XƏBƏRLƏR

ADU-da 28 May – Respublika Gününə həsr olunan tədbir keçirilib

29 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Psixologiya kafedrasının dosenti Əzim Əliyev və 105 a-b qrup tələbələri “28 May - Respublika Günü” adlı tədbir keçirib.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Əzim Əliyev öz çıxışında  Respublika Gününün Azərbaycanın dövlət müstəqilliyi günü kimi qeyd olunaraq, xalqın XX əsrdə qazandığı nailiyyətlərlə bağlı bir gün olduğunu diqqətə çatdırıb: “Şübhəsiz ki, XX əsrin sonlarında ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı demokratik, müstəqil Azərbaycan dövlətinin qorunması, möhkəmləndirilməsi 1918-ci ildə əldə etdiyimiz uğurların əbədiyyətə qədər davam etməsinə səbəb olaraq dönüş yaratdı. Bu günün tarixi yaddaşlarda yaşanması,  gənc nəsillərinə tanıdılması, eləcə də, Azərbaycanı sevən, istəyən dost ölkələrə tanıtması bizim bir dövlət, bir millət olaraq tariximizə xidmət edəcək işlərdən biridir. Təkcə bayram etmək yox, həm də o ənənələri yaşatmaq, inkişaf etdirmək, Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyümüzü təmin etmək, məhz Heydər Əliyev ideyalarına sədaqətimizin bilavasitə əməli təsdiqi olar”. Daha sonra tələbələr müstəqilliyin tarixi gedişatı barədə çıxış ediblər.