XƏBƏRLƏR

ADU əməkdaşlarının “Classroom expressions” adlı kitabı çap olunub

20 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və jurnalistika fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru dosent Əmralı Şirəliyev və Aytən Xəlillinin müəllifi olduğu “Classroom expressions” (İşlək sinif ifadələri) kitabı çap olunub.

Metodik vəsait orta və ali təhsil müəssisələrində fəaliyyət göstərən ingilis dili müəllimləri və ingilis dili ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Sözügedən vəsait dərs müddətində müəllimlərin qarşılaşdıqları sinif situasiyalarına uyğun olan işlək sinif ifadələrini əhatə etməklə 4 bölmədən ibarətdir. İlk üç bölmə dərsin mərhələlərinə uyğun olaraq adlandırılıb, giriş, bölmələr və nəticə hissələrindən ibarətdir. Birinci bölmə ingilis dilində dərslərin təşkili və aparılması prosesində istifadə oluna bilən ifadələri təqdim edir. İkinci bölmədə müəllimlərə situasiyaların idarə edilməsinə uyğun dərsin gedişatı, tələbələrin dərsə cəlb edilməsi, təlim mühitinin idarə olunması, müxtəlif texniki vasitələrlə işləmək və s. kimi ifadələr  təqdim edilir. Növbəti bölmə ev tapşırığının verilməsi və dərsin yekunlaşdırılmasına dair sinif ifadələrini əhatə edir. Son bölmə ingilis dilinin aspektləri (fonetika, leksika, qrammatika) və nitq fəaliyyəti növləri (oxu, yazı, eşidib-anlama, danışıq) üzrə bacarıqların formalaşdırılması prosesində istifadə olunan nitq (cümlə) modellərinin işlənməsinə həsr olunub. Vəsaitin məzmunu yüksək səviyyədə danışıq və yazı fəaliyyətlərinin ardıcıl təşkil olunması üzrə inkişafı təmin edir.

Oxuculara təqdim olunan kitabda orta və ali təhsil müəssisələrində ingilis dilinin tədrisi prosesində istifadə olunan işlək sinif ifadələri əhatə olunub.

Metodik vəsait özündə həm Azərbaycan dilində, həm də ingilis dilində işlək olan sinif ifadələrini ehtiva edir.

Vəsait ingilis dili müəllimlərinin dərs prosesinin müxtəlif mərhələlərində ingilis dilindən ünsiyyət vasitəsi kimi istifadə edərkən ehtiyac duyduqları ifadələri əhatə edir. Ali məktəblərdə ingilis dili müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuş bu vəsaitdən həmçinin fərqli ixtisaslar üzrə ingilis dilini öyrənənlər də istifadə edə bilər.

Qeyd edək ki, kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Yaşar Nuriyev, rəyçiləri isə pedaqogika üzrə fəlsəfə doktoru Jalə Mehrəliyeva, pedaqogika üzrə fəlsəfə doktoru Qahirə Axundova və filologiya üzrə fəlsəfə doktoru Ramilə Hüseynovadır.