl addımlar atan müdrik siyasətçi dünyanın bütün yerlərində yaşayan soydaşlarımızın öz Vətənləri ilə bağlarını daha da gücləndirmək və eyni dil, eyni əqidə, eyni iş birliyi uğrunda birlikdə mübarizə aparmaq üçün bir araya gəlmələri məqsədilə Bakıda Dünya azərbaycanlılarının qurultaylarını təşkil etməyə başladı.

Ümumilikdə Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sözün həqiqi mənasında qurtuluş idi. Məhz, bu möhtəşəm qayıdışın bəhrəsi olaraq xalqımız XXI əsrdə yeni bir Azərbaycanda yaşayır. Eyni zamanda hüquqi, demokratik, konkret strategiyalara malik və quruculuğun, həmrəyliyin, dünyada sülhün və əmin – amanlığın ən böyük tərəfdaşı kimi mübarizə aparan bir güclü dövlətin vətəndaşı olmaq qürurunu yaşayır.

Heydər Əliyevin siyasətinin uğurlu davamçısı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkəmizdə sosial-iqtisadi inkişafa, infrastrukturların inkişafına dəstək, ölkə əhalisinin maddi və mənəvi rifahına dəstək olan vətənpərvər bir insan kimi öz ölkəsinin və xalqının təəssübünü çəkdiyini daima öz işi, əməli ilə təsdiq edir:“Azərbaycan müasir güclü dövlətə çevrilmişdir. Bunu etmək üçün bizim bütün imkanlarımız var; həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri”.

“Müstəqillik rəmzləri ilə ölçülmür. Müstəqillik o deməkdir ki, dövlət və ölkənin rəhbərliyi öz xalqının maraqlarına tam cavab verən müstəqil siyasət aparmaq iqtidarında olsun.”

Bu qətiyyətli sözlər Azərbaycan Respublikasının rəhbərliyinin əmin əllərdə olmasına işarət edir.

 FİKRƏT CAHANGİROV

Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin dekanı,

Filologiya elmləri doktoru, professor