XƏBƏRLƏR

ADU-nun əməkdaşı ABŞ-da beynəlxalq konfransda iştirak edib

10 may, 2019

Azərbaycan Dillər Universitetinin Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Anar Rahimov ABŞ-ın Viskonsin ştatının Madison şəhərində keçirilən “Skandinaviyaşünaslığın tədrisində aktual problemlər” adlı beynəlxalq konfransda iştirak edib.

Viskonsin Universitetinin və ABŞ Skandinaviya cəmiyyətinin birlikdə təşkil etdiyi konfransda 44 ölkədən 192 araşdırmaçı alim, nüfuzlu beynəlxalq təşkilatlar və skandinaviyaşünas mütəxəssislər iştirak edib.

Anar Rəhimov “Azərbaycanda Skandinaviyaşünaslıq ixtisas kimi: dünən və bugün” adlı məruzə ilə çıxış edib. O, məruzəsində təmsil etdiyi ADU-nun dünəni və bugünü haqqında məlumat verib, təmsil etdiyi universitetin ölkədə ən qabaqcıl xarici dil mütəxəssisi yetişdirən təhsil mərkəzi olmasından və artan beynəlxalq nüfuzundan danışıb. O, bildirib ki, Skandinaviyaşünaslıq ADU-da bir ixtisas kimi nisbətən yeni sahə olsa da, son illərdə bu yöndə nəzərəçarpan uğurlar əldə olunub.

Bundan əlavə konfransın plenar iclaslarından birində A.Rəhimovun birbaşa Norveç dilindən tərcümə etdiyi məşhur Norveç yazarı Yustin Qarderin “ Kukla ustası” əsərinin təqdimatı və müzakirəsi də təşkil edilib.

Konfransın sonunda A.Rəhimov müqayisəli mifologiya və folkor üzrə dünyaca tanınmış alim, Viskonsin Universitetinin professoru Maks Statkieviçlə görüşüb.

ADU-nun rektoru akademik Kamal Abdullanın salamlarını Statkieviçə çatdıran Anar Rəhimov onu rektorun adından universitetə dəvət edib. Ölkəmizə daha öncəki səfərini və akademik Kamal Abdullanın “Yarımçıq əlyazma” kitabına yazdığı ön sözü məmnunluqla xatırlayan professor odlar diyarı ilə bağlı xoş xatirələrinin olduğunu, dəvəti qəbul etdiyini və böyük sevinclə ADU kollektivi ilə görüşmək istədiyini bildirib.