ADU-da “Rumıniya və Azərbaycan elmi-mədəni əlaqələri: digərini tanıma kontekstində” ustad dərsi keçirilib
Azərbaycan Dillər Universitetində Yasski Universitetinin Slavistika kafedrasının dosenti Lyudmila Bejenaru tərəfindən “Rumıniya və Azərbaycan elmi-mədəni əlaqələri: digərini tanıma kontekstində” adlı ustad dərsi keçirilib. Dərs zamanı öz nitqində Azərbaycanla Rumıniya arasında olan tarixi, diplomatik, elmi və mədəni əlaqələri vurğulayan dosent Lyudmila Bejenaru bu əlaqələrin yaranmasında hər iki tərəfin atdığı addımları xüsusi qiymətləndirib.
Əlaqələrin tarixən qədim köklərə dayandığını göstərmək üçün Uzun Həsənin adı çəkilib. Belə ki, Rumın-Azərbaycan əlaqələri qədim dövrlərdən başlayıb. Bundan başqa, Azərbaycan və Rumıniya arasında diplomatik əlaqələrin yaranmasında atılan addımların xüsusilə təqdirəlayiq olmasını vurğulayan dosent Lyudmila Bejenaru bildirib ki, Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət məhz Rumıniya olub və 1990-cı ildən bəri hər iki dövlətin prezidentləri münasibətlərin inkişafı və qarşılıqlı əlaqələrin qorunub saxlanılması münasibətilə 14 görüş keçirib.
Bundan əlavə, dövlətlər arasında elmi və mədəni əlaqələr də özünü geniş miqyasda göstərir. Bunun nəticəsidir ki, Rumıniyadakı 80 hektarlıq Heydər Əliyevin şərəfinə salınmış park Eldar Hüseynovun təşəbbüsü ilə hər iki xalqın milli ornamentləri ilə bəzədilib. 50-dən çox Azərbaycan ədəbiyyat nümunələri rumın dilinə tərcümə edilib. Bunların içərisində Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı xüsusi marağa səbəb olmuş əsərlərdəndir. Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanının tərcüməsi də məhz dosent Lyudmila Bejenaru tərəfindən tərcümə edilib. Kitabın təqdimatı Bakı Kitab Mərkəzində keçirilib.
Lyudmila Bejenaru rumın dilindən Azərbaycan dilinə tərcümə edilmiş əsərlər haqqında da danışıb. Bütün bunların nəticəsidir ki, Rumıniyada Azərbaycanla bağlı bir çox sərgilər keçirilir və Azərbaycanın multikultural siyasəti multikultural mərkəzlər tərəfindən təbliğ olunur.
Lyudmila Bejenaru Yasski Universiteti haqda geniş məlumat verib, bundan əlavə qloballaşan dünyada təhsil sistemində tətbiq edilən Bolonya sistemi ilə bağlı öz fikirlərini bildirib və mədəni-elmi əlaqələrin möhkəmlənməsində universitetlərin mühüm rol oynayacağına əmin olduğunu bildirib.
Belə ki, Azərbaycan tələbələri üçün geniş imkanlar yaradacaq Yasski Universitetində 15 fakültə və 85 bakalavriatura, 164 magistratura və 26 doktorluq proqramları var. Burada 23124 tələbə (17196 bakalavr, 5078 magistr və 850 doktorant olmaqla) təhsil alır. Universitetdə 623 dosent və 702 akademik heyət fəaliyyət göstərir. Yasski Universiteti digər Avropa universitetləri ilə ERASMUS+, ERASMUS MUNDUS, JEAN MONNET və EEA proqramları üzrə beynəlxalq əməkdaşlıq edir.
Dosent Lyudmila Bejenaru ADU ilə Yasski Universiteti arasında yaradılacaq əlaqələrin tələbələr üçün olduqca faydalı olacağını qeyd edib. Yasski Universitetində keçirilən beynəlxalq olimpiadalarda azərbaycanlı tələbələrin iştirakı, onların məqalələrinin rumın tələbə məcmuələrində çap edilməsi və tələbələrin müxtəlif təqaüdlərlə təmin edilməsi də dosent tərəfindən təklif edilib. Təbii ki, bu təkliflərin düzgün qiymətləndirilməsi həm tələbələrin akademik fəaliyyətinin inkişafına, həm də dövlətlərarası əlaqələrin möhkəmlənməsinə gətirib çıxaracaq.