Şagirdlər “Azərbaycanda dinlər və multikultural yanaşma” seminarında iştirak ediblər
“Multikulturalizm” bir termin kimi son zamanlar daha geniş istifadə olunsa da, əslində Azərbaycanda multikulturalizmin – müəyyən bir cəmiyyət daxilində etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması və inkişafına yönəlmiş yanaşmanın tarixi kifayət qədər qədimdir. Bu isə Azərbaycanın tarixən müxtəlif xalqların, etnosların, dinlərin və məzhəblərin sıx təmasda mövcud olduğu məkan olması ilə bağlıdır.
XX əsrdə ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycanda əsrlər boyu mövcud olmuş multikulturalizm və tolerantlıq ideyaları dövlət siyasəti səviyyəsinə qaldırılıb. Hazırda isə bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Gündən-günə qloballaşan dünyada heç bir dövlət, xalq, mədəniyyət özünü digərlərindən təcrid olunmuş vəziyyətdə təsəvvür edə bilməz, qarşılıqlı hörmət və anlaşma yeganə çıxış yoludur. Bu səbəbdən tolerant olmağa, qarşılıqlı kompromissə getməyə, multikultural dəyərləri qoruyub saxlamağa və paylaşmağa məhkumuq. Göstərilən dəyərlərin gənclərə aşılanması, onların təlim – tərbiyəsində təbliği xüsusi aktuallıq kəsb edir. Bunu nəzərə alaraq, Bakının 211 saylı tam orta məktəbində ADU-nun Filologiya və Jurnalistika fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi, metodist İ.İsgəndərovanın rəhbərliyi altında pedaqoji təcrübə keçən təcrübəçi tələbələr – Məmmədli Şəlalə və Ələsova Aysel təhkim olunduqları 7c sinfinin şagirdlərinin 22-23 may tarixində ADU-da “Azərbaycanda dinlər və multikultural yanaşma” mövzusunda keçirilmiş seminarda iştirakını təmin ediblər.
Tələbə Elmi Cəmiyyətinin, Multikulturalizm ETL-nin və İsrail və Yaxın Şərq araşdırmaları mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş və 2 gün davam etmiş seminarda şagirdlər Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun “Dinlər tarixinə baxış”, ADU-nun Multikulturalizm Elmi tədqiqat laboratoriyasının əməkdaşı Əli Fərhadovun “XIX-XX əsrin əvvəlləri Azərbaycanda islam”, İsrail və Yaxın Şərq Mərkəzinin əməkdaşı Günay Səfərovanın “Azərbaycanda yəhudilik” mövzularında məruzələrini dinləyib, bu sahədə biliklərini zənginləşdiriblər.
Seminarın sonunda tələbə və şagirdlərin bir–birindən maraqlı sualları ekspertlər tərəfindən cavablandırılıb və onlara sertifikatlar təqdim olunub.