XƏBƏRLƏR

Heydər Əliyev və müasir Azərbaycan dövlətçiliyi

06 may, 2019

Heydər Əliyev və müasir Azərbaycan dövlətçiliyi... Bu iki məfhumu ayırmaq qeyri mümkündür, çünki müasir Azərbaycan dövlətçiliyinin banisi məhz ulu öndər Heydər Əliyevdir.

Tariximiz, milli kimliyimiz, xalqımız, etnik identikliyimiz, dövlətçiliyimiz, Azərbaycanımız haqqında çox danışır, yazılar yazır, dərc edirik. Diqqətinizə çatdırdığım  məqaləm də bu mövzuya həsr olunub.

Əbəs yerə məqaləni bu cümlələrlə başlamadım. Çünki söhbət açacağım   şəxsiyyət hamıdan fərqlənən, təvazökar,  Azərbaycan xalqının rifahı üçün əlindən gələni edən dahi -   Heydər Əlirza oğlu Əliyevdir. Sadaladığım cəhətlər Heydər Əliyevin fikirlərində də öz əksini tapır: "Müstəqilliyimiz haqqında hamı böyük iftixar hissi ilə danışır. Lakin deməkdən başqa kim nə edir? Müstəqillik onun haqqında şüarlar demək, yaxşı bir şeir əzbərləmək deyildir. Xalqımızın nümayəndələri daim səylə istər elmi, istər kütləvi və digər formalarda müstəqilliyimizin, dövlətçiliyimizin qorunması üçün çalışmalıdır....." Çox uzaqlardan misal çəkmirdi o. Özünü misal göstərirdi. Hətta göstərmirdi də, çünki brilyant özü parlayar, ona heç nə təsir etməz, o, özü öz parlaqlığını nümayiş etdirər.

Tarixə nəzər salsaq onu görərik ki, olduqca çətin, hərc-mərcliyin baş alıb getdiyi və xalqımızın ağır sınaqlarla qarşılaşdığı bir dövrdə,   1993-cü il  iyun ayının 15 –də xalqın təkidi ilə Heydər Əliyev hakimiyyətə geri döndü.  Elə dövr idi ki, öncəki "rəhbərlərin" səriştəsizliyi dövlətimizi uçuruma sürükləyirdi. Nələr baş vermirdi?! Səhv üzərinə səhv, işğal üzərinə işğal, soyqırım, vətəndaş müharibəsi, daha nələr, nələr... Lakin Heydər Əliyevin  hakimiyyətə gəlişi vəziyyəti  kökündən  dəyişə bildi. Əbəs yerə onun dönüşü Milli Qurtuluş Günü kimi qeyd olunmur.

Həqiqətən də bir xalqın nicatı, rəhbəri idi Heydər Əliyev. Onun dövlət quruculuğu yolunda qarşısına qoyduğu məqsədlər hansılar idi?

  • İlk növbədə Sovet dövründən qalmış, müstəqilliyin ilk illərində (1991-1993) yaranmış xaosu, hərc-mərcliyi aradan qaldırmaq;
  • Kommunist təfəkkürünü milli təfəkkürlə əvəz etmək;
  • Yeni siyasi mədəniyyət abidəsini - Yeni Azərbaycan Partiyasını qurmaq, onu ümumxalq partiyası səviyyəsinə qaldırmaq;
  • Vətəndaş müharibəsinin qarşısını almaq;
  • Nizami ordu yaratmaq, hüquq-mühafizə orqanlarında köklü islahatlar aparmaq;
  • Təhsil sistemində əsaslı islahatlar aparmaq;
  • Ölkəmizin bütün maddi-mənəvi nemətlərini xalqın, vətəndaşların rifahına, sağlam inkişafına yönəltmək.

 Faktlara nəzər salsaq görərik ki, Ümummilli liderin qayıdışı Azərbaycan tarixinin gedişatını kökündən dəyişdi:

  • Müstəqil, suveren, demokratik Azərbaycan dövləti qurdu;
  • Xalqın demokratik, müstəqil dövlətin tam hüquqlu vətəndaşı olduğunu xalqa aşıladı;
  • Keçmişlə müasirliyin, bu günün və gələcəyin, yaşlı nəsillərlə gəncliyin vəhdətini yaratdı;
  • Parçalanmış Azərbaycan cəmiyyətini birləşdirdi;
  • Plüralizm, çoxpartiyalılıq, demokratik siyasi mühit, azad rəqabət yaratdı;
  • SSRİ qalığı olan senzura ləğv edildi;
  • Ölüm hökmü ləğv edildi;
  • Azərbaycan tarixində ilk dəfə hakimiyyət bölgüsü aparıldı;
  • Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycanın hər iki tərəflə siyasi, iqtisadi, elmi, mənəvi əlaqələrini gücləndirdi;
  • Mükəmməl konstitusiya hazırladı, qüvvəyə mindirdi.

Bəli, bütün bunlar məhz Heydər Əliyevin çəkdiyi zəhmətlərin nəticəsində gerçəkləşdi. Hazırda bu siyasi kurs Heydər Əliyevin oğlu, Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir.

Bu faktı mütləq qeyd etmək lazımdır ki, ölməz lider Heydər Əliyev millətlərarası dialoqa, dostluğa böyük önəm verdiyinə görə, multikulturalizmi həyat tərzindən dövlət siyasəti səviyyəsinə qaldırmışdı.

Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin  Rusiyaşünaslıq ixtisası üzrə təhsil aldığıma görə Azərbaycan – Rusiya münasibətlərindən yan keçə bilmədim.  Hal-hazırda dövlətlərin təhsil sahəsində əməkdaşlığı ən vacib sahələrdən biri sayılır. Bu gün Azərbaycan postsovet məkanında  rus dilinin  millətlərarası ünsiyyət dili kimi qoruyub saxlayan  və rus dilində təhsilin dinamik inkişafını davam etdirən az sayda ölkələrdən biridir. Azərbaycan Dillər Universitetinin rektoru, akademik K.M.Abdullayevin  təşəbbüsü ilə  2017-ci ildə yaradılmış  Rusiya üzrə araşdırmalar aparan “Rusiyaşünaslıq” elmi -  tədqiqat laboratoriyasıda bunun növbəti sübutudur.

Heydər Əliyevin Azərbaycanla Rusiya arasında yaratdığı dostluq münasibətlərinin nəticəsində  1974-cü ildə nəhəng inşaat layihəsinə - Baykal Amur magistralının tikintisinə start verildi. Dəmir yolu xəttinin bir çox stansiyalarının tikintisində Sovet İttifaqının müxtəlif respublikalarının nümayəndələri ilə bərabər Azərbaycandan olan inşaatçılar da  iştirak ediblər. Layihənin reallaşmasında  misilsiz xidmətlər göstərən Ümümmilli lider  Heydər Əliyevin əməyi Rusiyada  hər zaman  yüksək qiymətləndirilib. Bu faktla bağlı  Rusiya Milli İnşaatçılar Birliyinin fəxri prezidenti Yefim Basin öz xatirələrində qeyd edib: “Heydər Əliyev bizim ən böyük tikintimiz olan Baykal Amur magistralının inşasında mühüm rol oynayıb. Bu layihə nahaq yerə “Əsrin tikintisi” adlandırılmayıb. Çünki onun inşasında bütün sovet xalqı və sovet respublikaları iştirak ediblər. Məni Baykal Amur magistralının tikinti sədri – nəqliyyat və inşaat üzrə nazir müavini təyin etməklə o, şəxsən mənim də həyatımda böyük rol oynayıb. Biz Heydər Əliyevi tez-tez nazirliyin kollegiya iclaslarında görürdük. O, çox vaxt konkret təkliflərlə çıxış edirdi, əsasən də tənqidi fikirlər səsləndirirdi. Onun hər sözünü böyük diqqət və anlayışla dinləyirdilər”.

Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycan  dövlətçiliyində rolu, onun şəxsiyyəti,  irsi,  milli ləyaqətimizi təmsil etməsi və qoruması haqqında nəinki doğma dilimizdə,  hətta bir çox xarici dillərdə kitablar  nəşr olunub, məqalələr, elmi işlər yazılıb və bədii, sənədli filmlər çəkilib.

Azərbaycan Respublikasının gənc  nümayəndəsi olaraq,  yazdığım məqalədə çalışdım ki, dahi liderimiz Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin yaranmasında  danılmaz  rolunu diqqətə çatdırım.

Məqaləni hazırladı:  Axundov Məhəmməd,

                                  Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsi,

                                  Regionşünaslıq (Rusiya) I kurs.

 Elmi məsləhətçi:       Rusiyaşünaslıq ETL – nin aparıcı elmi işçisi,

                                   Beynəlxalq münasibətlər kafedrasının müəllimi

                                             Cəfərova Reyhan