XƏBƏRLƏR

Baş nazir Novruz Məmmədovun ADU-nun professor-müəllim heyəti, tələbələri və məzunlarına təbriki

07 may, 2019

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ

Azərbaycan Dillər Universitetinin hörmətli professor-müəllim heyəti, tələbələri və məzunları!

Azərbaycan Dillər Universiteti yarandığı vaxtdan ölkəmizin təhsil sistemində və ictimai həyatında fəal rol oynamış, ali təhsilə və elmin tərəqqisinə mühüm töhfələr vermişdir. Azərbaycanın ali məktəblərində xarici dillərin tədrisinə keçən əsrin 20-ci illərində başlanılıb. Xarici dilləri tədris edən ilk müstəqil ali təhsil ocağının - Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun yaradılması Azərbaycanın bütün sonrakı dövrlərdə xarici ölkələrlə əlaqələrinin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb etmişdir.

Müstəqillik illərində Azərbaycan təhsili ümummilli lider Heydər Əliyevin “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O milli məqsədlər, mənafelər əsasında qurulmalıdır” müddəasına əsaslanan islahatlar nəticəsində böyük inkişaf yolu keçmişdir.

Ulu Öndərin uzaqgörən siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu təhsil konsepsiyası cəmiyyətin inkişafında yeni zəmin yaratmaqla yanaşı, ölkəmizdə gəncliyin hərtərəfli formalaşmasına xidmət edir. “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” deməklə dövlətimizin başçısı Azərbaycan təhsil sisteminin qarşısında duran ən önəmli vəzifəni müəyyən edib. Məhz bu düzgün yanaşma bundan sonra da ölkəmizin dayanıqlı inkişafını uzun illər təmin edəcəkdir.

Qloballaşma dövründə inkişaf etmiş ölkələrin təcrübəsində maddi sərvətlərdən daha çox insan resurslarının, elmi-texniki tərəqqinin, yeni texnologiyaların aparıcı rol oynadığının şahidiyik. “Təhsil əsri” elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşmasında və güclü iqtisadiyyatın qurulmasında təhsilin xüsusi çəkisi əvəzedilməzdir. Azərbaycan üçün prioritetlərdən biri də sağlam, bilikli, təşəbbüskar, vətənpərvər və milli-mənəvi dəyərlərə sadiq gənc nəslin yetişdirilməsidir.

Mənim üçün qürurvericidir ki, bu mötəbər elm ocağı mənim də tərcümeyi- halımda özünəməxsus iz qoyub. Məhz bu institutun Avropa dilləri fakültəsinin fransız dili şöbəsini fərqlənmə diplomu ilə bitirib, 1970-ci ildə Təhsil Nazirliyinin qərarı ilə müəllim kimi fəaliyyətə başlamışam. Həm yeni biliklərə yiyələnmək arzusu ilə tələbə həyatım, həm də əldə etdiyim bilikləri gənclərə çatdırmaq üçün məsuliyyətli müəllim fəaliyyətim bu doğma təhsil ocağı ilə bağlıdır. Universitetin çoxsaylı məzunları hazırda ictimai-siyasi xadimlər, elm və mədəniyyət nümayəndələri, diplomatlar kimi ölkəmizi həm daxildə, həm də xaricdə layiqincə təmsil edirlər. Bu ali məktəb hazırda müstəqil Azərbaycan Respublikası üçün savadlı və bilikli vətənpərvər nəsil yetişdirir. Bu gün mən də bir məzun olaraq bununla fəxr edirəm.

Müstəqillik illərimiz Azərbaycan Dillər Universitetinin tarixində mühüm mərhələ təşkil edir. Bu illər ərzində universitet dünyanın qabaqcıl ali məktəblərinin ən yeni metodlarının, elmi innovasiyalarının tətbiqinə nail olub və respublika ali məktəbləri arasında öncül yerlərdən birini tutub. Universitetin tədris etdiyi dillərin coğrafiyasını Avropa ilə yanaşı Asiyaya doğru genişləndirməsi müsbət bir yenilikdir. Dünyanın aparıcı ali məktəbləri ilə fəal əməkdaşlıq, qarşılıqlı müqavilələrin bağlanması, müəllim və tələbə mübadiləsi, qabaqcıl təcrübənin öyrənilməsi Azərbaycan təhsili və elminin sərhədlərini daha da genişləndirir.

Universitetin nüfuzunun Azərbaycanda və dünyada daha da artırılmasına dəstək olmaq məqsədilə yeni yaradılan Məzunlar Assosiasiyasının üzərinə də şərəfli və məsuliyyətli iş düşür. Hər bir məzun üçün universitet daim doğma ev, istinad ediləcək ünvandır. İnanıram ki, Assosiasiya universitetin çoxsaylı məzunlarının harada yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq, onların birgə əməkdaşlığını əlaqələndirərək ölkəmizin inkişafına, müstəqilliyimizin qorunmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, Azərbaycan Respublikasının beynəlxalq aləmdə qazandığı mövqeyin daha da yüksəklərə qaldırılmasına öz töhfəsini verəcəkdir.

Məzun Assosiasiyasının yaradılması ilə əlaqədar Sizin hamınızı təbrik edir və gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm!

Novruz Məmmədov