XƏBƏRLƏR

ADU tələbələrinin istehsalat təcrübəsi uğurla davam edir

22 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və jurnalistika fakültəsinin 2018-2019-cu tədris ilində bakalavr ali təhsil pilləsində təhsilini bitirəcək olan Filologiya və jurnalistika ixtisasında oxuyan tələbələrin istehsalat təcrübəsi uğurla davam edir.

Mayın 20-də Filologiya və jurnalistika fakültəsinin İstehsalat və pedaqoji təcrübə üzrə dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoruAfət Namətova, Xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Günel Əliyeva ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda bölmə rəhbərləri və tələbələrlə görüşüblər.

Görüşdə Qədim dövr Azərbaycan ədəbiyyatı bölməsində tələbələrin istehsalat təcrübəsinə rəhbərlik edən İmamverdi Həmidov tələbələrin fəallığından razı qaldığını bildirərək, onların təcrübə müddətindəki nizam-intizamını yüksək qiymətləndirib.

İmamverdi Həmidov çıxışı zamanı tələbələr təcrübəyə başladığı ilk gündən onlara Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun tarixi və görkəmli alimləri haqqında məlumat verildiyini, hal-hazırda akademiyada fəaliyyət göstərən elmlər doktoru Baloğlan Şəfizadə, filologiya üzrə fəlsəfə doktoru Könül Hacıyeva, filologiya üzrə fəlsəfə doktoru Lalə Əlizadə alimlərlə tələbələrin tanış edildiyini qeyd edib.

Görüşdə  tələbələrin akademiyanın və bölmələrin təşkil etdiyi iclas və tədbirlərdə mütəmadi iştirak etdiyi vurğulanıb. Ölkə Prezidentinin sərəncamı ilə akademiyada İsmayıl Şıxlının, Hüseyn İbrahimovun, Cəlil Məmmədquluzadənin yubileyi ilə bağlı keçirilən konfrans və tədbirlərdə ADU-nun Filologiya və jurnalistika fakültəsinin 430a, 430b qruplarının tələbələrinin də fəal iştirak etdiyi barədə məlumat verilib.

Tələbələr isə öz növbəsində, təcrübə keçdikləri müəssisədən razı qaldıqlarını və təcrübə müddətinin onların  gələcək peşə fəaliyyətlərinə müsbət təsir göstərə biləcəyini deyiblər.