XƏBƏRLƏR

ADU-da “Mədəniyyət Günəşi” adlı tədbir keçirilib

07 iyun, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Bakı Amerika Mərkəzində (BAM) “Mədəniyyət Günəşi” adlı tədbir keçirilib.

“Mədəni müxtəliflik” proqramı çərçivəsində keçirilən tədbirin əsas məqsədi dünya xalqlarının zəngin mədəni irsinin öyrənilməsi və Azərbaycanda təbliği, mədəniyyətlərarası dialoq istiqamətində maarifləndirmə proqramlarının keçirilməsidir.

Tədbirdə universitetin rektoru akademik Kamal Abdulla, universitetin akademik heyəti, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, tələbələr, partnyor təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə ADU-nun dil və mədəniyyət mərkəzlərinin və “Səma” rəqs qrupunun təşkilatçılığı ilə Azərbaycan, Fransa, Hindistan, İsrail, İndoneziya, İspaniya, Koreya, Norveç, Özbəkistan, Polşa, Yaponiya, Tatarıstan, Qafqaz xalqlarının mədəniyyət nümunələri, müxtəlif rəqslər və canlı ifalar təqdim olunub.