XƏBƏRLƏR

Dillər Universitetində Çingiz Abdullayevlə görüş keçirilib

04 iyun, 2019

İyunun 4-də Azərbaycan Dillər Universitetində Tələbələrlə iş və tərbiyə şöbəsinin təşkilatçılığı ilə Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdullayev Çingiz Abdullayevin yaradıcılığını yüksək qiymətləndirərək qeyd edib ki, o, ölkəmizdə gedən proseslərdə də daim əsl ziyalı mövqeyini ortaya qoyur:

“Çingiz müəllim öz yaradıcılığı ilə ölkəmizin güclü təbliğatçısına çevrilib. Dünyanın bir çox kitabxanalarını ziyarət etmişəm, hər yerdə Çingiz Abdullayevin kitablarına rast gəlmişəm”.

Xalq yazıçısı Çingiz Abdullayev görüşün təşkilatçılarına təşəkkürünü bildirib, oxucularla ünsiyyətdə olmağından məmnun olduğunu söyləyib. O, əsərlərinin dünyanın bir sıra ölkələrində sevilə-sevilə oxunduğunu, eləcə də kinossenarist kimi fəaliyyətini geniş tamaşaçı auditoriyası qazandığını qeyd edib. Çingiz Abdullayev ədəbi-ictimai fəaliyyətinin Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb, yaradıcılıq uğurlarının sirrlərindən danışıb.

 Görüş tələbə və müəllimlərin sualları ilə başa çatıb.

Qeyd edək ki, Çingiz Abdullayevlə görüş tələbə təşəbbüs qrupunun rəhbərləri Rəşid Tağıyev və Tofiq Vəliyevin yaxından iştirakı ilə baş tutub.