XƏBƏRLƏR

Tələbələr "Kaspi" qəzetinin redaksiyasında olub

07 may, 2019

ADU-nun Virtual jurnalistika kafedrasının müəllimi Nərgiz Cavadzadənin təşkilatçılığı ilə Filologiya və Jurnalistika fakültəsinin 234 və 234 r qrup tələbələri "Kaspi" qəzetinin redaksiyasında olub.

Qəzetin baş redaktoru İlham Quliyev tələbələri redaksiya heyəti ilə tanış edərək böyük ənənələri olan "Kaspi" qəzetinin tarixindən bəhs edib, onlar üçün əsas meyarın maarifçilik və vətənpərvərliyin təbliği olduğunu bildirib. O, qəzetin layihələri barədə ətraflı məlumat verib, “Kaspi”nin nəşrləri” haqqında danışıb.

"Kaspi"nin “Gənclik qəzeti” əlavəsinin nəşr olunduğunu vurğulayan İlham Quliyev qəzetin səhifələrinin Azərbaycan Dillər Universitetinin jurnalist ixtisasında təhsil alan tələbələrinin üzünə açıq olduğunu söyləyib.

Baş redaktorla ADU-nun Virtual Jurnalistika kafedrasının əməkdaşlıq imkanlarına toxunulub. Sonda baş redaktor tələbələri maraqlandıran sualları cavablandırıb.

Görüşdə "Jozef Biznes Akademiyası"nın qurucusu Şeron Cozef də iştirak edib. O, tələbələrə biznesdə uğur qazanmağın sirrlərini bölüşüb, jurnalistikanın biznes tərəflərinə toxunub, İngiltərə və ABŞ təcrübələrindən söz açıb.