Ağdam məktəbində “Heydər Əliyev və müasir Azərbaycan” adlı bölmə iclası keçirilib
Mayın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyasının (YAP) dəstəyi ilə təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II beynəlxalq elmi konfransın Mingəçevir şəhərində yerləşən 47 saylı Ağdam tam orta məktəbdə “Heydər Əliyev və müasir Azərbaycan” adlı I bölmə iclası keçirilib.
Konfransda Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov, ADU-nun Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva, ADU-nun Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva və 47 saylı tam orta məktəbin müəllimləri, şagirdləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Öncə S.Əliyeva ADU-nun ikinci dəfə beynəlxalq miqyasda keçirdiyi yeni struktur və məzmunlu konfrans haqqında geniş məlumat verib.
Sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov konfransın belə miqyasda və bölgələrdə bölmələrinin keçirilməsini yüksək qiymətləndirib. O, ulu öndərin irsinin yaşadılmasını və təbliğ edilməsini, gənc nəslin nümayəndələrinə düzgün ötürülməsini dövrümüzün ən aktual məsələlərindən biri olduğunu söyləyib.
Ağdam 47 saylı tam orta məktəbin direktoru Zülfiyyə Əliyeva “Multikulturalizm ən böyük tarixi nailiyyətimizdir” mövzusunda məruzə ilə çıxış edib: “Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi gözlədiyi vaxtda Heydər Əliyev hakimiyyətə gəldi, tarixən burda yaşayan xalqların multikultural bir şəraitdə yaşamasını yada saldı və multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu gündəmə gətirdi. Bu gün də prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir və bu siyasətin alternativi yoxdur”.
Sevdagül Əliyeva “Mədəniyyətlərarası dialoq və azərbaycanlıların mədəni kimliyi (Cultural identity of Azerbaijanis and intercultural dialogue)” mövzusunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, bildirib ki, multikulturalizm Azərbaycan kimliyinin göstəricisidir və bizim dünya səviyyəsində mədəni inkişafımızın tanınmasında mühüm rol oynayır.
Ədalət Abdiyeva “Mədəniyyətlərarası dialoq çoxmədəniyyətliliyin tərbiyə vasitəsi kimi” mövzusunda çıxış edib. O, qeyd edib ki, mədəniyyətlərarası dialoqun əhəmiyyəti, onun xalqlar arasında, mədəniyyətlər arasındakı inkişafa təsiri genişdir.
47 saylı Ağdam tam orta məktəbinin müəllimi Tahir Nağıyev “Multikulturalizm və tolerantlıq” adlı məruzəsində Azərbaycanda müxtəlif dinlərin fəaliyyəti, onlara dövlət səviyyəsində qayğı, Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər barədə geniş söhbət açıb.
Məktəbin müəllimi Fatma Əliyeva “Multikulturalizm tarixi zərurətdir” mövzusunda məruzə ilə çıxış edərək multikulturalizmi tarixi zərurətdən doğan ümumbəşəri dəyərlər sistemi kimi xarakterizə edib: “Multikulturalizm süni tədbirlər əsasında yaranmır, müxtəlif tarixi hadisələrin və təbii şəraitin məhsuludur. Onun düzgün qiymətləndirilməsi və dövlətin siyasətinin bir hissəsinə çevrilməsi Ulu öndərimizin unudulmaz məharətidir”.
Sonda məktəbin müəllimi Famil Əsədov bu tədbirin məktəb kollektivində xoş təəssürat yaratdığını, gələcəkdə belə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib. O, tarixən multikulturalizmin xalqımızın yaşayış tərzi və Şərq və Qərbin qapısı sayılan Azərbaycan xalqlar dostluğunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.