XƏBƏRLƏR

Professor Fikrət Cahangirovun “LANGUAGE and CULTURE” kitabı çap olunub

10 may, 2019
Kitabın elmi redaktoru akademik, əməkdar elm xadimi Kamal Abdulla, rəyçilər filologiya elmləri doktoru, professor Azad Məmmədov və filologiya elmləri doktoru, professor İlham Tahirovdur. 

XIX əsrdən başlayaraq indiyə qədər dil və mədəniyyət arasında qarşılıqlı əlaqə və qarşılıqlı təsir problemi dilçilikdə əsas problemlərdən biri olaraq qalır. Həmin problemin həllində ilk cəhdlər V.Humboldtun əsərlərində edilib. Onun konsepsiyasının əsas müddəaları bundan ibarətdir ki, 1) maddi və mənəvi mədəniyyət dildə təcəssüm edir, ifadə olunur; 2) hər bir mədəniyyət millidir, onun milli xarakteri xüsusi dünyagörüşü vasitəsilə dildə ifadə olunur, dilə hər bir xalq üçün spesifik olan daxili forma xasdır; 3) dilin daxili forması - xalq ruhunun, onun mədəniyyətinin ifadəsidir. V.Humboldtun konsepsiyası A.Potebnya, Ş.Balli, İ.Buduen de Kurtene, R.Yakobson və s. tədqiqatçıların əsərlərində özünəməxsus şəkildə interpretasiya olunub.

 Dil və mədəniyyət kommunikasiya proseslərində, ontogenez və filogenezdə qarşılıqlı əlaqədədir. Dil və mədəniyyətin nisbəti, qarşılıqlı əlaqəsi və təsiri çox mürəkkəb olmaqla yanaşı, eyni zamanda çox aspektli səciyyə daşıyır. Bu günə qədər həmin mövzuya xeyli yanaşma metodları mövcuddur və bu yanaşma metodları gündən-günə dəyişir, inkişaf edir. Həmin yanaşma metodlarının ümumiləşdirilib tədris prosesinə inteqrasiya edilərək tələbələrə öyrədilməsi vacib məsələlərdən biridir. Bu baxımdan professor Fikrət Cahangirovun ali məktəblərin magistratura səviyyəsi üçün təqdim etdiyi “Language and Culture”("Dil və mədəniyyət") dərsliyinin meydana çıxması tamamilə təbiidir.

 Dərslik giriş, 18 mövzu və tövsiyə edilən ədəbiyyat siyahısından ibarətdir.

Dilçilikdə paradiqmaların dəyişməsi, biliklərin yeni paradiqması və burada dil və mədəniyyətin yeri, dil və mədəniyət probleminin tədqiqi tarixinə baxış, dünyanın konseptual və dil mənzərəsi, dilin mahiyyətinin linqvokulturoloji təhlili, linqvistik antropologiyanın əsasları, dil və mədəni kimlik, sosial seqmentləşmə və linqvistik variasiya: siniflər və irqlər və s. mövzular üzrə təqdim edilən məsələlər maraq kəsb edir, dil və mədəniyyət problemlərinin sadə və anlaşıqlı dildə tələbələrə öyrədilməsini təmin etməyə xidmət edir.

 Hər bir xalqın mədəniyyətinin birinci dərəcəli komponenti dil mədəniyyətidir ki, buraya bu və ya digər insanlar, yəni dil daşıyıcıları tərəfindən həyatın müxtəlif fəaliyyət sahələrində dildən istifadə, dilə baxışın xüsusiyyətləri, dünyanın dil mənzərəsi və s. məsələlər daxildir. Bunları nəzərə alan müəllif dərsliyə dil mədəniyyətinin müxtəlif aspektlərinə - danışıq dili, şifahi mədəniyyət, danışıq mədəniyyəti, danışıq dili postulatları, çap dili, yazı mədəniyyətinə dair materiallar daxil edib.

Dərsliklə tanışlıq onu deməyə əsas verir ki, buraya dil və mədəniyyətin qarşılıqlı əlaqəsi və bir-birini zənginləşdirməsinə dair geniş əhatəli məsələlər daxil edilib, mövzularla bağlı anlayış, konsept və terminlərin izahı verilib.