Beynəlxalq münasibətlər kafedrasının müəllimləri mötəbər tədbirin iştirakçısı olublar
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, AMEA Hüquq və İnsan Haqları İnstitutu və “Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası”nın birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “XXI əsrdə İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda Elmi-Nəzəri Konfrans keçirilib. Konfransda AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, h.ü.e.d., professor Aytən Mustafazadə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, h.ü.e.d., professor Fərhad Abdullayev, “Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası” nın rəhbəri, h.ü.e.d., professor İlham Rəhimov və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) professor Elmira xanım Süleymanova mövzu ətrafında çıxış edərək, geniş fikir mübadiləsi aparıblar.
Konfransda Ulu öndərin irsi, Azərbaycanda müstəqil dövlət quruculuğunda gördüyü işlər haqqında müzakirələr aparılıb. ADU-nun Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Mehriban Babaxanova və Rusiyaşünaslıq Elmi–Tədqiqat Laboratoriyasının aparıcı elmi işçisi Reyhan Cəfərova tədbirdə iştirak ediblər. Qeyd etmək lazımdır ki, tədbir hər il ənənəvi olaraq təşkil edilir.