XƏBƏRLƏR

“Zərərli vərdişlər və onların həyatımıza neqativ təsiri” mövzusunda silsilə tədbirlər davam edir

23 may, 2019

ADU-nun Təhsil fakültəsi nəzdində Pedaqogika kafedrası ADU tələbələrinin təcrübə keçdiyi orta məktəblərdə “Zərərli vərdişlər və onların həyatımıza neqativ təsiri” mövzusunda silsilə tədbirlər keçirir. Belə tədbirlərdən biri də Nizami rayonunun 238 saylı tam orta məktəbinin akt zalında baş tutdu.

Təcrübəçi tələbələr – Məmmədova Mirvari və Babayev Nicat təlimdə 6a, 7a, 8c sinif şagirdlərinə siqaret çəkməyin, alkoqollu içkilərə və narkotik vasitələrə aludəçiliyin zərərləri haqqında geniş məlumat verib, adıçəkilən problemlərin həm tibbi, həm də sosial tərəflərinə toxunublar.

Qrup işindən və diskussiyadan istifadə olunan təlimdə şagirdlər hər bir zərərli vərdiş haqqında bildikləri məlumatları bölüşüb, slaydlarda təqdim olunan şəkil və fikirlərə öz münasibətlərini ifadə ediblər.

Həmçinin təlimdə kiçik məktəbyaşlı uşaqlar üçün xüsusilə aktual olan digər zərərli vərdişlər – kompüter oyunlarına, mobil rabitə vasitələrindən istifadəyə aludəçilik, düzgün qidalanmama, energetik içkilərdən istifadə halları  işıqlandırılıb.

Təlimdə ADU-nun Pedaqogika kafedrasının müəllimi, pedaqoq Ülviyyə Bəşirli və “Məktəbli dostu”  iştirak edib.