XƏBƏRLƏR

"ADU və Belqrad Universiteti arasında elmi-ədəbi əlaqələr müasir tələblər səviyyəsində” dəyirmi masa keçirilib

14 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Serb dili və mədəniyyəti mərkəzində ADU-nun Serb dili və mədəniyyəti, Azərbaycan dilçiliyi kafedrasının və “Azərbaycanşünaslıq” ETL-nın birgə təşkilatçılığı ilə “ADU və Belqrad Universiteti arasında elmi-ədəbi əlaqələr müasir tələblər səviyyəsində” adlı dəyirmi masa  keçirilib. 

Prof. Adil Babayev, dosent Afət Cəfərova, fil.f.d.Ofelya Babayeva, Serbiya mərkəzinin müdiri dos. Lalə Məcidova, Belqrad universitetinin professoru Ema  Milkoviç, “Azərbaycanşünaslıq” ETL-nın müdiri t.f.d Aqşin Rüstəmov, ETL-nın baş elmi işçisi prof. Niyazi Mehdi dəyirmi masada mövzu ilə bağlı müzakirələr aparıb.

Belqrad universitetinin professoru Ema  Milkoviç son illərdə Serbiya-Azərbaycan əlaqələrindən söhbət açıb. O, Serbiyada Azərbaycan səfirliyinin multikultral istiqamətdə gördüyü işlərdən bəhs edib. 

O, xüsusilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Belqraddakı heykəlinin və burada tikilmiş məscidin böyük əhəmiyyətini qeyd edib. Belqrad mərkəzində yerləşən “Taşmaydan parkı”nda xalqımızın Ümummilli lideri Heydər Əliyevin, Serbiyanın Novi Sad şəhərində Dünay çayı sahilində sahil parkında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün, Bakının mərkəzi küçələrindən birində dünya şöhrətli serb fiziki Nikola Teslanın abidələrinin ucaldılması, eləcə də Belqraddakı “Bayraklı Cami” məscid kompleksinin təmiri və bərpası, Novi Sad şəhərində “Müqəddəs Petka Kilsəsi”nin inşası hər iki ölkənin malik olduqları tolerantlıq və multikultralizm ənənələrini və mədəni əlaqələrimizi zənginləşdirir.

Bundan əlavə Belqrad universitetinin Şərqşunaslıq fakültəsində  “Kitabi Dədə Qorqud” eposu, “Əli və Nino”, Aida İmanquliyevanın elmi əsərləri əsasında yazılmış “Romantik poeziya Şərq və Qərb problemləri kontekstində” adlı əsərlər serb dilində tələbələrin vacib oxunan ədəbiyyat siyahısına daxil olub. Bunlarla yanaşı Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin dəstəyi ilə “Görkəmli şəxsiyyətlərin həyatı” silsiləsindən Azərbaycan xalqının Ümummilli liderinə həsr olunmuş “Heydər Əliyev” (Belqrad, 2010), tanınmış musiqişünas professor Zemfira Səfərovanın “Üzeyir Hacıbəyli” kitabı (Belqrad, 2010), tanınmış şair Rəsul Rzanın “Rənglər” adlı şeir kitabı (Belqrad, 2010), Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ həqiqətləri” adlı kitab (Belqrad, 2012), cağdaş yazıçımız Elçinin “Ölüm hökmü” romanı (Belqrad, 2013), dahi yazıçımız Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” (Belqrad, 2014), Günel Anarqızının “Yox, yəni hə” kitabı (Belqrad, 2014), tarixçi alımlər Quram Marxulia və Şəbnəm Nuriyevanın birgə müəllifliyi ilə yazılmış “Erməni soyqırımı: miflər və gerçəklər” kitabı (Belqrad, 2012), Aynur Qarayevanın hazırladığı “Serbcə-Azərbaycanca lüğət” (Bakı, 2010), ADU-nun dosenti, PhD. Lalə Məcidovanın tərtib etdiyi “Azərbaycana səyahət edirəm” adlı Serbcə-Azərbaycanca danışıq kitabı (Belqrad, 2012), professor Zərifə Əlizadə və ADU-nun dosenti Lalə Məcidovanın “Azərbaycan/Serb xalqının tanınmış qadınları” (Belqrad, 2016), akademik Kamal Abdullanın “Platon deyəsən, xəstələnib....” hekayələr toplusu (Belqrad, 2018), görkəmli serb yazıçısı Milorad Paviçin məşhur “Xəzər lüğəti” romanı (Bakı, 2011), serb yazıçısı, Nobel mükafatı laureatı İvo Andriçin “Drina çayı üzərində körpü” əsəri (Bakı, 2018), serb yazıçısı Yasmina Mixayloviçin “Xəzər dənizinin sahilində” kitabı (Bakı, 2015), serb şairi Radomir Andriçin “Yazı masasının o biri üzündə” (Bakı, 2019) bu nəşrlərin az bir qismidir.

Adları qeyd olunan kitabların həm Azərbaycan, həm də serb dilinə tərcümə olunaraq nəşr etdirilməsi Azərbaycanın qədim tarixinin zəngin mənəvi irsinin, eləcə də görkəmli şəxsiyyətlərinin Serbiyada tanıdılması və təbliği, eləcə də xalqmızın serb mədəniyyəti nümunələri ilə tanış olması baxımından böyük əhəmiyyət kəsb edir.

Prof. A.Babayev Serbiyada keçirilən Azərbaycan dili dərsləri barədə və həmin dərslərin hansı proqram və dərsliklər əsasında keçirilməsi haqqında söhbət açıb. “Azərbaycanşünaslıq” elmi tədqiqat laboratoriyasının müdiri A.Rüstəmov Serbiyanın Belqrad universitetində açılan “Azərbaycan dili və mədəniyyəti mərkəzi”nin gördüyü işlər haqqında məmnunluğunu ifadə edib.