XƏBƏRLƏR

Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib

23 may, 2019

Azərbaycan Dillər Universitetinin 3 saylı tədris binasının akt zalında Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə “15 May Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbir keçirilib.

 Tədbirdə ADU-nun Sosial Məsələlər və İctimaiyyətlə Əlaqələr üzrə prorektoru Tamam Cəfərova, ADU-nun rektor müşaviri Anar Osmanlı, Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri Sevda Zamanova, müəllim və çox saylı tələbələr, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rifah Qold Nitq və Reabilitasiya Mərkəzi, Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sədaqət Musayeva “15 May Ailə Günü” haqqında danışıb və ölkəmizdə ailənin hər zaman müqəddəs sayıldığını , cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunduğunu qeyd edib. O, təməli ilk dəfə Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayan ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin imzaladığı sərəncamla yaradılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ölkəmizdə mövcud ailə problemlər üzərində işləyən və dövlətimizin ailə siyasətini həyata keçirən bir qurum olduğundan bəhs edib.

Sonra Təhsil fakültəsinin 3 kurs tələbələrinin nümayiş etdirdiyi, Sədaqət Musayevanın müəllifi olduğu “Platonik sevgi” adlı səhnəcik bütün tədbir iştirakçıları tərəfindən alqışla qarşılanıb.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova ailə münaqişələri, boşanmaların səbəbləri və digər ailə problemləri haqqında danışıb.

Daha sonra İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim mütəxəssisi Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması, Rifah Qold Nitq və Reabilitasiya Mərkəzinin psixoloqu Xoşbəxt ailə mövzusunda çıxış ediblər. Tədbiri Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri Sevda Zamanova yekun sözü ilə bitirib.