XƏBƏRLƏR

ADU-da qazaxıstanlı tədqiqatçı ilə görüş keçirilib

04 iyun, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm elmi-tədqiqat laboratoriyası və Filologiya və jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə qazaxıstanlı tədqiqatçı, tarixçi Arman Suleymenov və politoloq, jurnalist Tofiq Abbasovla görüş keçirilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin “AIDA” proqramı çərçivəsində keçirilən tədbir Qazaxıstan və Azərbaycanın multikulturalizm modellərinə və Arman Suleymenovun tədqiqat sahəsi olan “XX əsrin əvvəllərində Azərbaycan mətbuatında tolerantlıq mövzusu”na həsr edilib.

Tədbirdə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla Azərbaycanda multikulturalizmin həyat tərzi olduğunu və dövlətimizin uğurlu siyasəti nəticəsində bunun dünyaya bir nümunəyə çevrildiyini bildirib.

Arman Suleymenov Qazaxıstan tarixi və multikulturalizm modeli haqqında çıxış edib. Tətqiqatçı Azərbaycan mətbuatının XX əsrin əvvəllərindən etibarən tolerantlığı təbliğ etdiyini və bu ənənənin günümüzdə də davam etdiyini bildirib. Tofiq Abbasov isə çıxışında Azərbaycan – Qazaxıstan mədəni əlaqələrinin əhəmiyyətindən danışıb.

Təhsil fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri professor Gülnar Hüseynzadə Azərbaycan multikulturalizm modelinin Portuqaliyada təbliği təcrübəsi haqqında çıxış edib.

Tədbirdə ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə, Filologiya və jurnalistika və Tərcümə fakültələrinin müəllim və tələbələri iştirak edib.

Sonda iştirakçıların sualları qonaqlar tərəfindən cavablandırılıb.