XƏBƏRLƏR

“Nəsimi yaradıcılığında milli və bəşəri dəyərlərin vəhdəti” kompozisiyası keçirilib

21 may, 2019

Azərbaycan Dillər Universitetinin  Təhsil fakültəsi nəzdində Pedaqogika kafedrasının baş müəllimi Tahirə Bağırovanın təşkilatçılığı  və  203 a,b; 204 a,b qruplarının tələbələrinin iştirakı ilə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş “Nəsimi yaradıcılığında milli və bəşəri dəyərlərin vəhdəti”  adlı  ədəbi-bədii kompozisiya keçirilib.

 Tədbirdə Təhsil fakültəsinin dekan müavini və tyutorları,  Pedaqogika  və İngilis dilinin qrammatikası kafedralarının müəllim heyəti və tələbələr iştirak ediblər.

 Tələbələr Nəsimi yaradıcılığının və irsinin Azərbaycan mədəni fikir, fəlsəfə tarixində rolu, həmçinin milli-mənəvi və bəşəri dəyərlərin təbliği baxımındanmaarifləndirici əhəmiyyəti haqqında Azərbaycan və ingilis dilində çıxışlar edib. Şairin “Yanaram”, “Mərhəba”,  “Hardasan”, “Məndə sığar iki cahan”, habelə  “The whole world is surrendering to your grace”, “God” adlı şeirləri tələbələrin ifasında səsləndirilib.  

 Tədbirdə “Nəsimi” filmindən fraqment izlənilib, qəzəllərinə yazılmış musiqi parçaları səsləndirilib.

 Pedaqogika kafedrasının dosenti  V.Bəşirov çıxışında Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsindən danışaraq belə mədəni-kütləvi tədbirlərin tələbələrin maarifləndirilməsindəki əhəmiyyətini qeyd edib.

 Pedaqogika kafedrasının müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Ş.Tahirova Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biri olduğunu diqqətə çatdırıb. O, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi, bəşəri dəyərlərə ehtiram bəslənməsi baxımından tələbələrin fəaliyyətini yüksək qiymətləndirib.

 Tədbir 204 a qrup tələbəsi Türkanə Əsədovanın  ölməz şairə ithaf etdiyi “Nəsimi” şeiri ilə tamamlandı.   Nəsimi o böyük, o dahi qüdrət, Yox, elə bilmə ki, öldü Nəsimi! Bəlkə də qılıncla kəsmək yerinə, Şeiriylə, sözüylə böldü Nəsimi!

 

Sönərmi cahana doğulan günəş? Dünəndə, bugündə vardır Nəsimi. “Yanaram” deyəndə bəlkə də elə, Sözünün oduna yandı Nəsimi.

 

Həqiqət üstünə qan sızan zaman, Zahidin əməlin danmaz Nəsimi Yalnız “bu cahana sığmaram” deyib Böyük bir dünyaya sığmaz Nəsimi.