XƏBƏRLƏR

31 nömrəli məktəbdə “Zərərli vərdişlərə yox deyək” maarifləndirici tədbiri keçirilib

03 may, 2019

Azərbaycan Dillər Universiteti daim həyata keçirdiyi yenilikçi layihələri ilə diqqət cəlb edir. “Zərərli vərdişlərə yox deyək” layihəsi də məhz bu sıradan olan layihələrdəndir. Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən məcburi köçkün məktəblərində universitetin pedaqogika kafedrasının təşəbbüsü ilə IV kurs təcrübəçi tələbələrin sözügedən layihə çərçivəsində həyata keçirdikləri “Zərərli vərdişlərə yox deyək” tədbiri şagird–tələbə, müəllim-valideyn əməkdaşlığının möhkəmlənməsində əsl örnəyinə çevrilib.

“Zərərli vərdişlərə yox deyək” adı altında keçirilən silsilə tədbirlərdə əsas məqsəd, yeniyetmə və gənclər arasında maarifləndirmə işinin səviyyəsini yüksəltmək, habelə onların asudə vaxtını səmərəli təşkil etmək üçün mühüm vasitələrdən biridir.

ADU-nun pedaqogika kafedrasının əməkdaşları pedaqoji təcrübə keçirilən hər bir məktəbdə 2018-2019 tədris ilinin aprel ayı ərzində “Zərərli vərdişlərə yox deyək” mövzusu üzrə müxtəlif  məzmunlu tədbirlərin keçirilməsini nəzərdə tutub. Bakı şəhəri, Yasamal rayonu, şəhid Aslan Ağabəyli adına 31 nömrəli məktəbində ADU-nun pedaqogika kafedrasının müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Şəfiqə Tahirovanın təşkil etdiyi “Zərərli vərdişlərə yox deyək” maarifləndirici tədbiri keçirilib. Tədbir zamanı ADU-nun təhsil fakültəsinin fransız dili ixtisası üzrə təhsil alan tələbələri X.Gülnar, Q.Nərgiz, H.Nailə, Ə.Tutu, R.Aytac, Q.Aytac, A.Qızqayıt, M.Leyli (qrup 405b) xüsusi fəallıqları ilə seçilib, şagirdlərə mövzu ətrafında maraqlı məlumatlar verib, onlara biri-birindən rəngarəng təqdimatlar nümayiş etdirib və onları maraqlandıran bütün sualları cavablandırılıb.

Qeyd olunan məktəbin şagirdlərindən Q.Rauf, F.Mirzə, İ.Aysel, A.Xeyransa, Ş.Əli, S.Adil, E.Natiq, A,Fərqanə təcrübəçi tələbələrə məzmunca və intelektuallıq baxımından biri-birindən maraqlı suallar ünvanlanlayıblar.

Tədbirdə, həmçinin məktəbin fəal müəllimlərindən olan İbadova Ülviyyə, sinif kollektivi və bütövlükdə pedaqoji kollektiv adından təcrübəçi tələbələrə təşəkkürünü bildirib, ali məktəb və məktəb arasında sıx əməkdaşlığın yaranması üçün gələcəkdə də belə tədbirlərin keçirilməsini zəruri hesab edib.

Tədbirin yekununda isə, təşkilatçı Ş.Tahirova təcrübəli tələbələrə yaratdıqları şəraitə və göstərdikləri qayğıya görə məktəb rəhbərliyinə və məktəbin pedaqoji kollektivinə xüsusi minnətdarlığını bildirib.