XƏBƏRLƏR

ADU-da “Məşhur diplomatlar” mövzusunda dəyirmi masa keçirilib

03 may, 2019

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Regionşünaslıq kafedrasının ikinci kurs magistr tələbələri tərəfindən “Məşhur diplomatlar” mövzusunda dəyirmi masa keçirilib.

Öncə Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü ərəfəsində keçirilən bu tədbirdə birinci olaraq dahi Azərbaycan diplomatı Heydər Əliyevin Azərbaycanın müstəqilliyi yolunda atdığı addımlar və yürütdüyü siyasət barədə qısa məlumat verib.  O, qeyd edib ki, Heydər Əliyev Azərbaycan Respublikasının gələcək uzun illər inkişaf planını hazırlayarkən dövlətin xarici siyasətinin də planlı şəkildə sistemli təşkilinə xüsusi fikir verib: “Dahi öndər Azərbaycanın maddi resursları, mədəni və elmi nailiyyətlərini də ölkənin dünyada tanınmasına və inkişaf etmiş ölkələr sırasında öz yerini almasına  yönəltmişdi. O, özünün şəxsi keyfiyyətləri və ünsiyyəti ilə bütün müasir və gələcək diplomatlarımıza nümunədir”.

Sonra magistr tələbələrinin çıxışları dinlənilib.

Nigar Məmmədova ABŞ-ın ard-arda dörd dəfə prezidenti seçilmiş Franklin Delano Ruzvelt haqqında danışıb, onun Amerika xalqı üçün göstərdiyi misilsiz xidmətləri xüsusi vurğulayıb: “Çox çətin vəziyyətdə prezident seçilən F.D.Ruzvelt 1929-1933-cü illərdə ABŞ-ı bürümüş iqtisadi böhrandan çıxartmaq üçün “Yeni xətt” planını həyata keçirir. Bu plana əsasən ilk olaraq bank sistemi üzərində dövlət nəzarəti güclənməli, Milli Bərpa İdarəsi yaradılmalı, sənayedə əmək münasibətləri qaydaya salınmalı idi. “Yeni xətt”siyasətinin həyata keçirilməsi nəticəsində 1937-ci ildə ABŞ iqtisadiyyatı böhrandan əvvəlki səviyyəyə çatmışdı”.

Fidan Əliyeva Avropada ilk qadın Baş nazir seçilən, “Dəmir Ledi” ləqəbli Marqaret Tetçer haqqında məlumat verib və bildirib ki, onun Britaniyanı iqtisadi böhrandan çıxartmaq üçün yürütdüyü dərin, radikal islahatlar nəticəsində yüz minlərlə insan yeni iş yerləri ilə təmin edilib, istehsal sürətlə inkişaf edib, əhalinin maddi rifahı sürətlə yaxşılaşmağa başlayıb: “Folklend adalarını Argentinadan geri alaraq yenidən Britaniyaya qaytarması isə ictimaiyyət arasında onun nüfuzunun daha da qalxmasına səbəb olub. Üç dəfə Baş nazir seçilmiş M.Tetçer Britaniyanın əvvəlki qüdrətli dövlət statusunu bərpa etməyə, qlobal və regional məsələrdə söz sahibi dövlət kimi mövqeyini təsdiqləməyə çalışmış və bunun öhdəsindən gəlmişdi”.

İntizar Rzayeva Türkiyənin 9-cu prezidenti, 1965-1993-cü illərdə 7 fərqli hökumətdə Baş nazirlik postunda öz xalqına xidmət edən və Heydər Əliyevin ən yaxın dostu olmuş Süleyman Demirel haqqında çıxış edib. O, bildirib ki, Türkiyə siyasi tarixində dərin izlər buraxmış S.Demirel ölkənin iqtisadi inkişafında, demokratiyanın dərinləşməsində özünəməxsus əzm sərgiləyərək bir sıra sosial layihələrin əsasını qoyub.

Ülviyyə Poladxanlı Fransanın hərbi və dövlət xadimi, Beşinci Respublikanın banisi və ilk prezidenti olmuş Şarl De Qoll haqqında danışıb. O, Şarl De Qollun Fransanın faşistlərdən azad edilməsindən sonra bu torpaqlarda müttəfiq hökumətinin deyil, yerli  hökumətin  yaradılmasına nail olduğunu, Fransanın  taleyini  Fransız xalqının özünün həll edəcəyi məsələ olduğunu vurğuladığını sözlərinə əlavə edib. Onun  bu addımının Fransa tarixi  üçün ən mühüm hadisə hesab olunduğunu söyləyən Ü.Poladxanlı "Qollizm" ideologiyasının da bu gün də Fransa siyasətində böyük rol oynadığını qeyd edib. Ş.D.Qollun Əhmədiyyə Cəbrayılovla əlaqələrinə toxunan Ü.Poladxanlı onların yaxın dost olmalarından və bu dostluğun Fransanın SSRİ ilə yaxınlaşmasına səbəb olmasını da diqqətə çatdırıb.

Nərmin Rəcəbova isə İsrailin 9-cu prezidenti, İsrail dövləti qurulduğu gündən dövlət quruculuğunda yaxından iştirak etmiş, ömrünün 70 ilini siyasətə həsr etmiş Şimon Perez və onun keçmiş olduğu yol haqqında geniş məlumat verib. O, Oslo sülh danışıqlarının banilərindən olmuş, ömrünün son günlərinədək Yaxın Şərqdə sülhün bərqərar ediləcəyinə ümid bəsləmiş Şimon Perezin sülh proseslərinə vermiş olduğu töhfələrinə görə Nobel Sülh mükafatına layiq görüldüyünü bildirib.

Sonda Regionşünaslıq kafedrasının müəllimləri Şəfəq Mustafayeva, Elşən Məcidov, Harun Sadıqlı, Firuzə Həyatova və Həmidə Cəfərova magistrantların çıxışlarını təhlil ediblər.

Kafedranın professoru Əli Məmmədov tədbiri yüksək qiymətləndirib.