XƏBƏRLƏR

"ADU-nun tələbələrlə fəxr etməyə haqqı var" - köçkün məktəbindən məktub

16 may, 2019

Ağdam 1 nömrəli köçkün tam orta məktəbinin direktoru Çimnaz Kərimova Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullaya təşəkkür məktubu ünvanlayıb. Məktubda dünyanın məşhur siyasi xadimlərinin qeyri-adi şəxsiyyət, müdrik və uzaqgörən siyasətçi adlandırdığı ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II Beynəlxalq elmi konfransın bölmə iclasının Bərdədə yerləşən Ağdam rayon 1 nömrəli köçkün tam orta məktəbində təşkil olunması üçün ADU-nun rektoruna minnətdarlıq ifadə edilib: “Uzun illərdir məktəb direktoru olaraq, müxtəlif ictimai və sosial tədbirlərdə iştirak edən biri kimi vurğulamaq istərdim ki, universitetlə məktəbimizin görüşü qürurverici bir hadisə idi. Ulu öndərimiz Heydər Əliyev demişdir ki, mən müəllim adı qədər uca və müqəddəs ad tanımıram. Müəllim adı şərəfli olduğu qədər də çətin və müqəddəsdir. Universitetdə çalışan müəllimlər gələcəyin təminatçısı və qurucusu olan gəncləri iş həyatına hazırlayırlar. Sizin universitetin ölkəmizin müxtəlif sferalarında yetişdirdiyi və dövlətimizin rifahı üçün çalışan tələbələri ilə həmişə fəxr etməyə və öyünməyə haqqı var.

Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün gənclərin rolu ölkəmizin ictimai-siyasi həyatında olduqca vacibdir.

Məcburi köçkün gənclərin cəmiyyətə düzgün inteqrasiyasını təmin etmək, şagirdlərin ingilis dilini daha mükəmməl mənimsəməsi üçün universitetinizlə birgə təlimlərin keçirilməsi məqsədəuyğun olardı. Arzularımın ən ümdəsi odur ki, bu layihə davamlı olsun. ADU ilə məktəbimizin əməkdaşlığı ictimaiyyətin marağına səbəb olub. Bir daha sizə və universitetin bütün kollektivinə dərin təşəkkürümü bildirirəm”.