“Dəli Kür” əsəri və çağdaş Azərbaycan romanı: müqayisələr, mülahizələr” - dəyirmi masa
Mayın 20-də Azərbaycan Dillər Universitetində (ADU-da) Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “İsmayıl Şıxlının “Dəli Kür” əsəri və çağdaş Azərbaycan romanı: müqayisələr, mülahizələr” mövzusunda dəyirmi masa keçirilib.
Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, Xalq yazıçısı İsmayıl Şıxlı müasir Azərbaycan ədəbiyyatına yeni ab-hava gətirən ən parlaq ədəbi şəxsiyyətlərdən biridir. Zəngin ədəbi ənənələrimizə, folklor yaddaşımıza min bir tellə bağlı olması, nəsr poetikasının incəliklərinə yüksək tərzdə yiyələnməsi, əsərlərində özünəməxsus bədiiyyatın təcəssümünü verə bilməsi ona ədəbiyyatımızda ədəbiyaşarlıq qazandırıb.
"Dəli Kür" romanını ədəbiyyatımızın ruhuna bütövlüklə hopdurmuş ədəbi möcüzə kimi xarakterizə edən Muxtar İmanov qeyd edib ki, "Dəli Kür" romanının monumentallığı xalqın taleyüklü problemlərinin kommunist ideologiyasının şüurlara hakim kəsildiyi imperiya mühitində daha önəmli mövzu kimi götürülməsi ilə yanaşı, özünəqədərki ədəbiyyatda rast gəlinməyən obrazlar silsiləsinin yaradılması ilə də bağlı idi.
Ədəbiyyatşünas, tənqidçi Elnarə Akimova “Dəli Kür” romanının Azərbaycan ədəbiyyatındakı yerindən, oxucuların ədəbi-bədii zövqünün formalaşmasında romanın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bütövlükdə roman dövrün ədəbi mənzərəsini yaratmış, romançılıq ənənəsinin yeni forma və məzmun almasına böyük təkan vermişdi.
Elnarə Akimova İsmayıl Şıxlının “Cəbhə gündəlikləri”, “Ayrılan yollar”,“Ölən dünyam”, “Dəli Kür” romanlarından danışıb, yazıçının bir çox ədəbi qəhrəmanlarının təhlilini verib. "Dəli Kür” romanının ictimai şüurda dönüşə və özünüdərkə yol açdığını qeyd edib, əsəri mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirib. İsmayıl Şıxlının klassik irsin ənənələrini uğurla davam etdirdiyini, folklor xəzinəsindən bəhrələndiyini, yaratdığı əsərlərdə dərin fəlsəfi məna olduğunu vurğulayıb. O, İsmayıl Şıxlı nəsrini üslub mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili-psixoloji aləmin zənginliyi və əlvanlığı baxımdan dəyərləndirib.
Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Dilbər Zeynalova mövzu ilə bağlı fikirlərini bildirib. O qeyd edib ki, “Dəli Kür” romanı həm bəşəri, həm də milli romandır. Bəşəri dəyərlərin milli dəyərlərlə vəhdətini romanın əsas qayəsini təşkil etdiyini vurğalayan natiq əsəri yüksək bədii zövqlə yazıldığını, əsərin oxucular arasında böyük rəğbət qazandığını söyləyib.
Tədbirdə tələbələrin sualları cavablandırılıb.