ADU-da fransız dili müəllimləri üçün təlim keçirilir
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzi və Əlavə təhsil və təcrübə fakültəsinin birgə təşkilatçılığı ilə müxtəlif fakültələrin fransız dili müəllimləri üçün “Fransız dilinin xarici dil kimi tədrisi metodikası” adlı təlim keçirilir.
Aqadir İbn Zohr Universitetinin müəllimi Adil Elmahdi tərəfindən keçirilən təlim 13 may 2019-cu il tarixində başlayıb və 10 iyun 2019-cu il tarixinə kimi davam edəcək.
Təlimçi ilk dərslərdə metodların tarixindən başlayaraq ənənəvi metodlar olan Biheviorizm nəzəriyyəsi, Geştalt nəzəriyyə, Koqnitiv nəzəriyyə və s. haqqında nəzəri məlumatlar verib. Növbəti dərslərdə isə ənənəvi metodlarla müqayisəli şəkildə müasir metodlar haqqında nəzəri məlumatlar verildikdən sonra praktiki çalışmaların üzərində nəzəri biliklər möhkəmləndirilib.
Təlimçi müasir metodlar arasında ən yeni metod olan perspektiv yanaşma metodu ilə müasir təhsil standartlarına uyğun nümunəvi dərslər təşkil edir. Təlim zamanı praktik çalışmalar vasitəsilə yeni metodun istifadə olunma prinsipləri ilə bağlı müəllimlərə istiqamət verilir. Bundan başqa, təlimçi təlimdə iştirak edən müəllimlərin dərslərində müşahidəçi qismində iştirak edir və sonda onlara metodiki məsləhətlər verir.
Qeyd edək ki, bir ay müddətində nəzərdə tutulan təlimin sonunda iştirakçı müəllimlərə beynəlxalq sertifikatlar veriləcək.