Azərbaycan xalçalarına böyük maraq var- Muzeydən reportaj

Xalçaçılıq kənd daxmalarında yaranan və zaman ötdükcə incəsənətin ən mühüm növlərindən birinə çevrilən sənətdir. Xalçaçılıq bir mədəniyyətdir. Yazılı mənbələrə əsasən xalçaçılıqla hələ tunc dövründə, yəni e.ə II minilliyin sonu – I minilliyin əvvəllərində məşğul olublar. Azərbaycanda tapılan ən qədim xalı isə 2500 il bundan əvvələ aid Qarabağda toxunmuş Bərdə (saqa-oğuz) xalısıdır. Hətta qədim Quba, Gəncə, Qazax, Naxçıvan, Urmiya xalçaları da öz naxışları, xovlu və xovsuz olmalar ilə fərqləniblər. Xalçaçılıq sənəti o qədər geniş və mürəkkəb sahədir ki, hər incəliyi haqqında məlumat vermək çətin olur.
Bu sənətin müasir dövrdə yeri və ona olan marağı əyani şəkildə müşahidə etmək üçün Azərbaycan Dövlət Xalça Muzeyinə yollandım. Qeyd edim ki, Xalça Muzeyi ixtisaslaşmış muzeydir. Bükülmüş xalçanı xatırladan binanın təməli 2008-ci ilin mayında Dənizkənarı Milli Parkda qoyulub. Bina Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və YUNESKO-nun birgə layihəsi əsasında tikilib.
Girişdə ziyarətçiləri ilk mühafizə xidməti qarşılayır. 1-ci mərtəbədə şəffaf şüşə arxasında müxləlif növ akssesuarlar: yundan toxunan şallar, çantalar, ipəkdən toxunan kəlağayılar, yun əyirmək üçün cəhrə, daraq, hana və s. var. Muzeydə qədim dövrlərdən bu günə qədər 8 növ - Palaz, Cecim, Ladı, Kilim, Şəddə, Vərni, Zili, Sumax xalçaları sərgilənir. Bura gələn qonaqlar xalçaların yalnız şəkillər ilə deyil, üzərindəki məlumat lövhələrilə də maraqlanırlar.
Diqqətlə eksponatlara baxan Xədicə, Fatimə və Cəmilə bacılarına yaxınlaşıb təəssüratlarını soruşdum: “Muzey çox gözəldir, kefimiz isə əladır, xalça toxumağı bacarmırıq, amma öyrənmək istəyərik”.
Muzeyin işıqlandırılması akustikanı o qədər maraqlı edir ki, xalçanın üzərindəki rəngli naxışları rəsm əsərinə oxşadırsan.
Xalça Muzeyinə ilk dəfə səfər edən Sədaqət xanımın ilkin təəssüratları isə muzeyin dizaynla və qədim ornamentlərlə tikilişdə olması ilə bağlı oldu. O, “Xalça toxumağı xoşlayıram. Bunu mənə rəfiqəm örədib.” – deyə bildirdi.
Xalçaçılıq sənəti o qədər zəngin və maraqlı sənətdir ki, hər yaş qrupu bu sahədə az da olsa, məlumatlıdır. Müsahibim tələbə İlkanə xanım bu sahənin hələ Qarabağ və Şəki Xanlığı dövründə inkişaf etdiyini və xalçanın milli atributlarımızdan olduğunu bildirdi.
Muzeylə tanışlıq zamanı mühafizə sahəsində kişilərdən çox qadınların olması diqqətimi çəkmədi desəm, yalan olar. Hər mərtəbəni 5-6 xanım mühafizə edir. Mühafizəçi Südabə xanımın fikirləri belə idi: “Gördüyünüz kimi hər şey yüksək səviyyədədir, qonaqlarımız çoxdur. Ruslar, ərəblər, yerli tələbələr, məktəblilər, yaşlı nəsil ziyarət edirlər. Əgər nəzarətimiz güclüdürsə, qaydalara əməl etməməyə haqları yoxdur’’.
Toxucu hanalarındakı (dəzgahlarında) xalçaçı xanımlar gələn ziyarətçiləri cəlb edirdilər. Qonaqlar 3-5 dəqiqə də olsa dayanıb toxuma qaydalarına baxırdılar. Mənə də maraqlı gəldi. Yaxınlaşıb baxdım. Xalçanın necə ərsəyə gəlməsini soruşdum. 1981-ci ildən Azərxalça Elmi Yaradıcılıq İstehsalat Birliyində əmək fəaliyyətinə başlamış və 2011-ci ilə qədər orada bu sahədə çalışan Rəna Süleymanova hanada edəcəklərindən danışdı: “Toxumağa başlamazdan əvvəl hananın işlək olması lazımdır. Hanada toxumanın eskizinə, çeşnisinə uyğun ərişipləri vurulur. Ərişipləri vurulduqdan sonra kücü sayəsində ilmələri bir birinə birləşdirilir. Toxuma başa çatdıqdan sonra sapları kəsilir və hazır hala gətirilir. Onu da qeyd edim ki, böyük xalça ustadı Lətif Kərimovun xalçaçılıq sahəsində adını qeyd etmək lazımdır. Toxuma zamanı qoyun yunu əyirib sap halına gətirməliyik. Xalçanın üzərindəki şəkillərin də öz mənaları var. Ən çox “Buta” şəkli olur. Butalar adi, sadə və mürəkkəb növə bölünürlər. Şərq üslubunda incəsənətin bir növüdür. Bizim milli atributumuzun bir qolu da Şərq mədəniyyətinə gedib çıxır. Bizim xalçalarımız dünyanın bütün ölkələrində sərgilənib. Bir çox muzeylərdə sərgilənməkdədir. Məsələn, Kələbə Xalçası, Şeyx Səfi Xalçası Londonun Viktoriya və Albert Muzeylərində, Macarıstanın Muzeylərində, Fransanın məşhur Luvr Muzeyində, Almaniyada xalçalarımız qorunub saxlanılır və sərgilənir. Çox sevindirici haldır ki, sizin kimi gənclərimiz bu sənəti unutmayıblar, maraqlanırlar. Bizə bu nadir sənət keçmişdən qalıb. Bizim də borcumuzdur ki, bir azərbaycanlı kimi bu sənəti gələcək nəsillərə ötürək.’’ - deyə, fikrlərini tamamladı.
Sonda mən də Rəna xanıma bu dəyərli məlumatları bizimlə bölüşdüyünə görə dərin təşəkkürümü bildirərək ayrıldım.
Qeyd edim ki, muzeyə giriş həftə içi 10:00-dan 20:00-dək, həftə sonu 10:00-dan 19:00-a kimidir. Bazar günü istirahət günüdür.
Nuranə İsmayılova. ADU-nun tələbəsi