XƏBƏRLƏR

“Beynəlxalq təhsil tədbirlərində ölkəmizə maraq gündən-günə artır” – Əfqan Abdullayevlə MÜSAHİBƏ

23 may, 2019

Azərbaycan Dillər Universitetinin prorektoru, professor Əfqan Abdullayevlə müsahibəni təqdim edirik.

“Azərbaycan Dillər Universitetində yaranmış kreativ tədris mühiti bizə onu deməyə əsas verir ki, gələcək uğurlarımız daha da sevindirici olacaq”.

- Əfqan müəllim, iştirakçısı olduğunuz beynəlxalq konfrans haqqında ətraflı məlumat verməyinizi xahiş edirik. Konfrans hansı məqsədlə keçirildi və təşkilatçılar kimlər idi?

- ABŞ-ın 16-cı prezidenti Abraham Linkolnun belə bir yazısı var ki, gələcəyi xəbər verməkdənsə, gələcəyi yaratmaq daha yaxşıdır. İştirakçısı olduğum beynəlxalq tədbir ABŞ prezidentinin yazdığı fikrin hər ikisini əhatə edirdi. Yəni həm gələcəyin çox sürətlə gəldiyini, həm də nə etmək lazım olduğunu müzakirələrə çıxarmışdı. Tədbirin təşkilatçısı EURASHE – Avropa Ali Təhsil Müəssisələri Assosiasiyası idi. EURASHE 1990-cı ildə Brüsseldə təsis edilib. Bu günə qədər 28 illik konfrans olub. Hər dəfə keçirilən illik konfranslar bir qayda olaraq ali təhsilin bu və ya digər bir probleminə həsr olunub. Bu ilki 29-cu illik yığıncaq ali təhsilin gələcəyi, gələcək tələbələr və gələcək iş yerləri, ali təhsilin beynəlmilləşdirilməsi məsələlərinə həsr edilmişdi. Assosiasiyanın üzvü olan 40 ölkədən 200-dən çox nümayəndə iştirak edirdi. Konfransa sahibliyi Macarıstan Rektorlar Assosiasiyası, Macarıstan İnnovasiyalar və Texnologiyalar nazirliyi, bir də Macarıstan İnsan Resursları nazirliyi tərəfindən edilirdi.

Ümumilikdə konfransda Avropadaali təhsilin bu günü və gələcəyi (çox da uzaq olmayan gələcək – 2030-cu il) məsələləri müzakirə edilirdi. Ümumilikdə dünyada mövcud olan 24000-dən çox universitet var. Bunlardan Avropada 4000-dən çox ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, bunların da 3300 Aİ-dədir. Təhsil alma faizinə gəldikdə isə dünya əhalisinin 44%-nin təhsili vardır ki, dünya əhalisinin 7.2 milyard olduğunu yadımıza salsaq, deməli, elm və texologiyanın bugünkü inkişaf səviyyəsində 3.5 milyardan çox əhali hələ təhsil ala bilməyib. OECD-nin (İqtisad Əməkdaşlıq və İnkişaf Təşkilatı) verdiyi məlumata görə, bu gün Kanada ən çox təhsilli insanlar ölkəsidir. Əhalisinin 56% əmək bazarı tələblərinə cavab verir.

- Sonrakı yerlərdə hansı ölkələr gəlir?

- İkinci yerdə Yaponiyadır. Daha sonra İsrail, Koreya, Böyük Britaniya, ABŞ, Avstraliya, Finlandiya, Norveç və Lüksemburqdur. Avropa İttifaqı ölkələrində bir insanın ömrü boyu orta hesabla təxminən 18 il təhsil alması gözlənilir. Yoxsa o həyatın nəbzini tuta bilməz. Dünya əhalisinin təxminən 70% işləyir ki, bu da təxminən 5 milyard iş yeri deməkdir. Bu rəqəm getdikcə artmaq üzrədir, çünki cavanlar daha çox iş axtarmaq məcburiyyətindədir. Təkcə ABŞ-da 3.9 milyon iş yeri öz sahibini gözləyir. İşsizlik faizi dünya üzrə getdikcə aşağı düşür, amma unutmaq lazım deyil ki, iş uyğunsuzluğu üzündən öz işini itirənlərin də faizi qalxır. İşləyənlərin faiz göstəriciləri Çin, Braziliya və Hindistan kimi ölkələrdə daha yüksəkdir. Bu rəqəm ABŞ-da 63%-dir. Özəl sektorda iş yerləri daha çox açılır. Bu, xüsusilə kompüter texnologiyaları ilə bağlı işlərdə özünü göstərir. Yəqin iPhone-ların meydana gəlməməsindən qabaqkı həyat yadımızdadır. Mən hələ interneti, feysbuku demirəm. Əlbəttə, yadımızdadır. Ümumiyyətə, insan ağlı həmişə ona rahat həyat bəxş etməyib. Bu, bir tərəfdən rahatlıq gətiribsə, digər tərəfdən problemlər gətirib. Bəlkə də sonuncu daha çox olub. Amma nə edəsən, zamanın tələbidir, onunla da barışmalıyıq. Maraqlı olan odur ki, bu qarmaqarışıq olan dünyada insan necə baş çıxarır? Görünür, hamıya bu qismət olmur.

Məsələn, hesablamalar görə, 2025-ci ilə qədər biz avtomatlaşdırmanın nəticəsi olaraq, 5 milyon iş yeri itirəcəyik. Bu isə o deməkdir ki, gələcək işlər indi universitetdə oxuyan tələbələr üçün tamamilə fərqli iş yerləri olacaq. Onda nə etməli? Axı dövlət xərc çəkir, valideyn övladına investisiya edir ki, gələcək onun üçün ən azından iş bazarında rahat olsun. Hər şey bu gün tam aydın olmasa da, bircə şey gün kimi aydındır – gələcək əmək bazarı informasiya texnologiya əsaslı və innovativ bilikli məzunları gözləyir.

Bəs universitetlər nə etsin? Oturub baş sındırmağa dəyməz, sadəcə, zamanın nəbzini tutub hər gün kreativ fikirlərlə, innovativ təşəbbüslərlə iş yerinə gəlməliyik. Bu, təkcə professor müəllim heyətinə aid deyil, tələbələrə də aiddir. Axı onlar universitetə dərsə yox, işə gəlməlidirlər. Başa düşən üçün bəlkə də dərs işdən daha çox ağırdır.

- Bizim tələbələrə verdiyimiz bilik-bacarıqlar onlarda hansı bacarıqlar yaratmalıdır ki, gələcəkdə özlərini əmək bazarında rahat hiss eləsinlər?

Onlardan bəzilərinə diqqət çəkmək istərdim.

1.Tənqidi düşünmək qabiliyyəti – texnologiyaların inkişafı heç şübhəsiz əksər sahələrdə işləri avtomatlaşdıracaq. Amma təfəkkür nöqteyi-nəzərindən insanın yaratdığı heç zaman ondan güclü ola bilməz. Ona görə də biz texnologiyalara tam etibar etməməliyik, bunun üçün də əla tənqidi düşüncəyə malik olmalıyıq. Müxtəlif mürəkkəb şəraitlərdə məntiq və əsaslandırma prizmasından keçməklə qərarlar qəbul etmək, məsələni həll etmək məcburiyyətində olacağıq.

2.Əqli-düşüncə çevikliyi və problem həll etmək bacarıqları – gələcək bizə heç zaman ağlımıza gətirə bilməyəcəyimiz hələ çox sürprizlər bəxş edəcək. Bunların həlli bizdən çevik düşüncə, ağıl tələb edəcək ki, məsələni gözlənildiyindən də tez, orijinal formada həll edək. Nə qədər çətin məsələlər, problemlər həll etsən, beynin o qədər də elastik, çevik olacaq.

3.Kreativlik (yaradıcılıq, quruculuq) – robotların bizim işlərimizi əlimizdən alacağından narahatıq. Nə qədər kreativ olsaq, o qədər də işimizi itirmək qorxusundan uzaq olarıq. Ola bilsin ki, onlar hesablamada, problemin simptomunu, diaqnozunu hesablamaqda bizdən sürətli ola bilər, amma onlar orijinal məzmun yaratmaqda, proqramdan kənar fikirləşmədə, mücərrədləşmədə bizdən yaxşı nəticə göstərə bilməz.

4.İnsani vərdişlər daha çox olmalıdır – əlbəttə, texnologiyaların hazırladıqları maşınlar bizi üstələyəcək, biz də onlarla bir yerdə fəaliyyət göstərməyə məcburuq. Əgər gələcək əmək bazarında müvəffəqiyyət qazanmaq istəyiriksə, biz insanlarla (robotlarla-maşınlarla) birlikdə işləməyi, onları idarə etməyi öyrənməliyik.

5.Elm, texnologiya, mühəndislik və riyazi (STEM) bilgilərin olması vacibdir. Çünki texnologiyalar inkişaf etdikcə insan özünü gündəmdə saxlamaq üçün bu sahəni də inkişaf etdirməlidir.

6.Fənlərarası bilik və vərdişlər – Sizin gələcək karyeranız bir çox sahələrdən məlumatlı olmağınızla bağlı olacaq ki, bu da sizə gələcək problemlərin həllinə kreativ yanaşmaqda köməklik göstərəcək. Belə vərdişləri yaratmaq o qədər də çətin gəlməsin. Səni maraqlandıran hər şeylə bağlı çoxlu oxumaq lazımdır.

Mənim bu sadaladıqlarımın əsasında bir məsələ durur – dayanıqlı, davamlı inkişaf!

Baş nazirin müavini, Azərbaycanın Dayanıqlı İnkişafı üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov "Gənclər təşkilatları dayanıqlı inkişaf məqsədləri naminə” adlı konfransda çıxışı zamanı qeyd edir ki, Azərbaycan əhalisinin əhəmiyyətli bir hissəsini gənclər təşkil edir. Əhalinin 45 faizi 30 yaşa qədər olanlardır.

O bildirib ki, Azərbaycanın surətli inkişafı gənclərin bu prosesdə yaxından iştirakını şərtləndirir: "Gənclərin qlobal problemlərə maraq göstərməsi Azərbaycan gəncliyinin müasir düşüncəyə sahib olması deməkdir. BMT-nin Dayanıqlı İnkişafı Məqsədləri layihəsinin meydana gəlməsi dünya xalqları arasında çox ciddi çağırışların olmasından irəli gəlir. Dünyada bir yandan aclıq, digər tərəfdən yoxsulluq və xəstəliklər yaranır, qeyri-bərabərsizlik meydana gəlir. Bu səbəbdən 2030-cu ilə qədər dünyanın dəyişdirilməsi istiqamətində yeni bir layihənin həyata keçirilməsi planlaşdırılıb. 2030-cu ildə dünya əhalisinin sayı 1 milyarddan çox artacaq. Artan əhalinin çoxu dünyanın iki qitəsinin üzərinə düşəcək - Afrika və Asiya qitələrinin. Afrikada əhalinin sayının 2030-cu ildə 1.6 milyarda, Asiya əhalisinin sayının isə 4.5 milyarda çatacağı gözlənilir. Ancaq iş yerlərinin sayı buna uyğun olaraq artmır. Bu dünyada problemlərə yol açır”. Göründüyü kimi artıq yüksək dövlət səviyyəsində gələcək iş yerləri məsələsi gündəmdədir. Bununla bağlı Azərbaycan gənclərinin 2030-cu ildə onları gözləyəcək iş yerlərinə hazırlığı isə artıq biz təhsil işçilərinin payına düşür.

Məhz bu cəhətdən gələcək universitet, gələcək tələbə və gələcək iş yerləri bu gün çox aktual bir mövzu kimi gündəmdədir və belə tədbirlərin keçirilməsi də gələcəkdə ortaya çıxa biləcək hər hansı bir sürprizlərə hazır olmaq məqsədi güdür.

- Tədbirin gündəliyi necə idi?

- Gündəlik çox rəngarəng idi. Ali təhsildə keyfiyyətin təminatı, gələcək universitet necə olmalıdır, universitet əmək bazarı münasibətləri, tədris proqramları və əmək bazarı, gələcək rəqəmsal universitet, gələcək universitet və icma münasibətləri, müəllimlərin professional peşə hazırlıqları, XXI əsrdə tələbə assosiasiyalarının rolu və digər məsələlər maraqla müzakirə edildi. EURASHE-nin prezidenti Stefan Lauvikin çıxışında irəli sürülən ali təhsil dəyərləri çox maraqlı qarşılandı. Konfransın digər məruzəçilərindən Macarıstanın Təhsil naziri professor Yozsef Bodisin, Avropa İttifaqının Təhsil, Mədəniyyət, Gənclər və İdman naziri Tibor Navracsis, Vyana Universitetinin rektoru Dr. Jerard Bast, UNESCO-nun nümayəndəsi Dr.Şyamal Majumdar və başqaları rəqəmsal erada təhsilin gələcəyi, gələcək əmək bazarında tələb olunan kompetensiyalar, tələbə ombudsmanı, məsafədən təhsil, təhsilin beynəlmiləlləşdirilməsi kimi məsələlər plenar iclaslarda və dəyirmi masalarda müzakirə mövzuları oldu.

- Sizin təqdimat nə barədə idi?

- Mənim təqdimatım Azərbaycan Dillər Universitetinin timsalında təhsilin beynəlmiləlləşdirilməsi istiqamətində Respublikamızda görülmüş işlər haqqında oldu. Ölkəmizin başqa sahələrindəki inkişafından xəbərdar olan konfrans iştirakçıları təhsil sahəsində hansı uğurların baş verdiyindən məlumatlanmaq üçün təqdimatda maraqla iştirak etdilər. Qeyd etmək lazımdır ki, 2025-ci ilə qədər dünyada xarici tələbələrin sayının 7.9 milyona çatacağı proqnozlaşdırılır. Təkcə son 40 ildə xarici tələbələrin sayının ali təhsilin artım tempi ali təhsilin özünün artım tempindən daha yüksək olmuşdur. Xarici tələbələrin mobilliyi son 25 ildə 300% artmışdır. Respublikamıza gəldikdə isə bu sahədə sevindirici rəqəmlər vardır. Buna səbəb respublikamızda yaradılmış əlverişli, təhlükəsiz təhsil mühitidir. Tədbirdən əldə etdiyim nəticə bundan ibarət oldu ki, respublikamıza olan maraq, diqqət gündən-günə artır ki, bu da heç şübhəsiz cənab Prezidentin davamlı olaraq həyata keçirdiyi tədbirlərin nəticəsidir. Oxumaq harda rahatdırsa, təhlükəsizdirsə, ora da axın çox olar.

- Bunun bariz nümunəsi kimi Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı artmaqdadır...

- Tamamilə düzdür. 2017-2018-ci tədris ilində Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı ötən tədris ili ilə müqayisədə 10 faiz artıb və hal-hazırda 75 ölkədən olmaqla 5541 nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 10 faiz çoxdur.

Əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali məktəblərin sırasına bizim universitet də daxil olmaqla, Tibb Universiteti, Memarlıq və İnşaat Universiteti, Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti daxildir. ADU-ya gəldikdə isə onu deyə bilərik ki, ikitərəfli, çoxtərəfli müqavilələr, ikili diplom müqavilələri, professor-müəllim heyətinin müxtəlif xarici universitetlərdə ixtisasartırma layihələrində, dəvətli professor proqramlarında iştirakları çox təqdirəlayiqdir.

Ötən bir il ərzində 25-dən çox əməkdaşımız xaricdə müxtəlif proqramlarda iştirak edib. Xarici ölkə universitetlərindən 17 nəfər dəvətli professor ADU-nun qonağı olub, professor-müəllim heyəti və tələbələrimiz üçün müxtəlif səpkili mühazirələr, treninqlər keçiblər. 100-ə yaxın tələbə universitetimizdə təhsil alır. Beynəlxalq əhəmiyyətli tədbirləri də bu sadaladıqlarımıza əlavə etsək, təhsilin beynəlmiləlləşdirilməsi istiqamətində ADU-da görülmüş işlər qibtəedicidir. Universitetimizdə yaranmış kreativ tədris mühiti bizə onu deməyə əsas verir ki, gələcək uğurlarımız daha da sevindirici olacaq.