XƏBƏRLƏR

“Türkologiya” jurnalının növbəti seminarı keçirilib

04 iyun, 2019

Azərbaycan Dillər Universitetində (ADU) “Türkologiya” jurnalının nəzdində növbəti beynəlxalq seminar keçirilib. Seminarın qonağı Ukrayna Respublikası Kiyev Milli Linqvistika Universitetinin Türk dilləri kafedrasının müdiri, dosent Tatyana Timkova olub.

Tədbiri giriş sözü ilə açan “Türkologiya” jurnalının baş redaktoru, ADU-nun rektoru, akademik Kamal Abdulla  bildirib ki, “Türkologiya” jurnalının nəzdində yaradılan bu seminarın əsas məqsədi türkologiya elminin nailiyyətlərini və problemlərini görkəmli türkoloqların birgə iştirakı ilə müzakirə etmək, gənc türkoloqları bu elmin canlı əfsanələri ilə tanış etmək, türkologiya elminin inkişafına, onun digər elm sahələri ilə əlaqəsinin daha sıx qurulmasına və bu elm sahəsinin şaxələndirilməsinə kömək etməkdən ibarətdir. Akademik onu da qeyd edib ki, “Türkologiya” jurnalı sələfindən fərqli olaraq türkologiyanın bir çox sahələrini də əhatə edir.

Tatyana Timkova çıxışında Ukraynada türkoloji tədqiqatlardan ətraflı danışıb. Kiyev Milli Linqvistika Universitetində türk dillərinin tədrisindən geniş söhbət açan dosent bildirib ki, artıq universitetdə Azərbaycan dili və ədəbiyyatı da tədris olunur. O, Ukraynanın bir neçə universitetində türkoloji tədqiqatların aparıldığını və bu sahədə xeyli araşdırmaçının çalışdığını seminar iştirakçılarının diqqətinə çatdırıb.

Sonra “Türkologiya” jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov “Türkologiya” jurnalının nəzdində seminarların keçirilməsi ideyasının jurnalın baş redaktoru, akademik Kamal Abdullaya məxsus olduğunu, jurnalın ilk seminarının məhz onun təşəbbüsü və beynəlxalq məsləhətçilərin iştirakı ilə keçirildiyini və bu ilk addımın artıq ənənəyə çevrildiyini qeyd edib. O, çıxışında Azərbaycanda türkologiya sahəsində geniş və hərtərəfli tədqiqatlar aparıldığını seminar iştirakçılarının nəzərinə çatdırıb. 

Seminarın sonunda T.Timkova seminar iştirakçılarına təşəkkürünü ifadə edib, ölkəmizi çox sevdiyini, burada insanların çox mehriban olduğunu, onda gözəl təəssürat oyatdığını, Azərbaycana olan marağının onun tarixini, dilini, mədəniyyətini və ədəbiyyatını araşdırmağa sövq etdiyini vurğulayıb.

Daha sonra mövzu ilə əlaqədar müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Seminarda AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin, "Türkologiya" jurnalının əməkdaşları, seminarın üzvü olan Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Bakı Avrasiya Universitetinin tələbələri iştirak ediblər.

Seminarın sonunda ukraynalı qonağa hədiyyə təqdim edilib.