XƏBƏRLƏR

“Universitet tələbələrini xoşbəxt görürəm” – Məzunlarımızın təəssüratları

07 may, 2019

Mayın 1-də Azərbaycan Dillər Universitetində (ADU) bu təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunların iştirakı ilə keçirilən Məzunlar Assosiasiyasının təsis konfransında universitetlə bağlı xatirələrini bölüşən məzunlarımızın fikirlərini təqdim edirik:

Bəxtiyar Əliyev: “Bu gün özümü çox xoşbəxt hiss edirəm. Xoşbəxtəm ki, məhz Azərbaycan Dillər Universitetinin məzunuyam. Bu görüş məni tələbəlik illərimə qaytardı. Təşkilatçılara, rektora öz təşəkkürümü bildirirəm”.

Firuzə  Kərimova: “Tələbəlik illəri hər zaman yadımdadı. Bu illər ömrümün ən gözəl illəridir desəm, yanılmaram. Tələbə yoldaşlarımı görüb həm sevindim, həm də kövrəldim. Sevincimin həddi-hüdudu yoxdur. Hər kəsə təşəkkür edirəm”.

Elman Bayramov: “Mən 1992-ci ildə Azərbaycan Dillər Universitetinin məzunu olmuşam. Müstəqillik illərinin ilk vaxtları idi. Tələbəlik illərimiz unudulmaz olub. Öz təhsilimin səviyyəsinə görə müəllimlərimə borcluyam. Hər kəsə öz təşəkkürümü bildirirəm”.

Günay İsmayılova: “2000-ci il məzunuyam. Aradan uzun zaman keçsə də, universitetlə bağlı xatirələrim həmişə xoş hisslər yaradır. Bu gün tələbə yoldaşlarımı görüb bir daha sevindim. Universitetimiz çox dəyişib. Daha müasir və gözəl olub. Rektor Kamal müəllimə belə bir şəraiti yaratdığına görə təşəkkürümüzü bildiririk”.

Kamran Yaqubov: “Məzun olduğum günü çox gözəl xatırlayıram. 1984-cü il. Gözəl illər idi. Bu gün də universitet  tələbələrini xoşbəxt  görürəm. Bu məni sevindirir. Hər kəsə uğurlar arzu edirəm”.