XƏBƏRLƏR

Dərəçiçək mahalının şair övladı - Sabir Mustafa - 80

10 iyun, 2019

Dərəçiçək mahalı İrəvan xanlığının ən dilbər guşələrindən biri olmuşdu. Göz oxşayan dağlar, meşəliklər, füsünkar təbiəti, min bir rəng açan çiçəkləri. Dərəçiçək mahalından söhbət düşərkən həsrət dolu kövrəkliklə xatırladığım İrəvan yaxınlığındakı Zəngibasar mahalının Yuxarı Necili kəndində məktəb direktorum olmuş gözəl şair, tərcüməçi İbrahim Xəlilovun bir söhbətini xatırlayıram.

      İ. Xəlilovun dediklərindən: “1957-1958-ci illərdə professor Mehdi xan Erivanski bizə İrəvan Pedaqoji İnistitutunda Qədim Şərq tarixindən dərs deyirdi. Bir gün yay aylarında imtahandan sonra İrəvanın təxminən 25-30 km-də yerləşən Dərəçiçəyə getdik. Xoş bir məclisdən sonra Mehdixan müəllim oturmuş vəziyyətdə əli ilə ətrafdakı təpələrin üstündəki sarayları göstərib dedi: “Bunlar babalarımın mülkləridir. Yay aylarında gəlib burada dincəlirdik”.

        Dahi sənətkar, xalq yazıçısı İsa Hüseynov (Muğanna) əslən bu mahaldandır. Mənim keçmiş müəllimim, fəlsəfə elmləri namizədi, Amerika yazıçısı İrvinq Stounun “Yaşamaq yanğısı” romanını dilimizə çevirmiş mərhum Fərhad Qəmbəroğlu Əliyev də, hazırda Azərbaycan Dillər Universitetində çalışan dos. Rəfiqə İsayeva və tanınmış şair, tərcüməçi, dosent Sabir Mustafa da Dərəçiçək mahalında dünyaya döz açmışlar.

      Sabir Məmməd oğlu Mustafa 1939-cu il iyun ayının 22-də Dərəçiçək mahalının Təpəlik kəndində anadan olmuşdur. 1948-ci ildə deportasiyaya məruz qalan bu ailə Saatlı rayonuna köçdükdən bir müddət sonra Qazax rayonunun Göyçəli kəndində məskunlaşmışdır. Orta təhsilini burada aldıqdan sonra M.F.Axundov adına ADPXDİ-nin ingilis dili şöbəsində təhsilini davam etdirmişdir (1959-1964). Əmək fəaliyyətinə Zaqatala rayon Mamaqabinə kənd orta məktəbində başlamışdır. Sonra Bakıya köçmüş Suraxanı qəsəbəsindəki 56 nömrəli axşam məktəbində müəllimlik etmişdir (1967-1968).

      1962-ci ildə ilk şeiri dövrü mətbuatda dərc ediləndən sonra bədii yaradıcılıqla məşğul olmağa və ingilis ədəbiyyatını orijinaldan dilimizə tərcümə etməyə başlamışdır. S.Mustafa 1968-1972-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında redaktor-tərcüməçi, Sularda Xilsaetmə Cəmiyyəti Respublika Şurasında kütləvi işlər və təbliğat şöbəsinin rəisi (1972-1978) vəzifələrində çalışmışdır. “Yazıçı” nəşriyyatında bədii tərcümə redaksiyasının redaktoru olmuşdur (1978-1991). 1991-ci ildən bu günə kimi Azərbaycan Dillər Universitetinin ingilis dilinin tərcüməsi kafedrasında müəllim işləyir.

      Sabir Mustafayevin müxtəlif illərdə “Daha uşaq deyiləm” (1973), “Meh əsəndə” (1980), “Hədiyyə” (1982), “Məhəbbət ölmür” (1986), “Mən bu elin oğluyam” (1989), “Mənim Taleyim” (1991) və bir çox şeirlər kitablarının müəllifidir. Məhəbbət, Vətən sevgisi, yurd yanğısı, dostluq, sədaqət şairin şeirlərinin əsas qayəsini təşkil edir. Onun son illərdə nəşr etdirdiyi “Türk sonetləri” şeirlər kitabı ədəbi ictimaiyyət arasında geniş əks-səda doğurdu.

      Ancaq bir həqiqəti etiraf etmək lazımdır ki, Sabir Mustafa respublikanın ədəbi mühitində daha çox tərcüməçi kimi tanınmış, özünü təsdiq etmişdir. Onun müxtəlif illərdə ingilis dilində tərcümə etdiyi Frank Baum “Öz ölkəsinin möcüzələri” (1980), Vilyam Şekspir “ Sonetlər” (1980), “Uzaq ellər, doğma nəğmələr” (1986), Vilyam Şekspir “ Sonetlər” (1982), Vilyam Şekspir “ Pyeslər” kitabları dilimizdə işıq üzü görmüşdür.

      Uzun müddət Azərbaycan oxucusu elə bilirdi ki, Şekspir faciələrini nəsrlə yazmışdır. Çünki indiyə kimi ingilis dramaturqunun bu məşhur faciələri dilimizə nəsrlə tərcümə olunmuşdu. S.Mustafa Şekspir faciələrini orijinalda olduğu kimi nəzmlə tərcümə etdi. O, Şekspirin beş ən məşhur faciəsini “Hamlet”, “Otello”,  “Romeo və Culyetta”, “Kral Lir” və “Maqbet” dilimizə şeirlə çevirməklə bir həqiqəti aşkarladı. Mən dəfələrlə fransız ədəbiyyatına dair yazdığım əsərlərdə S.Mustafanın Tərcümələrindən istifadə etmişəm. Məs: “Zairə” faciəsinin təhlilində Orosmanla Otellonu müqayisə olunarkən Otello ilə Dezdemona surətləri təqdim olunmuşdur:

Otello: - Bu axşam bir söylə yatmış ülkərim,

Dua etmisənmi?

Dezdemona: - Bəli sərvərim.

Otello: - Günahın qalıbsa, bunun üçün də

Allah qarşısında, Tanrı önündə

Dua et, tezliklə günahını yu.

Dezdemona: - Sənin fikrin nədir, nə deməkdir bu?

Otello: - Di başla, dua et, durma bir an da

Cəld ol, gözləyirəm səni bu yanda.

S.Mustafa Şekspirin sonetlərini tərcümə edib, dəfələrlə nəşr etdirmişdi. Şekspirin məşhur 66-cı sonetində bəhs edən tədqiqatçılar yazırlar ki, şairin bu sonetin kimə aid olması orijinalda bəlli deyildi. Ancaq T.Əyyubov bu sonetin tərcüməsində onu dostuna aid etmişdir.

Hara baxsan rəzalət, göyə qalxıb yüksəlir.

Ancaq səni atmağa, əziz dost heyfim gəlir.

Şair-tərcüməçi Ənvər Rza onu sevgilisinə aid etmişdir.

Ancaq S.Mustafa onu orijinalda olduğu kimi saxlamışdır.

Ölüm istəyirəm, çarə budur bax

Səni tək qoymağa qıymıram ancaq.

Sabir Mustafa ilə tez tez zəngləşib hal əhval tuturuq. Mən ona zəng edən kimi dahi Səməd Vurğunun, şair Adil Babayevin –

Daddımsa aləmin hər nemətini

Dilbər güşələrdə ötdüsə ömrüm,

Dünyanın ən böyük səadətini

Bu boylu çinarın altında gördüm.

şeirindən epiqraf gətirib, ona müraciət etdiyi misralarla salamlayıb,

Şair!  nə incidir rübabın sənin,

Uçurdu ruhumu  çaldığın bu saz

və sonra bir birimizdən hal-əhval tuturuq.

      O isə mənə zəng edən kimi 65 illik yubileyimə həsr etdiyi “O, Əsgərdi” şeirinin sonuncu bəndi ilə sözə başlayır.

Heykəl gördüm İrəvanın önündə

Pak diləyim tunc heykələ dönmüşdü

Evindəydi didərgin də, köçkün də

Nəfs atəşi yer üzündə sönmüşdü

Ulu Tanrım, bu heykəli tez göndər

O, Əsgərdi, o, Əsgərdi, o, Əsgər

Biz zəngləşib söhbət edəndə, həmişə özümüzdən asılı olmayaraq, İrəvan xanlığı ərazisinə - Dərəçiçək mahalına,  Zəngibasar, Vedibasara eyni zamanda ədəbiyyata, tərcüməyə, poeziyaya qayıdırıq.  Bəzən söhbətimiz bir saatdan da artıq çəkir. Hər telefon söhbətimizdə o, özünün yenicə yazdığı iki-üç şeirini oxuyub mənim fikrimi öyrənmək istəyir.

İnsan yaşa dolduqca, doğulub göz açdığı yerləri daha çox xatırlayır. Öz elinə, yurduna bağlı olan şair tərcüməçi Sabir Mustafa da həmçinin. Sabir Mustafa bir çox poemaların müəllifidir. “Arazın fəryadı”, “Məhəbbət ölmür”, “Türk ömrü”, “Ruhlar danışır”, “Qayıdış” və s. Ancaq şairin“ Vətəndən vətənə” poemasını ayrıca qeyd etmək lazım gəlir.

 “Dərəçiçək – qədim, gözəl Türk eli, Türk cocuğu mən də burda doğuldum. Kükrədikcə dərələrin gur seli, zivələrdə at oynadan oğuldum” – deyən Sabir Mustafa sonra da bu yerləri incəlikləri ilə təqdim etməyə çalışır.

Koroğlu dağında Koroğlu zəhmi

Gözəl Altun dağda Nigar hüsnü var

Dilbər Düz çalada bir Sona rəhmi

Güllü Dərəyurdda sədaqət, ilqar.

Dərəçiçək mahalından kövrəkliklə danışan şair, QərbiAzərbaycandakı yaşı bilinməyən tarixdən, azərbaycanlıların yaşadıqları yerləri həsrətlə xatırlayır.

Mehrim, Zəngəzurum, Zərgibasarım

Gözəllər gözəli qu quşu Göyçəm

Vedim, İrəvanım, Qorçulum, Zarım

Zümrüd Göyçə gölüm – şərbət dolu Cəm

       Ancaq bütün bunlarla yanaşı öz tərcümələrilə dünyanın böyük, əvəzsiz sərvətini xalqımıza bəxş edən Sabir Mustafanın qəlbində böyük, bütöv birAzərbaycan var.

Oğuz diyarının Axta bölgəsi

Təkəlik kəndində nurdan biçildim

Qəlbimdə bütövdü Odlar ölkəsi

Mən nə xırdalandım, nə  də kiçildim

deyən şair –

Qəlbim için-için ağlayır hər an

Axtarır, arayır haqqın səsini

Ərdəbil, Borçalı, Dərbənd, İrəvan

Azəri türkünün dörd qitəsini,

BütövAzərbaycan xəritəsini

sözləriilə fikrini tamamlayır.

      Şairin yaracılığında “Türk sonetləri” xüsusi yer tutur.  Adətən Avropada yaranan bir çox şairlərin sonetləri    4 + 4 + 3+3 bəndləri şəklində yazılıb, eləcə də tərcümə olunmuşdur.  Ancaq Sabir Mustafa Şekspirin sonetlərini    4 + 4 +4+ 2 bəndləri ilə tərcümə etmiş və özü də türk sonetlərini bu səpkidə, bu quruluşda yazmışdır. Şairin“Türk sonetləri” Avropa sonetlərindən fərqli olaraq əvvəlki sonetin sonuncu  misrası, növbəti sonetin ilk misrasında təkrar təqdim olunur.  Məsələn, birinci sonnet aşağıdakı misralarla bitir.

Çatıb ləyaqətə cavan yaşında

Ləyaqət -zər tacdır, türkün başında

İkinci sonetisə belə başlayır,

Ləyaqət-zər tacdır türkün başında

Bu tacı igid  tək daşımaq gərək

Şahin pərvazlanar qaya qaşında

Bir ömrü kişitək yaşamaq gərək.

Sabir Mustafa dönə-dönə çıxışlarında vurğulayır ki,  tərcüməçilik onun yaradıcılığına güclü təsir etmişdir. Şairin yaradıcılığını, orijinal poeziyasını tərcümə etdiyi əsərlərlə müqayisə olunduqda bu təsir açıq şəkildə özünü biruzə verir.  Məsələn, Şekspirin sonetində deyilir,

Şərəf dustaq olub şərəfsizliyə

Saflıq dərd içində göynəyir, əsir

Kütlük əqlə gülür,  yalan düzlüyə

Gücün qollarına vurulub zəncir

Bu bənddə ziddiyətlər bir-birini izləyir:  şərəf – şərəfsizlik,  saflıq – göynəmək,  kütlük - əql, yalan – düzlük, güc – zəncir.

     Sabir Mustafanın yaradıcılığında bu ziddiyətlərə tez- tez təsadüf olunur.

Heyif sıxılıbdır üzük qaşında

Almaz tək bərq vurur öz göz yaşında

Əlbəttə belə misraların sayını xeyli artırmaq olar. Bu günlərdə şair Sabir Mustafanın 80 yaşı tamam olur. Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı ilə görkəmli şair Sabir Mustafa “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Biz sevimli və hörmətli şairimizi, böyük tərcüməçimizi bu münasibətlə və anadan olmasının 80 illiyi ilə əlaqədar olaraq təbrik edir, ona möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.

Əsgər Zeynalov, Filogiya elmləri doktoru, professor