Mənim xəyallarım, mənim uğurum – tələbə Gülayın hekayəti
Əziz dostlar, sizə özüm haqqında danışmaq istəyirəm. Daha doğrusu, məni qürurlandıran, özümə inam yaradan uğurum haqqında. Mən Gülay Xəlilli Zərdab rayonunda anadan olmuşam. 2017-ci ildə Azərbaycan Dillər Universitetində alman dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul oldum və ilk dərs günündən bu dilə qarşı böyük marağım yarandı.Hətta belə deyim, müəllimləri suallarımla bezdirirdim.
Zaman keçdikcə anladım ki, bu, sadəcə maraq deyil. Artıq məndə alman dilinə qarşı maraq yox, bir sevgi var idi. Demək olar, hər şeyi sorğu-sual etməyə başlamışdım və artıq Almaniya haqqında xəyallar qururdum. Ağlımda yalnız bu sual var idi: “Almaniyaya necə getmək olar?” Birinci kursun 2-ci smestrindən ağlımda qalan bu sualla maraqlanmağa başladım və DAAD proqramı diqqətimi cəlb etdi. Bu proqram Almaniyada təhsil almaq istəyən tələbələri təqaüdlə təmin edirdi. Lakin o zaman bunu biləndə pis olduğum, indi isə sevindiyim bir xəbər var idi. Bu proqrama 1-ci kurs tələbələri müraciət edə bilməzdi. Haqlı olaraq belə də olmalı idi. A1 səviyyəsi ilə nə etmək olardı?!
Bu xəbəri bildikdən sonra qarşıma məqsəd qoydum: nə olur-olsun, 2-ci kursda Almaniyaya getməli idim. Bu yolda bir çox çətinliklərlə üzləşdim. Misal olaraq, bunları deyə bilərəm: hazırlığa getmirdim, evdə öyrənməyə çalışırdım. Və təbii olaraq, suallarım meydana çıxırdı. Təbii ki, internetdə məlumat çoxdur, lakin hər məlumatı da tam başa düşə bilmirdim və suallarımı qrup içində səsləndirəndə qrup yoldaşlarım tərəfindən müxtəlif reaksiyalarla üzləşirdim. Hətta bir məsələ baş vermişdi. Qrup yoldaşlarımdan biri “sənə Almaniyadan salam yollayaram” demişdi.
Bu kimi şeylər bir insanın motivasiyasını qıra bilər, amma məqsədi olan insanı yolundan döndərə bilməz. Dekabr ayının əvvələrində DAAD imtahanında iştirak etdim. Düzünə qalsa, əziyyətimin bəhrəsini görəcəyimə inanırdım. Aprelin 4-ü DAAD tərəfindən mesaj gəldi. Qəbul olunmuşdum. Bu mesajdan sonra mən hər şeyin çalışmaqdan asılı olduğuna daha da inandım və Almaniyada 1 aylıq yay dil kursu təqaüdü qazandım. İnanıram ki, Azərbaycanı 1 aylıq müddətdə çox gözəl təmsil edəcəm. İnşallah, Almaniyadan geri dönəndən sonra oradakı sərgüzəştlərim haqqında da bir məqalə paylaşacağam. Məqaləmi bitirməmişdən əvvəl xaricə getmək arzusu olan tələbələrə bəzi tövsiyələr vermək istəyirəm. Əgər bir arzunuz varsa, onu qoruyub saxlayın və heç kimin, hətta ən yaxınınızın belə onu xor görməsinə, xəyallarınızı qırmasına icazə verməyin. Yadda saxlayın: ola bilər, bu gün kimlərdənsə zəif ola bilərsiniz, amma öz üzərinizdə çalışsanız, hər keçən gün digər gündən daha yaxşı olacaqsız!
Sonda isə mənə həmişə dəstək olan valideynlərimə və bacıma təşəkkürümü bildirirəm.