XƏBƏRLƏR

ADU-da "Heydər Əliyev və Çin (seçilmiş müsahibələr, məktublar, çıxışlar)" kitabının təqdimatı keçirilib

02 may, 2019

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin nəzdində Beynəlxalq münasibətlər kafedrasının dosenti Rafiq Abbasovun "Heydər Əliyev və Çin (seçilmiş müsahibələr, məktublar, çıxışlar)" kitabının təqdimatı keçirilib.

Millət vəkili Aydın Mirzəzadə təqdimat mərasimində iştirak etməkdən məmnun olduğunu bildirib. O, Azərbaycan və Çin münasibətlərinin ölkəmizin xarici siyasətində önəmli yer tutduğunu qeyd edərək, bu münasibətlərin yüksək səviyyəyə qaldırılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açıb. O, əlavə edib ki, məhz ulu öndərin Çinlə münasibətləri Azərbaycanın strateji siyasəti səviyyəsinə qaldırması iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasının əsas şərtlərindən biridir. Aydın Mirzəzadə "Heydər Əliyev və Çin (seçilmiş müsahibələr, məktublar, çıxışlar)" kitabının ərsəyə gəlməsini vacib bir məsələ kimi xarakterizə edib. Onun sözlərinə görə, bu, həm indiyə kimi olan münasibətlərə yekun vurur, həm də gələcək nəsillər Azərbaycanın Çinlə münasibətlərini tədqiq edərkən bu kitaba istinad nöqtəsi kimi müraciət edəcəklər: “Kitabı gələcəkdə Çinlə münasibətlərimizə dair buraxılacaq kitablar silsiləsində çox gözəl bir nümunə hesab edirəm”.

Millət vəkili Çingiz Qənizadə bildirib ki, Çin Azərbaycanın haqq səsini müdafiə edən  ən qüdrətli dövlətlərindən biridir, Çinlə Azərbaycanın dostluq və işgüzar münasibətlərinin formalaşmasının ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə şahidi olmuşuq: “Prezident İlham Əliyev hazırda bu münasibətləri layiqincə davam etdirir. Kitab Çin dilini, iqtisadiyyatını öyrənən, ümumiyyətlə Çin haqqında məlumat almaq istəyən insanlar üçün nəzəri və praktik bir kitabdır. Hesab edirəm ki, kitab Heydər Əliyevin Çinə səfərləri dövründə müzakirə olunan məsələlərlə bağlı məlumat üçün, bu dili öyrənən dilşünaslarımız üçün vacib bir vasitədir. Çinlə Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edərək ölkə başçılarımız və xalqlarımız arasında bu mehribanlığın davamlı olmasını arzu edirəm”.

Daha sonra çıxış edən Çinin ölkəmizdəki səfirliyinin siyasi şöbəsinin müdiri Cen Hay Nin "Heydər Əliyev və Çin (seçilmiş müsahibələr, məktublar, çıxışlar)" kitabının nəşr olunması münasibəti ilə Çinin fövqəladə və səlahiyyətli səfiri Vey Jinhuanın təbriklərini dilə gətirib, kitabı ərsəyə gətirən Azərbaycan Dillər Universitetinin  nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasova təşəkkürünü bildirib.

Cen Hay Nin Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin fəaliyyətindən danışıb: “Prezident Heydər Əliyev Çin-Azərbaycan diplomatik əlaqələrinin qurucusudur. O, Çinə daim dost münasibəti bəsləyib. Heydər Əliyev prezident seçilən kimi Çinə səfər etdi və Çinin keçmiş nəsil dövlət rəhbəri Deng Xiaoping, eyni zamanda Çin hökumətinin sədri cənab Jiang Zeminlə birgə Çin Azərbaycan münasibətlərinin tamamilə yeni dövrünü başlatdı və Çin-Azərbaycan əməkdaşlığının möhkəm mənbəyini təsis etdi. Bu gün Azərbaycan Respublikası Prezident İlham Əliyevin  müdrik rəhbərliyi altında böyük inkişaf uğurları əldə edib. Çin-Azərbaycan münasibətləri səmaya ucalan böyük bir ağac kimi parlayaraq böyüyür və bu ağac Heydər Əliyevin möhkəm şəkildə yerin dərinliyinə əkdiyi  bir ağacdır. Çində belə bir deyim var: “Bir quyudan su içdikdə həmin quyunun kim təərəfindən qazıldığını  unutma”. Bu gün biz dayanmadan Çin-Azərbaycan dostluq münasibətlərini genişləndirdikdə və dərinləşdirdikdə, eyni zamanda müxtəlif sahələrdə əməkdaşlığı gücləndirən zaman keçmiş prezident Heydər Əliyevin verdiyi töhfələri unuda bilmərik. Eyni zamanda Çin-Azərbaycan münasibətlərinin daha gözəl inkişaf etməsi üçün töhfəmizi verməliyik”.

Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadə, İctimai məsələlər üzrə rektorun müşaviri Sərraf Hüseynov, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli, Beynəlxalq münasibətlər kafedrasının dosentləri Namiq Əsədov və Samirə İmanova Çinlə Azərbaycan arasındakı münasibətlərin qurulması və inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs ediblər, təqdim olunan kitabın mühüm mənbə rolunu oynadığını bildiriblər.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş kitab Heydər Əliyevin Çin Xalq Respublikasına tarixə dönmüş rəsmi səfəri zamanı Çin ictimaiyyəti qarşısındakı çıxışlara, Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin Sədri Li Penin rəhbərlik etdiyi Çin Xalq Respublikasının (ÇXR) nümayəndə heyəti ilə görüşlərindəki çıxışlara, Çinin milli bayramı münasibəti ilə keçirilən rəsmi qəbullardakı çıxışlara, tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransdakı nitqlərinə, Çin dövlət nümayəndə heyətləri, ölkəmizdəki ÇXR səfirləri ilə görüşlərdəki söhbətlərinə, həmçinin ümummilli lider Heydər Əliyevin ÇXR rəhbərləri ilə yazışmalarına həsr olunub.