XƏBƏRLƏR

ADU-da macar yazıçının Azərbaycan dilinə tərcümə olunmuş kitabının təqdimat mərasimi keçirilib

23 may, 2019

Mayın 22-də Azərbaycan Dillər Universitetində (ADU) Macarıstanın Azərbaycandakı səfirliyi və universitetin Macar dili və mədəniyyəti mərkəzinin birgə təşkilatçılığı ilə macar yazıçı Mikloş Radnotinin Azərbaycan dilinə tərcümə olunmuş "Bir dəli yağış" adlı kitabının təqdimat mərasimi keçirilib.

Macarıstanın Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə diplomatı Mixali Qruber universitetdə olmaqdan məmnunluğunu dilə gətirib. O, ADU-nun Macarıstanın Azərbaycandakı rəsmi əməkdaşlığı olan və Macar dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərdiyi azsaylı universitetlərdən olduğunu deyib. M.Qruber  universitet rəhbərliyinə kitabın təqdimatı üçün yaratdığı şəraitə görə təşəkkürünü bildirib. Macarıstanın 20-ci əsrdə yaşamış görkəmli şair və tərcüməçilərindən biri olan Mikloş Radnotinin anadan olmasınn 110-cu ildönümünün qeyd olunduğunu deyən M.Qruber şairin faciəvi həyatından danışıb. O, Macarıstan poeziyasında əsaslı və əbədi iz qoyan M.Radnotinin şeirlərinin Azərbaycan dilinə tərcümə olunaraq çap olunmasının azərbaycanlı oxucuları şairin düşüncəsi, hissləri, ruhu, ideologiyası ilə yaxından tanış etmək məqsədi daşıdığını deyib. M.Qruber kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Kitabın tərcümə edən Rasim Müzəffərli macar ədəbiyyatı ilə üç ilə yaxındır ki, daha yaxından məşğul olduğunu deyib. O, “1001 kitab” Nəşriyyat evi tərəfindən macar ədəbiyyatının digər nümunələrinin tərcüməsinin həyata keçirilməsindən danışıb. Tərcüməçi kitabın tərcümə və nəşr prosesindən danışaraq bu işdə dəstək göstərən hər kəsə təşəkkürünü bildirib. O, M.Radnotinin əsərlərinin məzmunu və quruluşu haqqında danışıb. Tərcüməçi bu kitabın tələbələr üçün də faydalı dərs vəsaiti olacağını qeyd edib.

Daha sonra tədbir iştirakçıları şair və kitab haqqında fikirlərini bölüşüblər.

Tədbir müzakirələrlə yekunlaşıb.

Qeyd edək ki, Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə ərsəyə gələn "Bir dəli yağış" adlı kitabı Azərbaycan dilinə Rasim Müzəffərli və Davud Nəsib (1942-2003) tərcümə ediblər. Kitabın məsləhətçiləri Maria Keneşşi və Laklo Bedeçdir. 112 səhifədən ibarət olan kitab 2018-ci ildə “1001 kitab” Nəşriyyat evində çap olunub. Adıçəkilən nəşriyyat evi kitaba Mikloş Radnotinin seçilmiş şeir və ekloqalarını daxil edib. Şairin kitabdakı son şeirləri ümumi məzarda onun cibindən tapılmış dəftəçədən götürülüb.