XƏBƏRLƏR

ADU-nun rektoru Bakı Gənclər Debat Forumunun iştirakçıları ilə görüşüb

27 may, 2019

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla “XIX Respublika Gənclər Debat Forumu: Yaz-2019” layihəsi çərçivəsində Azərbaycan bölməsi üzrə Bakı Gənclər Debat Forumunun final oyununda iştirak edən tələbələrlə görüşüb. Gənclərin təşəbbüskarlığını, intellektini, bilik və bacarığını yüksək qiymətləndirən rektor onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Kamal Abdulla debatın tələbələr üçün əhəmiyyətindən danışıb, onların gələcək inkişafındakı rolunu yüksək qiymətləndirib.

Tələbələr onların fəaliyyətinə olan yüksək diqqət və qayğısına görə ADU rektoruna təşəkkür ediblər.

“XIX Respublika Gənclər Debat Forumu: Yaz 2019” layihəsi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirilir.

Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universitetindən Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 32 komanda, 120-ə yaxın natiq “Beynəlxalq tədbirlərin keçirilməsinin ölkənin inkişafında rolu” mövzusu ətrafında debatlar aparıb.

ADU-nun 3 komandasının qoşulduğu Forumda ADU-nun “DeBabat” və “Dereprobates” komandaları final oyununda yarışıb.

ADU-nun tələbələri Sevinc Əliyeva Bakı Gənclər Debat Forumun ən yaxşı 2-ci, Aytən Cəbrayılova 4-cü, Elşad Haşımov 6-cı, Lamiyə Əhmədzadə isə 8-ci natiqi seçiliblər.