XƏBƏRLƏR

ADU-da pedaqoji və istehsalat təcrübələrinin yekun konfransı keçirilib

27 may, 2019

Azərbaycan Dillər Universitetində (ADU) 2018-2019-cu tədris ilinin pedaqoji və istehsalat təcrübələrinin yekun konfransı keçirilib.

ADU-nun Elmi işlər üzrə prorektoru, dosent Sevinc Zeynalova son iki ildə rektor, akademik Kamal Abdullanın təşəbbüsü ilə pedaqoji və istehsalat təcrübəsinin həyatında dəyişiklik olduğunu deyib. O, tələbələrin köçkün məktəblərində pedaqoji təcrübə müddətində peşə bacarıqlarına yiyələndiklərini bildirib. S.Zeynalova həmin məktəblərə etdiyi səfərlə bağlı təəssüratlarını da bölüşüb.

Konfransda Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov 14 həftəlik təcrübənin yekunlarına dair hesabatla çıxış edib. M.İsmayılov universitetin ünvanına göndərilmiş təşəkkür məktublarını diqqətə çatdırıb.

Təcrübə müddətində məcburi köçkün bölgə məktəblərində gedən prosesi özündə əks etdirən videoçarx nümayiş olunub.

Bərdədə yerləşən Ağdam 1 nömrəli köçkün tam orta məktəbinin direktoru Çimnaz Kərimova, Nərimanov rayonu Alı Mustafayev adına 202 saylı məktəbin müəllimi Şəfa Mirzəyev layihənin bəhrəsini verdiyini, məktəblərin müəllim, şagird heyətinin, həmçinin ictimaiyyətin marağına səbəb olduğunu deyiblər. Çıxışçılar tələbələrin gələcəkdə peşəkar müəllim olacaqlarını öz işləri ilə sübut etdiklərini, gələcək nəslin faydalı vətəndaş kimi yetişməsində iştirak edəcəklərini söyləyiblər. Məktəb nümayəndələri tələbələrin keçirdiyi tədbirlərdən söz açıb, təcrübə prosesinin xatirələrə həkk olunduğunu bildiriblər.

Daha sonra təcrübədə iştirak etmiş müəllimlər və təcrübəçi tələbələr təşkil etdikləri tədbirlər, dərslər haqqında məlumat veriblər, təəssüratlarını bölüşüb, layihənin həyata keçirilməsində yaratdığı şəraitə görə universitet rəhbərliyinə təşəkkür ediblər.

Konfransda iştirak edən Nərimanov rayonu Alı Mustafayev adına 202 saylı məktəbin şagirdləri vətənpərvəlik ruhunda mahnılar ifa ediblər.

Qeyd edək ki, ADU tələbələri Bakı şəhərinin 70-dən artıq məktəbi, Gəncədə 1 saylı Kəlbəcər məktəbi, Bərdədə 1 saylı Ağdam məktəbi, Mingəçevirdə 47 saylı Ağdam məktəbi, N. Aslanov adına Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbində pedaqoji təcrübə keçiblər. Tələbələr, həmçinin Bakıdakı təşkilat, şirkət, dövlət qurumları və İmişli rayonu İcra Hakimiyyəti, Goranboy rayon Heydər Əliyev mərkəzində istehsalat təcrübədə olublar. Təcrübəçilər təcrübə müddətində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konfransın bölmə iclaslarının, Xocalı, 31 mart soyqırımı, Aprel döyüşləri, Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş, universitetin tanıdılması istiqamətində keçirilən tədbirlər, dəyirmi masalar, kitabı təqdimatları təşkil ediblər.