XƏBƏRLƏR

Aleksandr Nesterov: ““Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” konfransı çox ciddi və keyfiyyətlidir”

10 may, 2019

Rusiyanın Ural Federal Universitetinin professoru, Xarici regionşünaslıq kafedrasının müdiri Aleksandr Nesterovla müsahibəni təqdim edirik.

- Hörmətli Aleksandr Gennadiyeviç, Sizi yenidən Azərbaycan Dillər Universitetində görməkdən məmnunuq. Universitetimiz artıq ikinci ildir ki, “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” konfransını böyük uğurla keçirir. Sizin konfransla bağlı təəssüratlarınızı öyrənmək istərdik.

- Akademik Kamal Abdullanın rəhbərliyi ilə keçirilən konfranslar hər zaman yüksək səviyyədə təşkil olunur. Konfransın formatı çox ciddi və keyfiyyətlidir. Konfranslarda gənc alimlər publik çıxışlara hazırlıq mərhələsini keçmək üçün güclərini sınayırlar. Bununla da onlar təcrübə qazanırlar. Bu konfrans çərçivəsində nüfuzlu alimlər ustad dərsləri keçirlər, tələbələrə mühazirə oxuyurlar. Bu, tələbələrlə yanaşı, pedaqoji heyətin də marağına səbəb olur. Səfər çərçivəsində tələbələrə ümumi mühazirə oxudum. Lakin aspirant və müəllimlərin iştirakı ilə olan ikinci mühazirəmdə geniş müzakirələr apardıq. Çünki həmin mühazirəmdə yüksək reytinqli nəşrlərdə məqalələrin dərc olunması imkanlarından bəhs olunurdu. Belə mövzu hamının diqqətini çəkdi.

- ADU ilə Ural Federal Universiteti arasında əlaqələr hansı səviyyədədir?

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla Ural Federal Universitetinin fəxri doktorudur. Rəsmi müqavilənin imzalanmasının vacibliyindən danışmağımız heç də təsadüfi deyildi. Kamal Abdulla Bakı Slavyan Universitetinə rəhbərlik etdiyi dövrlərdə bizim universitetin rektoru onunla müqavilə imzalayıb. ADU ilə rəsmi müqaviləmiz hazırda mövcud deyil. Bu istiqamətdə işlər görəcəyik, artıq razılığa gəlmişik.

- ADU ilə əməkdaşlıqda gələcək planlar nədən ibarətdir?

- Biz yalnız müqavilə çərçivəsində əməkdaşlıq deyil, həmçinin rəhbərlik etdiyim Azərbaycanşünaslıq Mərkəzi və buradakı Rusiyaşünaslıq Mərkəzi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Rusiya filialı və buradakı Multikulturalizm elmi tədqiqat laboratoriyası arasında birgə araşdırmalar, elmi nəşrlərin hazırlanması, qrantların verilməsi ilə bağlı əlavə razılığa da gəlməyi planlaşdırırıq. Çox sayda birgə layihələr nəzərdə tutulub, lakin onların reallaşdırılması üçün əməkdaşlığımızın rəsmiləşdirilməsi vacibdir.

- Rusiya Universitetlərində Türkologiya elmi necə öyrənilir? 

 Çətin sualdır, çünki türkologiya elminin öyrənilməsi prosesi birmənalı deyil. Rusiya universitetlərində və elmi mərkəzlərdə Türkologiya hər şeydən əvvəl dövlətimizin türk istiqamətli universitetlərində öyrədilir. Türkologiya elmi ilə Kazan, Tatarıstan Respublikalarında məşğul olurlar. Tatarıstan Respublikası Elmlər Akademiyasının 90 faizini türkoloji tədris və elmi qurumlar təşkil edir. Başqırdıstanda da bununla bağlı fəal tədqiqatlar aparılır. Digər regionlarda bu sahə üzrə türkoloqlar çalışır. Ölkəmizin Şimal-şərqi regionlarında yerli türklərə, xüsusilə yakutlara diqqət ayırırlar. Peterburq, Moskvada da türkoloqlar var. Sovet dövründə olan xüsusi türkoloji məktəb yoxdur. “Türkologiya” və “Türkologiya bülleteni” nəşrləri var. Sovet dövründə türkologiya tədqiqat mərkəzi  “Türkologiya” jurnalının çap olunduğu Bakı idi. O, hələ də nəşr olunur. Bakıda türkologiya tədqiqatları inkişaf etməkdədir. Qlobal miqyasda türkoloji tədqiqatların əhəmiyyətli mərkəzi Türk Cümhuriyyətidir. Qeyd etdiyim kimi, Rusiyada tarixi əhəmiyyətli türkoloji mərkəz Kazan hesab edilir. Bizim universitetdə mən və mənim ətrafımdakı bir qrup insanlar bu tədqiqatları aparırıq. Bizim universitetdə şərqi-türk xaqanlığı və onların araşdırmasına xüsusi diqqət ayırılır.