XƏBƏRLƏR

“Hüseyn Cavidin “İblis” pyesində məna əlaqələri” - Professor Məsməxanım Qazıyeva yazır

02 may, 2019

Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyevanın “Hüseyn Cavidin “İblis” pyesində məna əlaqələri” yazısını təqdim edirik.

Azərbaycan mənzum dramaturgiyasının əsasını qoymuş Hüseyn Cavid ümumbəşəri mövzularda yaratdığı əsərlərdə ən kəskin konfliktləri ortaya qoymuş, onların həllini axtarmış və bu axtarışa oxucularını, daha qlobal müstəvidə götürsək, insanları cəlb etməyə çalışmış və buna nail olmuşdur. O, dramlarının hər bir tamaşaçısını, əsərlərinin hər bir oxucusunu hadisələrin episentrinə gətirərək, bu hadisələrin iştirakçısına çevirə bilmişdir. Dahi sənətkarın yaradıcılığında əksər hallarda real zamandan sonsuz keçmişə və sonsuz gələcəyə yollar uzanıb gedir, insan olmuşları və olacaqları düşünə-düşünə həqiqəti tapıb ona yönlənməyə can atır. İnsanda və həyatda baş verənlər də zaman-məkan vəhdətində mövcuddur. Ona görə də, görkəmli dramaturqun bədii məkanı da çox zaman bütün kainatı əhatə edərək üç hissəyə bölünür: yeraltı, yerüstü səltənətlər və göylər birləşdirir. Xeyirlə şər, işıqla qaranlıq daim bir-biri ilə mübarizədə təsvir olunur, xeyirə, işığa aparan yol tərənnüm və təlqin edilir.

Hüseyn Cavidin “İblis” pyesi zaman və məkan sonsuzluğu, real varlıqların həyatı, insanla şeytanın-iblisin təması, ünsiyyəti baxımından mürəkkəb sənət və mətn nümunəsidir. Əsərin mətn dilçiliyi zəminində təhlilini aktuallaşdıran cəhətlərdən biri də onun dram janrında olmasıdır. Burada bədii zamana xas olan keçmiş zaman aradan götürülür, hadisələrin indiki zamanda baş verməsi reallaşır, eləcə də, tamaşaçı (oxucu) iştirakçıya çevrilir. Hekayə, roman, povestlər üçün səciyyəvi olan müəllif-oxucu kommunikasiyası pyesdə personaj-oxucu ünsiyyəti formasını alır. Doğrudur, bu ünsiyyətdə oxucu passiv mövqe tutur, lakin onun kommunikasiya prosesinə daxili nitqlə qoşulması şübhə doğurmur. Dram janrında müəllif nitqi yardımçı xarakter daşıyır, çox zaman məkan və onda yerləşənlər təsvir olunur, surətlərin emosional vəziyyəti, öz nitqləri ilə verballaşmayan hərəkətləri qeyd olunur.

“İblis” pyesində məna əlaqələrini öyrənmək üçün mətn dilçiliyinə aid bəzi məsələləri yada salmaq lazım gəlir.

Bədii əsər ayrıca bir mətn olmaqla, mürəkkəb sintaktik bütövlərin qarşılıqlı əlaqələri əsasında formalaşır və bitkinləşir. Əsərin həcmindən asılı olaraq onun tərkibindəki mürəkkəb sintaktik bütövlərin miqdarı dəyişir və bu say birdən başlayaraq müəyyən kəmiyyətlə məhdudlaşır. Bayatı, rübai kimi bədii yaradıcılıq nümunələrində, adətən, bir mürəkkəb sintaktik bütöv olur və o, mətn təşkil edirsə, hekayə, povest, roman, pyes və dramlarda mürəkkəb sintaktik bütövlərin sayı çoxdur. Bu baxımdan mətn mikro və makromətnlərə ayrılır. “Mikrotekst və yaxud adicə tekst və mürəkkəb sintaktik bütöv nitq fəaliyyətinin digər kateqoriyaları kimi, məsələn, cümlə kimi müəyyən iyerarxik sistemə daxil olur. Başqa sözlə desək, digər linqvistik kateqoriyalarla onun arasında konkret qarşılıqlı münasibətlər zənciri qurulub. Və əslində, tekst cümləyə nisbətən daha yüksəkdə duran sintaktik yarus kimi özünü göstərir. Çünki o, cümləyə münasibətində həm struktur, həm də semantik planlarda daha mürəkkəb sintaktik qurulmuşdur” .

Doğrudan da, mürəkkəb sintaktik bütöv tərkibindəki cümlələrin sayı ilə cümləyə münasibətdə yüksək yarusa aidliyini təsdiq edir və bu, sırf struktur fərqliliyidir. Mürəkkəb sintaktik bütöv informasiya həcmi, mənanın genişlənməsi və tamamlanması nöqteyi-nəzərindən də yüksək tərtibdə yerləşməsini nümayiş etdirir. Dilin yüksək yarusunun hər bir vahidinin təşkilolunma, qurulma mexanizmi olduğu kimi, mətn vahidlərinin və mətnin də qurulma mexanizmi vardır. Mürəkkəb sintaktik bütövlər söyləmlər ardıcıllığı kimi formalaşır. Bu halda söyləmlər tema-rematik inkişafla bir-biri ilə əlaqələnir və əslində, söyləmlər ya tema, yaxud da rema xətti ilə qarşılıqlı bağlanır. “Söyləm dil sisteminin müstəqil səviyyəsidir. Bu vahid aşağı səviyyənin vahidindən – cümlədən ibarət deyildir, amma cümlənin komponentlərinin qruplaşmasından yaranır. Söyləmin struktur təşkili superseqment vasitələrin intonasiya və söz sırasının köməyi ilə əmələ gəlir” . Söyləm tema və remaya malikdir və onun bu elementindən biri növbəti söyəmlə əlaqədə iştirak edir. Söyləmlər zənciri bir mikrotema üzrə inkişaf edib qapanır. Qapanma bir mürəkkəb sintaktiv bütövün yarandığını göstərir. Bundan sonra yeni söyləmlər ardıcıllığı təzə mürəkkəb sintaktik bütövü qurur. Şərti olaraq birinci mürəkkəb sintaktik bütövü MSB1 qəbul etsək, onun ardınca gələn MSB2 olur. Mətnin bu şəkildə ardıcıl təşkili mürəkkəb sintaktik bütövlər arasında əlaqələrin qurulmasını da tələb edir və irihəcmli əsərlərdə bağlılıq ardıcıl sıralanma üzrə getməyə də bilir. İlk baxışdan informasiyanın ardıcıl daxil edilməsi qeyd olunan fikri müəyyən mənada şübhə altında qoysa da, onun doğruluğu  şübhəsizdir. Yəni irihəcmli mətndə mikromətnlər arasında qarışıq əlaqələr sistemi fəaliyyət göstərir. Müasir dilçilik tədqiqatlarında bədii mətnin mətn linqvistikası metodları ilə təhlili bu mənzərəni açmağa kömək etməklə yanaşı, onun daha dəqiq dərk olunması mexanizmini də açır.

“Mətn komponentləri arasındakı məna əlaqələri struktur əlaqələrlə çox sıx birləşir. Mətn komponentlərinin struktur qarşılıqlı əlaqələrindən kənarda qarşılıqlı məna əlaqələrinə malik olmaları təsəvvür edilməzdir. Mətnin bütövlükdə hiperteması məhz məna aspektinin qarşılıqlı şəkildə bir-birini tamamlamasının, tərkib komponentlərinin hər birinin mövzusunun digəri ilə sıx birləşməsinin nəticəsində yaranır. Mətnin tərkib komponentləri bu məna münasibətlərinə daxil ola bilirlər: Sadalama münasibəti, qarşılaşdırma münasibəti, ardıcıllıq münasibəti və eyni zamanlılıq münasibəti” .

Hüseyn Cavidin “İblis” pyesinin başlanğıc remarkasında əsas qəhrəmanlardan biri olan Arifin olduğu otaq təsvir olunur. Otağın iki gözü (pəncərəsi) vardır. Otaq və ətraf qaranlıqdır. Gözlərdən birində mələk, digərində İblis görünür. İblisin məmnun qəhərləri ilə monoloji nitqi başlanır.

“Dəryalara hökm etmədə tufan,

 Səhraları sarsıtmada vulkan.

Sellər kimi axmaqda qızıl qan,

Canlar yaxar, evlər yıxar insan...

İkinci nitq aktı və ya Mələyin monoloqu baş verən hadisələrə diqqəti cəlb edir. Hər iki monoloq eyni zamanlılıq əlaqəsi ilə birləşir. Əgər İblisin monoloqunun adresatı implisit qalırsa, Mələkdə “Ya Rəbb!” müraciəti onu eksplisit təyin edir. Hər biri dörd misradan ibarət olan monoloqlar baş verən hadisələrin dəhşəti ilə də bir-biri ilə məna əlaqəsinə girir və bununla da eyni zamanlılığı təsdiq edir. İblis vəziyyətdən məmnundursa, bu mənzərədən dəhşətə gəlmişdir. Onun birinci monoloqunun son cümləsi “İblisəmi uymuş bəşəriyyət?!” emosional sual söyləmdir. Sual Allaha da, Mələyin özünə də ünvanlana bilər. Yenidən İblisin və Mələyin dördmisralıq monoloji nitqi verilir. İştirakçıların nitqi sıralansa da, onlar dialoqa girmir. Dram əsərinə xas spesifik xüsusiyyət monoloji nitqin növbələşməsinə zəmin yaratmışdır. Kommunikasiya prosesinin unison nitqlə müşaiyəti ilə davam etməsi düzgün olmadığına görə, həm İblisin, həm də Mələyin monoloqu iki hissyə bölünmüşdür. İblisin monoqunda birinci mikrotema “Canlar yaxar, evlər yıxar insan” söyləmi ilə tamamlanır. İkinci mikrotema atəşin qaralıb dərhal daha güclü alovlanması ilə bitir. Mələyin monoloqunda ikinci mikrotemada da həyatın İblisin istəyi kimi davamı qeyd olunur. Mələk Allahdan bəşəriyyəti bəladan qurtarmağı istəyirsə, İblis bəşəriyyətin özünün bəlanın səbəbkarı olduğunu ön plana çəkir. İnsanlar özləri bir-birini məhv edirlər. Müharibənin səbəbi göstərilmir. Çünki bu səbəb informasiya kimi zəruri deyil. İnsanların fəlakət və vəhşətdə yaşamasının əsasında təkcə müharibə durmur. Səbəb insanların yalnız bir-birini deyil, yaşadıqları məkanı da məhv etməsidir. Bu, İblisin ortaya atdığı və sübut etmək istədiyi səbəbdirsə, Mələk bütün günahları insanları İblisə uymasında görür. Dörd mürəkkəb sintaktik bütövün ümumi temasında səbəb var, nəticə tamamlanmamışdır. Hadisələrin başlanğıc ardıcıllığı üzdədir, ümumi (Canlar yaxar, evlər yıxar insan) var və xüsusiyə keçid gözlənilir. İblisin məqsədi insanın daim yolunu azdığını sübut etməkdir və bunun üçün seçdiyi daha iradəli, daha çox oxumuş insan – Arifdir. Əgər o, Arifi də yolundan azdıra bilsə, öz fikrini sübut etmiş olacaqdır.

Hüseyn Cavid kainatı, bütün təbiəti üç yarusa bölür. Ən yüksək və ali hissə göylərdir, ora Allaha, onun mələklərinə aiddir. Allah gözəgörünməzdir, insanların yaşadığı məkana, yerə enmir.

“Ey varlığı yox, yoxluğu vardan daha dilbər!

Ruhum səni izlər.

Lütf et, o gözəl, çöhrəni bir an mənə göstər,

Könlüm səni özlər” .

Mələklər də gözə görünmür, lakin onlar yerə, insanların yanına enirlər. “İblis” pyesinin ilk pərdəsində Arifin yatdığı pəncərədən görünənlərdən biri Mələkdir.

Göylərlə əks olan məkan yeraltı dünyadır və bu dünyada məskunlaşanlar da görünmür. Cənnət göylərdə, cəhənnəm yer altındadır. Yerüstü dünyada şüursuz canlılar, heyvanlar və ilahilərlə onların arasında qərarlaşan insan yaşayır. İnsan hiss, nəfs və şüurdan asılı varlıqdır. Şeytan (İblis) yeraltı dünyanı təmsil edir, cənnətdən qovulmuş, lakin əvvəl mələk olmuş varlıqdır, cilddən cildə girə bilir, insanın ağlına, düşüncələrinə, qəlbinə təsir edir, İblis məğrur qəhqəhələrlə özünü Arifə belə tanıtdırır:

“Mən imdi bir atəş, fəqət əvvəlcə mələkdim,

Həm xaliqə təsbih idi, təhlil idi virdim,

İlk öncə mələklər məni təqdis ediyordu,

Adəm kimi bir sayğısız axır ləkə vurdu.

Allah ilə bir zik edilir namu nişanım”  .

Sonuncu cümlədə implisit intertekst (Allah şeytana lənət eləsin) mövcuddur. Ümumiyyətlə, “İblis” pyesində dini biliklərlə bağlılıq əmələ gətirən intertekst fraqmentlər kifayət qədər çoxdur. Eyni zamanda, mətnyaratmanın presuppozisional xüsusiyyətləri də tez-tez aşkara çıxır.

“Presuppozisiyada məntiqi nəticələrə gəlinir. Mətnyaratmada həmin pozisiyada yaranan cümlələrin məntiqi-semantik münasibətləri ön plana çəkilir. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, mətnin birliyinin ilkin korrelyatı kimi, mətnin cümlələrində bəzi semantik əlamətlərin müvafiq elementlərilə şərtlənən məna bağlılığı meydana çıxır” .

Presuppozisiya yalnız cümlələr arasındakı məntiqi bağlılığı təmin etmir, buraxılmış üzvü aydınlaşdırmır, həmçinin mürəkkəb sintaktik bütövə qədər tamamlamağa, mətndən kənarda qalan intertekstə də işarə edir. Bu halda assosiativ əlaqə cümlə hüdudlarından kənara çıxır. Yuxarıda verilmiş nümunədə ki “Adəm kimi bir sayqısız axır ləkə vurdu” cümləsi mələkdən şeytana münasibətinə aydınlıq gətirməklə cümlələrarası məntiqi məna bağlılığını yaratmaqla yanaşı, Adəmin cənnətdən qovulması intertekstini də yada salır, onunla məna və məzmun əlaqəsini qurur.

Mətn vahidləri arasındakı əlaqələr yaradan vasitələrdən biri təkrarlardır. Təkrarlar mürəkkəb sintaktik bütövün təşkilində əsaslı rol oynadığı kimi, mürəkkəb sintaktik bütövləri bağlamaqla mikrotemadan makrotemaya keçidi təmin edir. Distant təkrar bir mürəkkəb sintaktik bütöv hüdudlarında reallaşa bildiyi kimi, tam mətnin müxtəlif mürəkkəb sintaktik bütövlərinin daxilində də üzə çıxır və hər dəfə mətnin fərqli mikrotemaları arasında əlaqələr əmələ gətirir. “İblis” pyesinin əvvəlində Mələyin birinci monoloqunun birinci və ikinci cümləsindəki anaforik “Ya Rəbb!” vokativ təkrarı, İblisin nitq aktlarından sonra Mələyin sonuncu monoloqunda distant təkrara çevrilir. Pyesin sonrakı mətn fraqmenti və ya Arifin monoloqu isə belə başlanır:

“Dünyaları yoxdan yaradan, ey ulu tanrı!

Ey xaliqi-hikmət!” .

“Ya Rəbb!” – “Ey ulu tanrı” – “Ey xaliqi hikmət” semantik təkrarlar olub, Allaha müraciətlərdir. Yuxarıda verilmiş iki misradan sonra 13-cü misra (Ey varlığı yox, yoxluğu vardan daha dilbər!) da bu semantik təkrar blokuna qoşulur. Bu cümlənin işləndiyi mövqedə presuppozisiya da aşkara çıxır. Allah sözünün sinonimi olan “Rəbb”, “tanrı”, “xaliq” sözləri semantik təkrarın qeyd olunmasına əsas verirsə, “Ey varlığı yox, yoxluğu vardan daha dilbər!” müraciətinin Allaha aid olması pressuppozisiya ilə də aşkarlanır.

Arifin monoloqu real varlığın, yerüstü məkanda yaşayan insanın sonsuz göylərdə düşünülən Allaha müraciəti ilə başlanır, baş vermiş və baş verən hadisələrə münasibətlə, Allahdan istəklə tamamlanır.

Burada insanın insanların əməllərindən cana doyması, həyatdan bezməsi söyləmlərarası tema-rema münasibətləri ilə açılır. Məna zəncirvari əlaqələrlə genişlənir. Söyləmlər arasında ardıcıllıq məna əlaqəsi vardır. Məzmun əlaqələri xüsusidən ümumiyə doğru gedir, sonuncu iki misra ümumiləşdirici vahid funksiyasını yerinə yetirir.

“Hər fəlsəfə bir vəlvələ, həb dadlı xəyalət,

Yox rəhbəri-vicdan;

Sənsiz doğmaz qəlbimə, vicdanıma, heyhat,

Bir şöleyi-ürfan” .

Bu nümunədəki sonuncu iki cümlə monoloqa deyil, onu təşkil edən iki mürəkkəb sintaktik bütövdən və ya iki mikrotemadan birincisinə aiddir və ondan sonra növbəti mikrotema başlanır.

“En, gəl mənə, yaxud məni yüksəklərə qaldır,

Gəzdir qonağında;

Yerlərdə süründüm, yetişir, göylərə qaldır,

Dindir qucağında,

Qaldır məni, bir sur eləyim xoşmü, gözəlmi

Cənnətdə mələklər?

Qaldır məni, ta görməyim insandakı zülmü

Bax, yer üzü inlər.

Ya Rəbb, bu cinayət, bu xəyanət, bu səfalət

Bulmazmı nəhayət?

İnsanları xəlq etməkdə var bəlkə də hikmət,

İblisə nə hacət?!”

İnsan oğlu bu dünyanı, fani dünyanı tərk etmək istəyir və bu məqamda onun arzusu göylərə qalxmaq, cənnətə getməkdir. Bu arzunu dilə gətirərkən Arif özünü cənnətə layiq olub-olmadığı dövrdə düşünmür. Hər bir insan və ya əksər insanlara xas olan özünə müştəbehlik Arifin təbiətində də vardır. Onu rahatlıq, cənnət və cəhənnəmdəki mələklər maraqlandırır (bir seyr eyləmiş xoşmu, gözəlmi Cənnətdə mələklər). Hüseyn Cavid bu məqamda sətiraltı mənadan da istifadə etmişdir. O, Allahın yaratdığı cənnət mələklərini də öz gözləri ilə görüb qiymətləndirmək (xoşmu, gözəlmi) istəyir. Və əgər bu mələklər Arif üçün xoş və gözəl olmazsa, o, cənnəti də bəyənməyə bilər. Bu, “Qurani-Kərim”də də qeyd olunmuş insan naşükürlüyünün sətiraltı məna ilə verilməsidir. Arifin insan kimi, daha doğrusu, Allahın sevdiyi bəndə kimi kamilləşmədiyini Hüseyn Cavid onun monoloqunun son iki cümləsində nəzərə çatdırır: “İnsanları xəlq etməkdə var bəlkə də hikmət, İblisə nə hacət?!”

Arifin monoloqunda söyləmlər arasında ardıcıllıq, eynizamanlılıq, səbəb-nəticə məna əlaqələri mövcuddur. Onlar bir-birini əvəz edir, bəzən birgə çıxış edir. Müəllif mətnin təşkilində təkrarların müxtəlif növlərindən (yüksəklərə qaldır-göylərə saldır; qaldır məni), sintaktik paralelizmdən (gəzdir qonağında-dindir qucağında; bu cinayət, bu xəyanət, bu səfalət) istifadə etmişdir. Əlavə edək ki, belə paralelizmlərə digər mənbələrdə də rast gəlirik:

Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq,

Bəsdir bu dayanmaq! (M.P.Vaqif)

Akademik K.Abdullayev göstərir ki, mətn komponentləri arasındakı sadalama münasibəti mətnin elə quruluşunu nəzərdə tutur ki, bu quruluşda komponentlərin düzülüşü, ardıcıllığı heç bir rol oynamır. Buradakı ardıcıllıq öz-özlüyündə qeyri-informativdir. Bu aspektdən götürüldükdə bu münasibət ardıcıllıq münasibətinə qarşı qoyula bilər . Müəllif sadalama əlaqəsində komponentlərin sinonimliyini nəzərə alaraq, mətn daxilində onların yerlərini dəyişməyin mahiyyətcə mətnin bütövlüyünə xələl gətirmədiyini qeyd edir. Bu məsələni Arifin monoloqundakı sadalamalar əsasında nəzərdən keçirək.

Duyduqca,düşündükcə olur qəlbimə tarı

Min şübhəli illət.

Duyduqca,əvət,pərdəli hikmətləri hər an,

Min dürlü həqiqət,

Min dürlü müəmmalı həqiqət mana xəndan,

Həpsində də zülmət...

Bülbüllərin əlhanı,çiçəklərdəki əlvan

Ya şöleyi-əcram,

Olmaz şu mənim çıldıracaq könlümə əlan

Min mənbəi ilham .

Burada mətn komponentləri arasında sadalama məna əlaqələri vardır. Birinci iki misra bir sadalanan komponent strukturu təşkil edir. Lakin müəllif sonrakı dörd misranı bir struktur komponent şəklində birləşdirmişdir. Əlbəttə, bu misralar da cüt-cüt sadalama məna əlaqəsindədir. Birinci cütün son misrası (min dürlü hikmət) təkrar şəklində növbəti misranın əvvəlində işlənməklə, sadalama vahidlərinin yerini dəyişməyə imkan verir. Eyni zamanda, burada sadalama çərçivəsini pozan semantik vahid də (həpsində zülmət) mövcuddur. Nəticədə, 3-6-cı misralar ardıcıllıq məna əlaqəsi yaradır. Eyni xüsusiyyət son dörd misrada da özünü göstərir. Beləliklə, birinci iki, sonrakı dörd, eləcə də, son dörd sadalama məna əlaqəsi yaradır. 3-6-cı və 7-10-cu cümlələrdə ardıcıllıq məna əlaqəsi özünü göstərir.

Beləliklə, “İblis” pyesində mümkün məna və məzmun əlaqələrinin bütün kompleksi qeydə alınır. Bu da pyesin mətn dilçiliyi metodları ilə tədqiqində müxtəlif əlaqə vasitələrinin işlənmə xüsusiyyətlərini kompleks şəklində öyrənmək üçün maraqlı material verir.

Ədəbiyyat

  1. Abdullayev K.M. Mətn dilçiliyin müstəqil sahəsi kimi. Abdullayev K.M., Məmmədov A.Y., Musayev M.M. və b. Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər. Bakı, Mütərcim, 2012, (AMSB), s. 18-25.
  2. Abdullayev Ə. Aktual üzvlənmə, mətn və diskurs. Bakı, “Zərdabi LTD” MMC, 2011, 272 s.
  3. Abdullayev K.M. MSB-də semantik əlaqə üsulları // AMSB, s. 161-184.
  4. Cavid H. İblis // Cavid H., Cabbarlı C., Vurğun S., Müşfiq M. Seçilmiş əsərləri. Bakı, Gənclik, 1990, s. 87-171.