XƏBƏRLƏR

ADU-nun “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” konfransı böyük uğurla başa çatıb

08 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyasının (YAP) dəstəyi ilə təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II beynəlxalq elmi konfransın bağlanış mərasimi keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla konfransın bağlanış mərasimində ötən il keçirilən eyni məqsədli I beynəlxalq elmi konfransdan söz açıb. O, bildirib ki, konfrans öz işini uğurla başa vurub, qarşıya qoyulan məqsəd və vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarıb.  Universitet rəhbəri qeyd edib ki, konfransın miqyasının məktəblərə yayılması Heydər Əliyev ideologiyasının öyrədilməsi ilə yanaşı, universitetin həmin məktəblərə göstərdiyi qayğıdır. 

Beynəlxalq müstəvidə Azərbaycan təhsilinin tanıdılması və təcrübə mübadiləsinin aparılması baxımından önəmli əhəmiyyət kəsb edir. Kamal Abdulla əlavə edib ki, konfransın bölmə iclaslarının Azərbaycanın müxtəlif məktəblərində, o cümlədən qaçqın və məcburi köçkün məktəblərində keçirilməsi şagirdlərin layiqli Azərbaycan vətəndaşı kimi formalaşmasına yardım edir.

Əməkdaşlıq baxımından konfransın həm də əhəmiyyəti ondan ibarətdir ki, beynəlxalq aləm Azərbaycanda ulu öndərin təhsil siyasətindən və multikultural dəyərlərin təbliğatından xəbərdar olur və yeni bir multikultural modelin tətbiqindən yararlanmağa çalışır. Bu model Azərbaycan multikultural modelidir.

Kamal Abdulla ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq məfkurəsinin özündə multikulturalizm və tolerantlıq ideyasını əks etdirdiyini xüsusi vurğulayıb. Qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev tolerantlığı və multikulturalizmi cəmiyyətin monolitliyini, möhkəmliyini şərtləndirən ən vacib amil kimi görürdü.

Uzun illər ərzində müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin ölkəmizdə dinc və qarşılıqlı anlaşma şəraitində yaşadığını deyən rektor bildirib ki, Azərbaycanda xristian, yəhudi və digər icmaların mövcud olması, onlar üçün əlverişli şəraitin yaradılması bunun əyani göstəricisidir. Bu gün Azərbaycanın ictimai-siyasi həyatında multikulturalizmə böyük önəm verilir. 

Konfransın bundan sonra da ulu öndərə olan vəfa borcu kimi, onun Azərbaycan xalqına olan misilsiz xidmətləri qarşılığında minnətdarlıq kimi davam etdirilməsinin zəruriliyini vurğulayan rektor hər kəsin bu işdə yaxından iştirakının vacibliyini qeyd edib.

Kamal Abulla qaçqın və məcburi köçkün məktəblərində iştirak edən konfrans iştirakçılarına, eyni zamanda xarici qonaqlara öz təşəkkürünü bildirib. Bu işin yüksək səviyyədə aparılmasında onların əməyini xüsusi vurğulayaraq qeyd edib ki, gələcəkdə konfrans öz miqyasını daha da genişləndirəcək, Azərbaycan təhsilinə yeni töhfələrini verəcək.

Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd orta məktəbində konfransın bölmə iclasında çıxış edən universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Tamam Cəfərova konfransın təşkilinin bölgələrdə böyük maraqla qarşılandığını diqqətə çatdırıb.

Cocuq Mərcanlıda konfransın təşkilatı məsələləri ilə məşğul olan YAP nümayəndəliklərinin peşəkar fəaliyyətini xüsusi vurğalayan natiq beynəlxalq tədbirin bölmə iclaslarının müəllim və şagirdlərdə böyük maraq oyatdığını qeyd edib.

Sonra söz konfransın bölmə iclaslarında iştirak edən müəllimlərə, moderatorlara verilib.

Sabirabad rayonunda yerləşən Cəbrayıl rayon tam orta məktəbə ezam olan bölmə iclasının moderatoru Arif Əsədov  konfransın yüksək səviyyədə təşkil olunduğunu, müəllim və şagirdlərin konfransda böyük həvəslə iştirak etdiyini bildirib.

Mingəçevir şəhərində yerləşən 47 saylı Ağdam tam orta məktəbində konfransın bölmə iclasının nümayəndə heyətinin üzvü Sevdagül Əliyeva Azərbaycan təhsil tarixində konfransın ilk addım olduğunu qeyd edib. Bu münasibətlə universitetin gördüyü işlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Moderatorlardan Ceyhun Əliyev  universitetin bütün heyətinin bu işdə şövqlə çalışdığını və konfransın əhəmiyyətinin və marağının yüksək səviyyəsindən danışıb.

Daha sonra söz Tərcümə fakültəsinin dekanı, dosent Bənövşə Məmmədovaya verilib. O, Nardaran kənd orta məktəbində konfransla bağlı aparılan işlərin miqyasına və əhəmiyyətinə görə fərqləndiyini, bunun Azərbaycan təhsilində yenilik olduğunu vurğulayıb. Bölmə iclasının məktəbdə müəllim və şagirdlər arasında maraqla qarşılandığını vurğulayıb.

Professor Məsməxanım Qazıyeva, professor Məmməd Əliyev, professor Həbib Zərbəliyev və dosent İbrahim Kazımbəyli konfransın uğurla yekunlaşdığını və gələcəkdə yeni istiqamətlər alacağını qeyd ediblər.