XƏBƏRLƏR

Qazax Müəllimlər Seminariyasinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

29 may, 2019

Qazax şəhərində Azərbaycan Dillər Universiteti, AMEA Folklor İnstitutu, Bakı Dövlət Universitetinin Qazax filialı və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qazax Müəllimlər Seminari­yasının 100 illik yubileyinə həsr edilmiş “Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiril­ib. Konfrans Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Qazax Müəllimlər Semi­nari­yasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamı ilə əlaqədar təşkil olunub.

Konfransda Respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının alimləri ilə yanaşı, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin müxtəlif elmi qurumlarının nümayəndələri də iştirak ediblər.

Konfransı giriş sözü ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açıb, Azərbaycan Respublikası Prezidentinin “Qazax Müəllimlər Semi­nari­yasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamının əhəmiyyətindən, Azərbaycanda elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından, ölkə elminin və təhsilinin  inkişafında Qazax Müəllimlər Semina­ri­­yasının rolundan bəhs edib

Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar Kazımoğlu-İmanov “Təhsilimizdə tarixi ənənə və müasirlik” mövzusunda məruzəsində Azərbaycanda təhsilin tarixi ənənələri və keçdiyi inkişaf mərhələlərindən, bu inkişafda Qazax Müəllimlər Seminariyasının yeri, onun Azərbaycana bəxş etdiyi Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, Seyfulla Şamilov, Möhsün Poladov, İsmayıl Şıxlı kimi böyük dövlət, elm, maarif və incəsənət xadimlərdən danışıb.

Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxışında Azərbaycanın sosial-mədəni inkişafının gələcək taleyini gənc elm adamlarına bağlayaraq, sözügedən məsələnin ən aktual problemlərdən olduğunu vurğulayıb.

Azərbaycan Dillər Universitetinin dosenti Misgər Məmmədov çıxışında Azərbaycan Dillər Universitetində təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən, müasir təhsil prosesində gənclərin elmə marağının artırılması səylərindən, bunun nəticəsində elmə maraq göstərənlərin sayının çoxalmasından  bəhs edib.

Konfransın plenar iclasındaƏrdahan Universitetinin professoru Ərdoğan Altınkaynak, Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin professoru Mahmud Kamaloğlu, Türkiyə Ədəbiyyat, Sənət və Sənətçilər Dərnəyi başkanı Şahamettin Kuzuçular, BDU-nun professoru Hüseyn Xəlilov, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, professor Cəlal Qasımov, Gəncə Dövlət Universitetinin professoru Hüseyn Xəlilov da  məruzə ediblər.

 Plenar iclasdan sonra konfrans 8 bölmədə (“Azərbaycanda təhsil və tədrisin inkişaf mərhə­lələri”, “Qazax Müəllimlər Seminariyasının yaranmasında Firidun bəy Köçərlinin rolu”, “Azər­baycan elminin və təhsilinin müasir problemləri”, “Cümhuriyyət dövründə Azərbaycan folklor­şünaslığı və Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”, “Azərbaycan folklorşünaslığında Cüm­huriyyət dövrü”, “Qazax Müəllimlər Seminariyasının yaranma tarixi”, “Qori Seminariyasının Azərbaycan şöbəsi”, “Çağdaş dövrdə təhsilin inkişafı”)  öz işini davam etdirib.