XƏBƏRLƏR

“Azərbaycanda dinlər və multikultural yanaşma” – Seminar

22 may, 2019

Mayın 22-də Azərbaycan Dillər Universitetində TEC-in, Multikulturalizm ETL-nin və İsrail və yaxın şərq araşdırmaları mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanda dinlər və multikultural yanaşma” mövzusunda seminar keçirilib.

Multikulturalizm ETL-nın elmi işçisi Əli Fərhadov multikulturalizmin əsasını təşkil edən tolerantlığın Azərbaycanda həyat fəlsəfəsi olduğunu qeyd edib. Azərbaycanın tarixən müxtəlif dinlərin və millətlərin nümayəndələrinin vətəni olduğu, orta əsrlərdə islam və digər din mənsublarının qarşılıqlı hörmət içində yaşaması haqda məlumat verib.

Seminarda  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir.

Natiq eyni zamanda dünyada din adından sui-istifadə hallarına da diqqət çəkib. Bəzi qüvvələrin insanların heysiyyatından istifadə edərək şəxsi ambisiyalarını gerçəkləşdirmək üçün törətdiyi vəhşiliklərin İslam adına çıxarılmasının qəbul edilməzliyini vurğulayan məruzəçi dini radikalizm və ekstremizmin fəsadlarından da söz açıb.

Qeyd edib ki, Azərbaycan bir çox dinlərin vətəni və ya azad yaşandığı bir məkandır. Bir çox mənbələrdə Zərdüşt peyğəmbərin atasının Cənubi Azərbaycandan olduğu göstərilir. Zərdüştilik e.ə. III əsrdən etibarən ehkam səciyyəsi daşımağa başlamış, Sasanilərin təsiri ilə Şimali Azərbaycanda da zərdüştilik yayılmışdı. Şimali Azərbaycanda zərdüştilik yerli xüsusiyyət kəsb edib.  O, eyni zamanda bəzi radikal kəsimlərin istifadə etdiyi metodlardan da danışıb.

Seminar tələbələrin sualları ilə başa çatıb.