XƏBƏRLƏR

“Zərərli vərdişlərə yox deyək!” mövzusunda silsilə tədbirlər davam edir

29 aprel, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Zərərli vərdişlərə yox deyək!” mövzusunda silsilə tədbirlər davam edir.

20 yanvar şəhidi Ağabəy Novruzbəyli adına Nəsimi rayonu 46 N-li tam orta məktəbdə ADU-nun Təhsil fakültəsinin fransız dili və rus dili müəllimliyi ixtisası üzrə pedaqoji təcrübə keçən 432R, 431C, 442 qruplarının tələbələri şagirdlərin bilik, bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı, onlarda müsbət əxlaqi normaların formalaşması istiqamətində aparılan tərbiyəvi işlərə də xüsusi diqqət yetirirlər.

Sağlam həyat tərzi uğrunda mübarizə sağlam cəmiyyətin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət siyasətimizin başlıca məqsəd və vəzifələrindən hesab olunan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən layihə və tədbirlər sırasında mühüm amil kimi diqqət çəkən “zərərli vərdişlər”lə mübarizə hər hansı kampaniya xarakterli məsələ deyil, dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan davamlı siyasətdir. Bu baxımdan da Pedaqogika kafedrasının müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Ş.Tahirovanın təşkil etdiyi “Zərərli vərdişlərə yox deyək” maarifləndirici tədbir dövlətin diqqət və nəzarətində olan məsələləri dəstəkləmək xarakteri daşıyır. Tələbələr hesab edirlər ki, uşaqların yeniyetməlik dövründəki mənəvi həyat problemləri daim narahatlıq doğurur. Bu dövrdə yeniyetmənin həyatında elə əsaslı dəyişikliklər baş verir ki, onun idrakının, davranışının, əqli əməyinin, yoldaşlarla qarşılıqlı əməkdaşlığının, münasibətlərinin, valideynlərlə rəftarının, emosional, estetik, mənəvi-əxlaqi inkişafının bir çox tərəfləri müəllimə sirli və anlaşılmaz görünür, bu da yeniyetmələrlə işləmək işini xeyli çətinləşdirir. Ona görə də məktəblilərlə bu səpgidə keçirilən tədbirlər, mütəmadi onlarla aparılan əxlaqi söhbətlər uşaqlarımızın düzgün inkişafına, asudə vaxtlarının səmərəli keçməsinə müsbət təsir göstərir.

Tədbir zamanı tələbələr H.Gülnarə, A.Nərminə, M.Qəmər, B.Aysel (qrup 432R), M.Cəmalə, M.Rəşad (qrup 431C), A.İradə, A.Nübar, A.Nurlana, (qrup 442) və b. şagirdlərə zərərli vərdişlərə dair lazımı maarifləndirici məlumatlar verib, biri-birindən maraqlı və rəngarəng təqdimatlar nümayiş etdiriblər. Tələbələr bir daha siqaretin, alkoqolun və cəmiyyətdə “ağ ölüm” kimi tanınan sərhəd tanımayan və bu gün beynəlxalq problemə çevrilən narkomaniyanın törətdiyi xoşagəlməz fəsadlar haqqında danışıblar, həmçinin onlara sağlam həyat uğrunda mübarizə aparmağı tövsiyə ediblər.

Tədbir zamanı şagirdləri maraqlandıran suallar  cavablandırıb və tədbirin sonunda tələbələr yaradılan əlverişli şəraitə görə məktəb rəhbərliyinə, həmçinin məktəbin pedaqoji kollektivinə minnətdarlıqlarını ifadə ediblər.