Dillər Universiteti qapılarını öz məzunlarına açacaq
Mayın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Məzunlar Assosiasiyasının təsis konfransı keçiriləcək. Təntənəli tədbirdə ADU-nu müxtəlif illərdə bitirmiş məzunlar iştirak edərək öz təəssüratlarını bölüşəcək, bədii hissə təqdim olunacaq.
Məzunlar Assosiasiyası Azərbaycan Dillər Universiteti məzunlarının təklifi və universitet rəhbərliyinin təşəbbüsü ilə könüllü üzvlük əsasında yaradılmış ictimai və sosial təşkilatdır.
Assosiasiyanın yaradılmasında məqsəd ADU məzunlarının ümumi marağı əsasında onun üzvlərinin sosial, mədəni və işgüzar maraqlarının öyrənilməsinə və imkan daxilində ödənilməsinə səy göstərmək, məzunların harada olmasından asılı olmayaraq, onlarla əlaqə yaratmaq, vaxtaşırı görüşlər keçirməklə dünyanın bütün ölkələrinə yayılmış məzunları bir araya gətirmək, onların sahibkarlıq, işgüzarlıq, elmi və yaradıcı fəallıqlarının inkişafına təsir göstərmək, habelə üzvlərinin hərtərəfli maraqlarının daha mükəmməl şəkildə ödənilməsinə çalışmaqdır.
Assosiasiyanın ən şərəfli vəzifəsi öz məzunları vasitəsilə Azərbaycan Dillər Universitetinin nüfuzunun Azərbaycanda və dünyada daha da artmasına kömək etmək, müəllim və tələbələrə maddi və mənəvi yardım göstərmək, xeyriyyəçiliklə məşğul olmaqdır.
Assosiasiyanın fəaliyyətinin əsas istiqamətləri:
-məzunlar arasında dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması, möhkəmləndirilməsi və onların universitetin müasir həyatına cəlb edilməsi;
- tələbələr və məzunlar arasında əlaqələrin yaradılması və möhkəmləndirilməsi;
-tələbələr və müxtəlif nəsillərdən olan məzunlar arasında əməkdaşlıq ruhunun möhkəmləndirilməsi, universitetin maraq və dəyərlərinin bütövlüyünün qorunması;
- məzunların intellektual potensiallarının effektivliyinin artırılması, xüsusilə rayon məktəblərində çalışan məzunların yenidən hazırlanması və təkmilləşdirilməsi;
- məzunların və tələbələrin peşə hazırlığının artırılmasının dəstəklənməsi;
- məzunlar üçün qəbulların, təqdimatların, seminarların, banketlərin, mətbuat-konfranslarının, görüşlərin təşkili;
- Assosiasiyanın üzvlərinin yaradıcı, ixtiraçı və sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi;
Assosiasiyanın fəxri üzvləri statusu təsis edilir və bu üzvlüyə ölkənin ictimai–siyasi, iqtisadi, elmi və mədəni həyatında xüsusi xidmətləri olan məzunlar İdarə heyətinin dəvətilə qəbul edilirlər.
Universitetin rektoru tutduğu vəzifəsinə görə Assosiasiyanın fəxri üzvü olur.