XƏBƏRLƏR

ADU-nun təcrübə keçən tələbələrinin iştirakı ilə elmi konfrans keçirilib

24 may, 2019

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ADU-nun təcrübə keçən tələbələrinin iştirakı ilə “Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə: bədii düşüncə ilə ümummilli idealın vəhdəti” mövzusunda elmi konfrans keçirilib.

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda bu müəssisədə təcrübə keçən Azərbaycan Dillər Universitetinin tələbələrinin iştirakı ilə görkəmli yazıçı, dramaturq, publisist, nasir Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunan “Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə: bədii düşüncə ilə ümummilli idealın vəhdəti” mövzusunda elmi konfrans keçirilib.

Konfransı Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli açaraq tədbirin ölkə başçısının “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 17 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən baş tutduğunu bildirib. O, bu Sərəncamın ölkəmizdə dövlət rəhbərliyinin ədəbiyyatımıza verdiyi yüksək qiymətin nəticəsi olduğunu bildirib.

Daha sonra Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Nurlanə Mustafayeva çıxış edərək Cəlil Məmmədquluzadənin yaradıcılığına nəzər salıb. AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə ADU arasındakı əməkdaşlıqdan bəhs edən N.Mustafayeva bildirib ki, universitetin rektoru akademik Kamal Abdullayevin göstərişi ilə hər il 4-cü kurs tələbələri müxtəlif müəssisələrdə istehsalat təcrübəsinə göndərilirlər. Tələbələrin böyük həvəslə seçdikləri müəssisələr arasında məhz AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu vardır. ADU və Ədəbiyyat İnstitutu ilə əməkdaşlıq sadəcə tələbələrlə kifayətlənmir. Eyni zamanda ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanovun təşəbbüsü ilə mütəmadi şəkildə universitetdə tədbirlər, konfranslar təşkil olunur və bu tədbirlərə Ədəbiyyat İnstitutunun əməkdaşları məruzə ilə çıxış etmək üçün dəvət olunurlar.

Daha sonra Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin IV kurs tələbələri - Nəzrin Pirəlisoy “Cəlil Məmmədquluzadə əsərlərinin dil xüsusiyyətləri”, Bahar Ağasıyeva “Cəlil Məmmədquluzadə əsərlərində cəhalətlə mübarizə”, Aygün Səmədli “Cəlil Məmmədquluzadənin publisistikası”, Gülzar Tahirova “Cəlil Məmmədquluzadə yaradıcılığında qadın azadlığı problemi”, Nərmin Abdullayeva “Anamın kitabı” əsərində azərbaycançılıq idealı”, Aygün Məmmədova “Cəlil Məmmədquluzadə yaradıcılığında xurafatın tənqidi”, Əfsanə Nuhova “Dəli yığıncağı” əsərinin ideya-bədii xüsusiyyətləri”, Mehriban Baxışova “Kamança” əsərində Qarabağ mövzusu”, Nərmin Bəkirzadə “Danabaş kəndinin əhvalatları” əsərinin mövzusu və ideyası”, Turanxanım Cəfərli “Cəlil Məmmədquluzadə hekayələrində bədii tipikləşmə”, Nərmin Süleymanlı “Usta Zeynal” hekayəsinin ideya-bədii xüsusiyyətləri”, Fidan Qaraşlı “Poçt qutusu” hekayəsində kiçik adam və böyük ideal” mövzularında çıxış ediblər.

Konfransın sonunda ADU-nun Filologiya və jurnalisitika fakültəsinin İstehsalat və pedaqoji təcrübə üzrə dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru Afət Namətova AMEA-nın vitse prezidenti, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli başda olmaqla institutun bütün əməkdaşlarına ADU-nun rektoru akademik Kamal Abdullayevin adından tələbələrə istehsalat təcrübəsi boyunca göstərdikləri peşəkarlıq, elmi mühit, isti münasibət üçün təşəkkür etdi, hər iki müəssisə arasında əməkdaşlığın gələcəkdə də ən sıx şəkildə davam etməsinin böyük faydasının olacağını bildirdi.