XƏBƏRLƏR

Xocavənd məktəbində bölmə iclası keçirilib

08 may, 2019

Mayın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyasının (YAP) dəstəyi ilə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

Konfrans başa çatdıqdan sonra mayın 7-də Xocavənd rayon  Xocavənd kənd 1 saylı köçkün tam orta məktəbində (Ağcabədi rayonu)  bölmə iclası keçirilib. Bölmə iclasının  moderatorları  ADU-nun Psixologiya kafedrasının dosenti Ceyhun Alıyev, Xocavənd rayon 1 saylı köçkün məktəbinin direktoru Sürəyya Məmmədova, məsul katibi Xocavənd rayon 1saylı köçkün məktəbinin müəllimi Sevinc Həsənova iclası açıq elan edib.

Dosent Ceyhun Alıyev "Multikulturalizm və dini identiklik",  dosent Şəfəq Abdullayeva "Heydər Əliyev- azərbaycançılıq ideologiyası və multikulturalizm", dosent Sevda Məhərrəmova, məktəbin müəllimləri Gülbuta Tahirova, Mehriban Behbudlu, Gülbəstə Mehralıyeva konfransın mövzusu üzrə məruzələr ediblər.

Ağcabədi rayon YAP- ın sədri Rövşən Əhmədov, Dini qurumlarla iş komitəsinin sədri Əlizamin Quliyev, məktəbin direktoru Sürəyya Məmmədova belə bir mötəbər elmi konfransın rayonda, köçkün orta məktəbində keçirilməsinə göstəriş verdiyinə görə konfransın təşkilat komitəsinə, ilk növbədə akademik Kamal Abdullayevə dərin təşəkkürlərini bildiriblər. Onlar belə mövzuların, xüsusilə Heydər Əliyevin irsinin öyrənilməsinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında oynadığı əhəmiyyətdən söhbət açıblar və bu cür görüşlərin müntəzəm olaraq keçirilməsini arzu ediblər.

ADU-nun əməkdaşları bölmə iclasından qabaq Ağcabədi rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovla görüşüblər.