XƏBƏRLƏR

ADU tələbələrinin istehsalat təcrübəsi ASAN Radioda uğurla davam edir   

10 may, 2019

Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsinin 2018-2019-cu tədris ilində bakalavr ali təhsil pilləsində təhsillərini bitirəcək olan tələbələrin istehsalat təcrübəsinin yerində qiymətləndirilməsi və dəyərləndirilməsi məqsədilə həmin fakültənin İstehsalat və pedaqoji təcrübə üzrə dekan müavini ped.f.d. Afət Namətova Asan Radioda həm müəssisə rəhbərliyi, həm də təcrübəçi tələbələrlə görüşüb.

Afət Namətova aparıcı redaktor Kəmalə Mustafayeva, təcrübəçi tələbələrlə iş üzrə məsul şəxs Nərmin Lətifova, ASAN Radionun baş redaktoru İlkin Kərimov, “Axşam” efirinin aparıcısı Ruslan Zeynalovla görüşərək tələbələr haqqında məlumat alıb. Radio əməkdaşları qeyd ediblər ki, təcrübə başladığı gün tələbələr radionun rəhbəri Emin Musəvi ilə görüşüblər.

Emin Musəvi tələbələrin radiodakı görmək istədikləri işlər haqqında məlumat alıb, istəklərinə uyğun şöbələrə yönləndirilib. Tələbələr əsasən “OyanAsan”, “Axşam” verilişlərində təcrübə keçməyə başlayıblar.

Onlar mütəmadi şəkildə efirlərdə verilən xəbərlər, məlumatlar, müsabiqə mövzuları, aktual mövzularla bağlı müsahibələr alıb, sorğular hazırlayıb, efirə dəvət olunacaq qonaqlarla əlaqə yaradıb, onların qarşılanması proseslərində birbaşa iştirak ediblər. Tələbələr eyni zamanda canlı efir zamanı prodüsser kimi efirin ərsəyə gəlməsi prosesində də iştirak ediblər. Təcrübəçi tələbələrdən Əziz Ağacanov Ruslan Zeynalovun aparıcısı olduğu “Axşam efiri” verilişində bir müddət prodüsser vəzifəsində də çalışıb. Əməkdaşlar tələbələrin məsuliyyəti, işə olan həvəsləri, yaradıcılıq qabiliyyətləri ilə seçildiklərini xüsusi vurğulayıblar.

Təcrübəçi tələbələr qeyd ediblər ki, şəxsən ASAN Radionun rəhbəri Emin Musəvi mütəmadi şəkildə onlarla görüşüb, tələbələrin təklif və iradları ilə maraqlanıb. Eyni zamanda radio əməkdaşları onlarla çox yaxından maraqlanıb, öz tövsiyə, irad və təkliflərini bildiriblər.

Görüşün sonunda İstehsalat və pedoqoji təcrübə üzrə dekan müavini ped.f.d. Afət Namətova və təcrübəçi tələbələrin Universitetdən rəhbərləri dosent Nurlanə Mustafayeva istehsalat təcrübəsi müddətində təcrübəçi tələbələrə göstərdikləri qayğı, peşəkarlıq, öyrətdikləri bilik və bacarıqlara görə radio rəhbərliyinə xüsusi təşəkkürlərini bildirərək gələcəkdə də Azərbaycan Dillər Universiteti və ASAN Radio arasında əməkdaşlığın daha da intensivləşəcəyinə ümid etdiklərini bildiriblər.