XƏBƏRLƏR

Dünya alimləri ADU-nun böyük uğurla keçirdiyi konfransdan danışır - Təəssüratlar

16 may, 2019

Azərbaycan Dillər Universitetinin “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” konfransı böyük uğurla başa çatıb. Konfransda iştirak edən Serbiyanın Belqrad Universitetinin professoru Ema Milkovic (Petrovic), Siyasi Araşdırmalar Assosiasiyasının Kostanay bölgəsi üzrə şöbə müdiri doktor Qaziz Şaymerden, Yasski Universitetinin Slavistika kafedrasının dosenti Lyudmila Bejenarunun təəssüratlarını təqdim edirik.

 Ema Milkovic:

“Azərbaycan Dillər Universitetinin rəhbərliyinə və konfransın təşkilatçılarına məni dəvət etdikləri üçün təşəkkür edirəm. Konfransda iştirak mənim üçün böyük şərəfdir. “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” çox önəmli konfransdır. Multikulturalizm və tolerantlıq vacib mövzudur. Ona görə də bu konfransın əhəmiyyəti böyükdür. Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Məncə, bu nöqteyi-nəzərdən Azərbaycan dünyada təkdir. Serbiya dövləti olaraq biz də çox istəyirik ki, multikulturalizm dövlət siyasətimiz olsun. Ona görə də Azərbaycandan təcrübələrindən yararlanmaq istəyirik.

Konfrans, konfransın açılış mərasimi yüksək səviyyədə təşkil olunmuşdu. Bakı çox gözəldir. İnsanlar da qonaqpərvər və mehribandırlar. Ona görə də bu insanlarla tanış olmaqdan şadam. Azərbaycan və Serbiya arasında münasibətlərin inkişafından çox razıyıq. Xüsusilə, akademik münasibətlərin yaranmasından şadıq. ADU-da Serb dili mərkəzinin fəaliyyətindən də çox razıyıq və mərkəzin mövcudluğundan məmnunuq. Belqrad Universitetinin Filologiya fakültəsinin nəzdində Azərbaycan dili və mədəniyyəti mərkəzi də fəaliyyət göstərir. Mərkəzin yaradılmasında akademik Kamal Abdullanın, Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovun müstəsna rolları var.

Qeyd etmək istərdim ki, Belqrad Universitetinin Filologiya fakültəsinin professorları Liliano Markoviç və Aleksandra Vraneşin bu mərkəzin fəaliyyətində mənəvi dəstəkləri hər zaman hiss olunur. Zərifə Əlizadə və Lalə Məcidovanın da fəaliyyəti ilə bu əlaqələri genişləndirmək istəyirik. Mərkəzimizdə Multikulturalizm fənnindən mühazirələr oxunur. Belqrad Universitetində 2019-2020-ci tədris illərində Azərbaycan dili fənninin tədris olunacağı gözlənilir. Ümid edirəm ki, bizim tələbələr bu fürsətdən yararlanıb, Azərbaycan dilini yaxşı öyrənərəcəklər”.

 Qaziz Şaymerden :

“Düzünü desəm, belə qarşılanma gözləmirdim. Mənə elə gəldi ki, evimdəyəm. Bakı fantastik şəhərdir. Dünən dostlarla görüşdüm və gəzdim. Bakıya heyran oldum. Bakı çox təhlükəsiz şəhərdir, axşamlar gəzmək məni qorxutmadı. Burada olduğu kimi, heç yerdə qarşılamırlar. Biz hamımız türkük. Burada çoxlu dostlarımız var. Sizi də öz ölkəmizdə görməkdən şad olarıq. Azərbaycan Dillər Universitetinin "Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” konfrans çox yüksək səviyyədə təşkil olundu. Konfransa dəvət olunduğum üçün təşkilatçılara təşəkkürümü bildirirəm”.

 Lyudmila Bejenaru:

“Bakıya üçüncü səfərimdir. Burada olduğum ilk vaxtları xatırlayıram. 2013-2014-cü illərdə Yanus layihəsi çərçivəsində 10 aylıq təqaüdlə buraya gəlmişdim. O zamanlar milli ədəbiyyatlarda, həmçinin Azərbaycan ədəbiyyatında “Kiçik vətən” konsepti üzərində işləyirdim. Burada olmaq mənə çox faydalı oldu. Demək istəyirəm ki, bu cür uzunmüddətli səfər mənə şəhərlə, rayonlarla, insanlarla, mədəniyyətlə tanış olmaq imkanı yaratdı. Mən Lənkərana, Şəkiyə getdim. Üçüncü dəfə buraya gəlməyim mənə Azərbaycan mədəniyyətini dərindən öyrənməyə kömək etdi. Buraya gəlişimdə isti dostluq münasibətləri ilə qarşılaşıram.

Mənim Azərbaycanla tanışlığım Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümümə həsr olunan konfrans çərçivəsində davam edir. Konfrans “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq” mövzusu ilə maraq doğurur. Hesab edirəm ki, bu mövzu maraqlı və vacibdir, bir çox sualları əhatə edir. Konfrans burada iştirak edən digər ölkələrin nümayəndələri üçün Azərbaycan multikulturalizmini anlamaq və digər mədəni sahələrdə təbliğ olunması üçün şans yaradır. Azərbaycan multikulturalizminin dünyada tanıdılması böyük əhəmiyyət daşıyır. Çünki o, Avropa multikulturalizmindən tamamilə fərqlənir. Azərbaycan multikulturalizmi müxtəlifliyə tolerant münasibətlərin göstəricisidir. İnsanlar olduqları kimi qəbul olunmaq istəyirlər. Tolerantlıq başqasını yad kimi yox, özününkü kimi qəbul etməkdir. Sizin ölkəniz bu məzmun və anlayışa sahib olduğu üçün öndədir. Sizin ölkədə çoxlu dinlər, etnoslar bir-birilərinə kömək edirlər, Azərbaycanın onlar üçün nə məna daşıdığını anlayaraq sülh və dostluq şəraitində yaşayırlar. Azərbaycan multikulturalizmində tolerantlıq ideologiyası hər bir Azərbaycan vətəndaşı üçün böyük məna daşıyır, onlar bununla fəxr edirlər. İnsan öz ölkəsi ilə fəxr etdikdə vətəni haqqında müsbət fikirlərin səsləndirilməsini istəyir. O, belə halda başqa millətlərə də tolerant münasibət göstərir, başqa mədəniyyəti özününkü kimi qəbul edir, beləliklə də xaricdə ölkəsi haqqında müsbət fikir formalaşdırır”.